23 oktyabr 2024 15:28
240

Boks millisinin yeni baş məşqçisi müəyyənləşib

Azərbaycanın kişi boksçulardan ibarət millisinin yeni baş məşqçisi müəyyənləşib.

Boks Federasiyasından “İki sahil”ə verilən məlumata görə, yığma ötən ildən qurumda texniki direktor kimi çalışan özbəkistanlı Ravşan Xocayevə tapşırılıb.

44 yaşlı mütəxəssis Özbəkistanın boks üzrə idman ustasıdır. O, məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. Karyerası ərzində Özbəkistan, Asiya, dünya və Olimpiya çempionları yetişdirib.

2016-2023-cü illərdə Özbəkistan Boks Federasiyasının Məşqçilər Şurasında çalışıb. Beynəlxalq Boks Assosiasiyasının 3 ulduz kateqoriyalı məşqçisi olan Xocayev həmçinin Özbəkistanın əməkdar məşqçisidir. “Dostluq ordeni” ilə təltif edilib. 2016-cı ildə beynəlxalq premiyanın laureatı olub. Nəzəriyyə, metodika və idman üzrə professor elmi dərəcəsinə malikdir.

Qeyd edək ki, R.Xocayev bu postda müqavilə müddəti başa çatan kubalı Pedro Rokeni əvəzləyib.