“Paris-2024” Yay Paralimpiya Oyunlarının qalibi, parataekvondoçu İmaməddin Xəlilov “Kəpəz” komandasının məşqində olub.
Klubun mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, Gəncə idman məktəbinin yetirməsi klub rəhbərliyi, məşqçilər korpusu və futbolçularla görüşüb.
Klubun icraçı direktoru Cabir İbrahimov Azərbaycan paralimpiyaçılarının çıxışları və əzmkar mübarizəsi ilə hamıya nümunə olduqlarını bildirib. O, dövlət tərəfindən göstərilən diqqət nəticəsində idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri uğurların sayının ildən-ilə artdığını, xalqımızın qazanılan qələbələrlə qürur duyduğunu qeyd edib.
Komandanın baş məşqçisi Azər Bağırov paralimpiyaçılarımızın daim dördilliyin ən böyük yarışında uğurlar qazanaraq Azərbaycan Bayrağını yüksəklərdə dalğalandırdıqlarını deyib. Onların Parisdə də Azərbaycanı layiqincə təmsil etmək üçün böyük səy göstərdiklərini əlavə edib.
İmaməddin Xəlilov isə uşaqlıqdan “Kəpəz” azarkeşi olduğunu vurğulayıb. Komandanın çıxışına toxunan paralimpiya çempionu tarixi derbidə “Neftçi” üzərində qələbənin futbolçulara böyük motivasiya verəcəyinə inandığını söyləyib. “Həyat mübarizədir, ruhdan düşmək olmaz”, - deyən parataekvondoçu onu da bildirib ki, idmanla məşğul olduğu 7 il ərzində böyük uğur qazana bilməyib. Amma əzmkarlığı sayəsində indi qarşısına qoyduğu bütün hədəflərə çatıb.
Görüşün sonunda İmaməddin Xəlilova “Kəpəz”in forması hədiyyə olunub.