19 oktyabr 2024 16:57
94

Rusiya səfiri ABŞ raketlərinin Filippində yerləşdirilməsini təhdid adlandırıb

Asiya ölkələri Amerikanın orta mənzilli raketlərinin Filippində yerləşdirilməsi ilə artıq özlərini təhlükədə hiss edirlər.

“İki sahil” xəbər verir ki, bunu Rusiyanın İndoneziyadakı səfiri Sergey Tolçenov TASS-a müsahibəsində bildirib.

“İddia olunur ki, onlar müvəqqətidir, amma biz yaxşı bilirik ki, müvəqqəti olan hər şey, bir qayda olaraq, daimiliyə çevrilir”, deyən diplomat əlavə edib: “ABŞ, Böyük Britaniya və Avstraliya (AUCUS) arasında nüvə sualtı donanmasının yaradılması ilə bağlı eyni üçtərəfli tərəfdaşlıq layihəsi, bizim fikrimizcə, Asiya-Sakit Okean ölkələrinin təhlükəsizliyinə də təhlükədir”.

Onun sözlərinə görə, indoneziyalı tərəfdaşlarının Rusiya tərəfinin arqumentlərini qəbul etdiyini görür: “Əlbəttə, bu regionda NATO və ya amerikalıların dediyi hər şeyi etməyə hazır olan ölkələr var, lakin ASEAN-a üzv ölkələrin əksəriyyəti, o cümlədən İndoneziya müstəqil siyasət yürüdürlər. Onlar NATO-nun bu xəttini qətiyyən bəyənmirlər. Biz bu məsələdə həmrəyik və belə bir xəttin qarşısını almaq üçün birlikdə çalışırıq".

Məhərrəm Ağalaroğlu, “İki sahil”