10 oktyabr 2024 23:57
449

Vətənə sevgi nümunəsi...

Dağlar diyarı Lerik rayonunda  İkinci Qarabağ müharibəsində canını Vətənə fəda edən iki zəfər şəhidinin- Cavanşir Namiq oğlu Həmidlinin və Babazeynal  Maqsud oğlu Babazadənin  anım günləri adlarına layiq keçirildi. Təşkil olunan mərasimlərə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, müharibə veteranları, digər yerlərdən gəlmiş qonaqlar, şəhid ailə üzvləri qatılmışdı. Mərasim iştirakçıları Vətən sevdalıların məzarları önündə ehtiramla baş əydilər, onlara təzə güllərdən çələng hördülər. Çıxışlarda hər iki şəhidin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan iftixarla danışdılar və onların qısa, lakin olduqca şərəfli həyat yolları gələn nəsillərə örnək olacağını bildirdilər.

Çətin gündə sinəsini Vətənə sipər edib ömrünün 23-cü ilində adını  yeni, şanlı tariximizə  yazan  Cavanşir Həmidli    Lerik rayonunun Çayrud kəndində boya-başa çatıb. Bu vətənpərvər gənc  2019-cu ildə Lənkəran Dövlət  Universitetini bitirib  Vətən qarşısında borcunu yerinə yetirmək üçün  ordu sıralarına  gedib. Cavanşir Həmidli Milli Ordunun "N" saylı "Həmlə" Əlahiddə Əməliyyat Taborunun xüsusi təyinatlısı kimi təlimlərə qatılaraq hərbi texnikanın və döyüş silahlarının istifadəsini mükəmməl  öyrənib. Amalı da 30 il Qarabağımızı əsarətdə saxlayan yağının ilan başını döyüş meydanında əzmək olub. 

İkinci Qarabağ müharibəsi başlananda  Cavanşir də taboru  ilə birgə  cəbhə xəttində  yerini alıb. Tərtər-Ağdərə istiqamətində Talış və Suqovuşan yaşayış məntəqələrinin, bir sıra strateji yüksəkliyin  alınmasında böyük  fədakarlıq və şücaət göstərib. Düşmənə ciddi itki verməklə,  öz həyatını təhlükəyə ataraq bir neçə yaralı əsgər yoldaşını  döyüş zonasından  çıxarıb.  Neçə-neçə ağır sınaqdan üzüağ çıxan Cavanşirin son döyüş yeri Cəbrayıl rayonunun Nüzgar kəndi olub. Burada ağır müharibə meydanında Vətən eşqli ürəyi düşmən gülləsinə tuş gəlib. Ölməzliyə qovuşan qəhrəman dövlət tərəfindən “Vətən uğrunda” və Füzulinin, Cəbrayılın azadlığına   görə  medalları ilə təltif edilib.

Adı özündə bütöv bir xalqın qəhrəmanlıq simvolunu yaşadan, igidliyi, mərdliyi dillərdə dastana dönən, “İgidliyə görə”, “Vətən uğrunda”, Suqovuşanın, Laçının azadlığına görə medallara layiq görülən Babazeynəl  Babazadə 2001-ci ilin iyulun 3-də Lerikin Amburdərə kəndində anada olub. Doğma  Azərbaycanın hər qarışını canından artıq sevən Babazeynəl özünü biləndən  işğalçı düşməndən qisas alacağı günü gözləyib. Ordu sıralarına da məhz bu amalla gedib.  Vətən müharibəsinin ölüm-dirim savaşlarında yağıya qənim kəsilib.  Hər döyüşünə yağıya nifrət hissi ilə başlayıb. Qələbəmizə ürəkdən inanan igid əsgər erməni dığalarının çoxsaylı canlı qüvvəsini, hərbi texnikasını məhv edib.   Ağdərə rayonu uğrunda gedən şıddətli döyüşlərdə böyük şücaət göstərərək şəhadətə yetib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü