Bu cür sifarişli kampaniyalar aparanlar unudurlar ki, iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi çoxdan bir ölkənin problemi olmaqdan çıxıb. Bu, Yer kürəsində yaşayan hər kəsin problemidir və təcili addımlar atmağı tələb edir
Hazırda bütün dünyanı narahat edən ən vacib problemlərdən biri iqlim dəyişiklikləridir. Bu problem qlobal xarakter alıb və bəşəriyyət üçün əsas çağırışa çevrilib. Eyni zamanda, dünya birliyi başa düşür ki, iqlim dəyişikliyinin səbəb olduğu fəsadların aradan qaldırılması, həll yollarının tapılması birlik, həmrəylik tələb edir. Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) mühüm əhəmiyyət daşıyır. Bu beynəlxalq tədbir bütün dünyadan dövlət və hökumət rəhbərlərini, tanınmış şirkətlərin rəhbərlərini, ekspertləri, bir sözlə, 100 minə yaxın iştirakçını bir araya gətirir.
Məlum olduğu kimi, bu il mötəbər tədbirə Azərbaycan ev sahibliyi edir. Buna görə də ölkəmiz dünyanın diqqət mərkəzindədir. Bakı tədbirə yüksək səviyyədə hazırlaşır, müxtəlif səviyyələrdə müzakirələr aparır, təkliflər, təşəbbüslər irəli sürür. Azərbaycanın COP29 sədrliyinin nəticəli olacağı, tədbirin tarixində iz buraxacağını indidən söyləmək olar. Çünki Bakının ev sahibi olduğu bütün tədbirlər, eyni zamanda, müxtəlif platformalardakı sədrliyi çox uğurlu və yaddaqalan olub.
Təəssüf ki, Azərbaycana qarşı istənilən məsələdə qeyri-obyektiv, qərəzli mövqe tutan bəzi qüvvələr bu mövzuda da eyni mövqe sərgiləyirlər. Təbii ki, COP29 tədbiri yaxınlaşdıqca anti-Azərbaycan mərkəzlərin və onlarla əlbir olan erməni lobbisinin fəallığının artacağı gözlənilən idi. Rəsmi Bakıda artıq belə cəhdlərə qarşı immunitet də formalaşıb. Məsələn, 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunları, 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları, həmçinin Formula 1 yarışları, “Eurovision - 2012” musiqi yarışması kimi mühüm tədbirlər ərəfəsində də oxşar cəhdlərin şahidi olmuşduq.
Maraqlıdır ki, adətən belə tədbirlər ərəfəsində beynəlxalq güclər öz oyunlarını oynamaqla yanaşı, həm də Ermənistan “kartından” istifadə edirlər. Görünən odur ki, nə Ermənistan, nə də ondan alət kimi istifadə edən havadarları Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə, o cümlədən COP29-a ev sahibliyi etməsini qəbul edə bilmirlər. Çünki bu, rəsmi Bakının beynəlxalq aləmdə artan nüfuzundan, etimadından xəbər verir. Bu günlərdə Ermənistan XİN-in Azərbaycanın COP29-dan guya Ermənistana hücuma hazırlıq məqsədilə “tüstü pərdəsi” kimi istifadə etdiyini iddia edərək, Azərbaycana COP29-la bağlı səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı da təəssüf doğurur. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Ermənistanın hərbiləşdirilməsinə bəraət qazandırması və Azərbaycandan iddia olunan təhdidlər barədə söylədiyi fikirlərə dair şərhində belə bildirilib. Bildirilib ki, erməni tərəfinin bu problemlərə məhəl qoymamaq məntiqi onu göstərir ki, bu ölkə davamlı sülhdə maraqlı deyil və gələcəkdə Azərbaycana qarşı növbəti dəfə təcavüzə başlamaq üçün bu vəziyyəti ehtiyat variant kimi saxlamağa çalışır: "Ermənistan ziddiyyətli bəyanatlardan, təxribat xarakterli addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etdiyini öz fəaliyyəti və real addımları ilə nümayiş etdirməlidir". Daha əvvəl Qərbi Azərbaycan İcması da (QAİ) Fransa və Ermənistanın riyakarlığı barədə bəyanat yaymışdı. Ölkələrində insan haqları kobud şəkildə pozulur, söz və mətbuat azadlığına əməl olunmur. Ancaq əvəzində digər ölkələri hədəfə alırlar. Məsələn, Fransa və ABŞ-də dini ayrı-seçkilik, o cümlədən islamofobik meyillər getdikcə güclənir. Polislər, demək olar, toplaşmağa icazə vermirlər. Adıçəkilən Qərb ölkələrində hüquq-mühafizə orqanlarının zorakılıqları fərqli ölkə KİV-inin manşetlərindən düşmür. Bu, o deməkdir ki, Qərb ölkələri öz standartlarından yalnız digər ölkələri idarə etmək, başqa sözlə desək, manipulyasiya məqsədilə istifadə edirlər. Yeri gəlmişkən, xatırladaq ki, COP29 ərəfəsində Ermənistanın hərbi təxribatları da intensivləşib. Bu da təsadüfi deyil. Qərb ölkələrinin təsiri altında olan Ermənistan bu yolla COP29 ərəfəsində bölgədə süni gərginlik yaratmaq, o cümlədən Bakıya gəlməsi gözlənilən rəsmi şəxsləri bu səfərdən çəkindirmək istəyirlər.
Bu cür sifarişli kampaniyalar aparanlar unudurlar ki, iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi çoxdan bir ölkənin problemi olmaqdan çıxıb. Bu, Yer kürəsində yaşayan hər kəsin problemidir. Vəziyyətə qısa nəzər salanda, onun nə dərəcədə ciddi olması ortaya çıxır. Belə ki, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun son qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən istilik effekti yaradan qazların - karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-fülor birləşmələrin konsentrasiyasının artması ilə birbaşa bağlıdır. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel (İPCC) tərəfindən təqdim edilmiş məlumata görə, sənaye dövrünü əhatə edən son 250 ildə atmosferdə məhz karbon qazının ümumi miqdarı 28 faiz, metanın miqdarı isə 60 faiz artıb. BMT-nin hesabatında göstərilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Ekspertlərin ehtimallarına görə, əgər Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Müəyyən olunub ki, temperaturun artması okeanda suyun 1000 metr dərinliyinə qədər hiss olunurdusa, indi bu rəqəm 2000 metrə enib. Bu da isti axınların daha da qızmasına səbəb olur. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı 21-ci əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə kimi iqlim dəyişmələrini göstərib. Mütəxəssislərin fikrincə, gələcəkdə qlobal istiləşməni minimuma endirmək səyləri uğurlu olsa belə, dəniz səviyyəsinin artması, okean istiliyinin və turşululuğunun yüksəlməsi kimi neqativ təsirlərin müəyyən hissəsinin əsrlər boyu davam edəcək. Qlobal istiləşmə ilə mübarizənin ən mühüm mərhələlərindən biri 2015-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin 21-ci Konfransında qəbul edilmiş Paris İqlim Sazişi olub. Bu sazişin əsas məqsədi qlobal orta temperaturun artımını sənayedən əvvəlki səviyyədən 2°C-dən xeyli aşağı məhdudlaşdırmaq, temperatur artımını 1,5°C-ə qədər məhdudlaşdırmaq idi.
Dünyanın bir parçası olan Azərbaycan iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə aktiv rol oynayır. Ölkəmiz həm beynəlxalq konvensiyalara qoşulmaqla, əhəmiyyətli təşəbbüslər irəli sürməklə, həm öz yaşıl gündəliyini inkişaf etdirməklə öz töhfəsini verir. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalayıb və həmin ilin oktyabr ayında ratifikasiya edib. Məhz Paris Sazişinin 4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası 2015-ci ilin oktyabrında BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə özünün “Milli səviyyədə Müəyyən edilmiş Töhfələr” (NDC) sənədini təqdim edib və qlobal miqyasda iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq, 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyalarının (İEYQ) 35 faiz həcmində azaldılmasını hədəfləyib. 2021-ci ildə Qlazqo şəhərində keçirilmiş COP26-da isə 2050-ci ilə qədər 40 faiz azaldılmanı hədəf kimi götürüb.
Bir sözlə, iqlim dəyişikliyi ilə bağlı vəziyyət həddindən artıq narahatedicidir. Bu baxımdan COP29 mühüm əhəmiyyət kəsb edir. Dünyanın iqlim dəyişmələrinin fəsadlarından çıxış yolu axtardığı, COP29-a böyük ümid bağladığı bir vaxtda anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən Ermənistan və onun havadarları nəyəsə nail olmayacaq. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın COP-la bağlı gündəliyi proqnozlaşdırıla bilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir. Azərbaycan təkcə təşkilati baxımdan işlər görmür, mahiyyət baxımından da təşəbbüslər irəli sürür, inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyir. Bütün bu fəaliyyətin, sərf edilən əməyin bəhrəsi isə özünü COP günlərində və əldə ediləcək nəticələrdə göstərəcək.
Sevinc Azadi, “İki sahil”