Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Namibiya, Toqo, Burkina Faso, Komor adaları, Çad, Lesoto, Nigeriya, Madaqaskar və Esvatini Milli Olimpiya komitələrinin rəsmiləri ilə görüş keçirilib.
MOK-dan “İki sahil”ə verilən məlumata görə, görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq idarənin müdiri Anar Bağırov, Gənclər İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov və MOK-un mətbuat xidmətinin rəhbəri Murad Fərzəliyev iştirak ediblər.
Çingiz Hüseynzadə qonaqları salamlayaraq belə böyük nümayəndə heyəti ilə dəyirmi masa ətrafında görüşdən məmnunluğunu bildirib.
Baş katib Azər Əliyev çıxış edərək Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafından, dövlətimiz tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan söz açıb.
MOK-un Beynəlxalq Proqramlar idarəsinin müdiri Anar Bağırov qonaqlara Azərbaycan idmançılarının qazandığı mükafatlar barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan idmançıları Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunları və digər nüfuzlu beynəlxalq yarışlarında yüksək naliyyətlər qazanıblar. Bunun nəticəsidir ki, ölkəmiz tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib.
Komor adlarının Millli Olimpiya Komitəsinin baş katibi Hilmi Abud Said, Toqo Milli Olimpiya Komitəsinin prezidenti Deladem Akpaki, Namibiya Milli Olimpiya Komitəsinin prezidenti Abner Axel Xoagub çıxış edərək bildiriblər ki, ölkəmizə səfərləri zamanı burada olan idman infrastrukturu Afrika qitəsindən olan rəsmilərin diqqətindən yayınmayıb.
Onlar vurğulayıblar ki, Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı yüksək nailiyyətləri barədə kifayət qədər məlumatları var və əldə olunan medallar ölkəmizdə idmanın inkişafının göstəricisidir.
Afrika qitəsindən gələn MOK rəsmiləri Azərbaycan Milli Olimpiya Komitəsi və Gənclər İdman Nazirliyi ilə idman sahəsində əməkdaşlığın gələcəkdə böyük səmərə verəcəyini söyləyiblər. Qonaqlar fürsətdən istifadə edib, ölkəmizdə səmimi qarşılanmaya görə öz təşəkkürlərini bildiriblər.