04 noyabr 2024 23:58
105

Vətənləşən Şəhriyar

Şəhriyar Vidadi oğlu Həbibi İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Lənkərandan olan bu, Vətən sevdalısı indi ürəklərdə yaşamaqla həmişə ehtiramla xatırlanır. Bu günlərə də isə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində Lənkəran şəhər Mədəniyyət Mərkəzində şəhid Şəhriyar Həbibin əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyevanın və digər rəsmilərin, AYB Lənkəran Bölməsinin sədri yazıçı-publisist Qafar Cəfərlinin, şəhidin təhsil aldığı BDU-nun humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədovun, fizika kafedrasının dosenti Zahir Səmədovun, professor Tərlan Hüseynovun, Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənovun, təhsil aldığı Osakücə kənd İ. Hüseynov adına tam orta məktəbin müəllim və şagird kollektivinin, şəhid ailə üzvlərinin, müharibə əlillərinin, eləcə rayon sakinlərinin qatıldığı tədbirdə əvvəlcə şəhidin şəxsi əşyaları və fotolarından ibarət sərgi nümayiş olundu. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səslənildi, ulu öndər Heydər Əliyevin və Vətən yolunda özünü fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova tədbirin giriş sözündə dedi:- Tariximizin şanlı səhifəsi olan 44 günlük haqq savaşımızda qələbə Vidadi kimi qeyrətli oğulların qan bahasına qazanıldı. Şəhidlərin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, heç vaxt unudulmaz və gələcək nəsillərə bir örnək olacaq.

Sonra Şəhid Şəhriyar Həbibinin mənalı ömür yoluna həsr olunan "Son ümidim" adlı qısametrajlı film izlənildi.

Çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərin qətiyyəti sayəsində 30 il düşmən tapdağında olan cənnət-məkan yurd yerimiz Qarabağın azadlığını ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söylədilər, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlərin hər cür sevgi və ehtirama layiq olduğunu dedilər.

Sonda Şəhid Şəhriyar Həbibinin anası Təranə xanım şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün şəhid anaları adından öz minnətdarlığını bildirdi, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür etdi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü