17 oktyabr 2024 11:47
229

AFFA-da Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

AFFA-nın inzibati binasında Misli Premyer Liqası, I və II Liqada, həmçinin Yüksək Qızlar Liqasında çıxış edən klubların nümayəndələri üçün 2025-2026-cı illər üçün lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

"İki sahil" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda iştirak edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev lisenziyalaşdırma prosesinin vacibliyini vurğulayıb, bütün klublara uğurlar arzulayıb.

Eyni zamanda iclasda UEFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin mütəxəssisi Anna Polatovska çıxış edərək, iştirakçılara UEFA-nın Klubların Lisenziyalaşdırılması və monitorinq prosesi, Azərbaycan futbol klublarının maliyyə və digər göstəricilərinin müqayisəli təhlili və qadınlar arasında UEFA Çempionlar Liqasında mübarizə aparmaq üçün lisenziyalaşdırma tələbləri barədə ətraflı məlumat verib.

İclasda aşağıdakı mövzulara aid təqdimatlar keçirilib:

- Ötən mövsümün icmalı və Klubların Lisenziyalaşdırılması Departamentinin yenilənmiş təşkilati strukturu;
- Prosesə aid rəsmi sənədlərdə və lisenziyalaşdırma üzrə qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər;
- Mövsüm ərzində təşkil olunacaq yerlərdə treninqlər və seminarlar;
- Ötən mövsümdən etibarən lisenziyalaşdırma sistemi çərçivəsində tətbiq olunan elektron portal.

Portal klublar tərəfindən sənədlərin təqdim olunması, onların qiymətləndirilməsi və prosesə aid digər məsələlər üçün nəzərdə tutulub.

İclasın sonunda klub nümayəndələrinin sualları cavablandırılıb.

Eyni zamanda, cari mövsümdən etibarən UEFA-nın yeni layihəsi çərçivəsində milli assosiasiyalar arasında lisenziyalaşdırma məsələləri üzrə təcrübə mübadiləsi proqramı təşkil olunur. Həmin proqram çərçivəsində yuxarıda qeyd olunmuş tədbirdə Qazaxıstan Futbol Federasiyasının (QFF) lisenziyalaşdırma mütəxəssisləri iştirak ediblər. QFF-nin Lisenziyalaşdırma Şöbəsinin rəhbəri Yerjan Mussabekov Qazaxıstanda tətbiq olunan lisenziyalaşdırma sistemi barədə məlumatları bölüşüb. Təcrübə mübadiləsi proqramı çərçivəsində həftənin sonunadək bir neçə görüş nəzərdə tutulub. Belə ki, AFFA və QFF əməkdaşları lisenziyalaşdırma məsələləri üzrə ətraflı müzakirə edəcək, öz təcrübələrini bölüşəcəklər.