Cəlilabadda dəmir dövrünə aid məişət əşyaları aşkarlanıb

10 oktyabr 2024 08:47
416

Cəlilabad rayonunda dəmir dövrünə aid məişət əşyaları aşkar olunub.

Bu barədə yerli tarixçi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının baş müəllimi, arxeologiya üzrə doktorant Ələsgər Mirzəzadə məlumat verib. Onun sözlərinə görə, tapıntılar rayonun Uzuntəpə kəndi ərazisində təsərrüfat işləri zamanı üzə çıxıb. Tarixçi qeyd edib ki, maddi-mədəniyyət nümunələri sözügedən universitetin tələbələrdən biri tərəfindən təhsil müəssisəsinin muzeyinə təhvil verilib.

“İki sahil” xəbər verir ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin "Report"un yerli bürosuna verdiyi məlumata görə, tapıntılar eramızdan əvvəl VIII-VII əsrlərə, dəmir dövrünə aid Muğan arxeoloji mədəniyyətinə məxsus maddi mədəniyyət nümunələridir: "Bu maddi mədəniyyət tapıntılarının ilk nümunələri XX əsrin 30-cu illərində Bakı-Ələt-Astara dəmir yolu xətti çəkilərkən Cəlilabadın indiki Uzuntəpə kəndi ərazisində, Azərbaycanın tanınmış arxeoloqu İsa Cəfərzadə tərəfindən aşkar edilib. İlk dəfə elmə Muğan mədəniyyəti adı ilə daxil olunub. Hazırda tapıntılar aşkarlanan yerdə kompleks arxeoloji tədqiqat işlərinin aparılmasına ehtiyac var".