(İntiqam Yaşarın “Gədəbəy hoykuları” üzərinə bir neçə söz)
Deyirəm, nə qəribədir: iki-üç gün öncə iş yoldaşlarımızla günorta gəzintisində haykulardan söz düşmüşdü; Asiya ruhaniyyatı, fəlsəfəsi və kulturolojisini yaxşı bilən, yaddaşı güclü mötəbər iş yoldaşımız, rəhmətlik ELÇİNin çevrisində illər öncə oxuduğu bir neçə haykunu əzbər söylədi və qərəlində, kıvamında yorumlarda bulundu; indi budur, “Ədəbiyyat Qəzeti” bizim yeni nəsil şairlərindən İntiqam Yaşarın ilk haykularını yayımlayıb (https://edebiyyatqazeti.az/news/poeziya/14902-gedebey-hoykulari). Nə gizlədim, dərhal həmin mötəbərlə bölüşdüm; o da lütf edib oxudu və iki cümlə yazdı: “Fikirlər hayku üçün çox mürəkkəbdir, düşünürəm. Hayku daha sadə olur...”
Bu yazı İntiqamın ilk haykuları, iş yoldaşımın iki cümləlik rəyi üzərinə hasil oldu…
Bəli, bir ədəbi biçim öz yurdundan çıxanda onun nəfəsi, ritmi, hətta bəlkə başqa nəsnələri də dəyişmiş ola bilir.
Sakit okeanın qıyısındakı uzaq adalarda – Gündoğar ölkədə yaranıb yüzillərin poetik yaddaşından süzülən haykunun səs-sorağı gəlib Azərbaycanın günbatarında, dəli Kürdən xeyli yuxarılardakı dağlarda yankılana bilməzdimi? – İntiqamın ilk haykuları bir yığın suala cavab bulma çabası kimi görünürmü ola?..
Bəs yapon şairinin doğaya baxan gözləri Gədəbəyin quzeyində iyul qarını, dağların arasından qalxan tüstünü, alaçığa dəyən narın yağışı, şehli çəmənliyi, bulağı, kəhər atı görsəydi, nə deyərdi görəsən?
Gəlin sualı tərsinə qoyaq:
Azərbaycan şairinin gözü yapon haykusunun minillik estetik yaddaşından keçib öz dağlarına baxsa, nə görərdi?
Budur, İntiqam Yaşarın “Gədəbəy hoykuları” bu iki uzaq coğrafiya arasında kiçik, iddiasız, amma düşündürücü bir poetik körpü təsiri bağışlayır. Belə körpülər daha öncələr və günümüzdə olmayıbmı? – Olub, əlbət, var, əlbət! Ancaq nə körpülərin çoxluğunun ziyanı var, nə də mövcud körpülər yetərlidir… Bəlkə bizim bayatıdan haykuya (yaxud tərsinə) təsirlənmələrin olub-olmaması öyrənilə bilər; olsun, yaponun 3, bizim 4 misraya sığdırdığımız poe-fəlsəfi yük, örnəyi şotlandın 5 misralıq sonetinə sığır?.. İnsanoğlu şeiri söz-söz, misra-misra, bənd-bənd böyüdüb bəlkə?.. Bəlkə insanın az, boş ərazilərin çox olan vaxtları daha böyük poetik mətnlər yaranırmış və inkişaf sürətləndikcə, genişləndikcə, kiçilmələr, ixtisarlar zəruri qılınıb?.. – Qoy, akademiyalar, ədəbiyyat, mədəniyyət-sənət ocaqları bu mövzuya talib olsun, biz isə qayıdaq İntiqamın “Ədəbiyyat Qəzeti”ndə çıxan (özünün “hoyku” dediyi) haykularına.
Bəli, filoloji dürüstlük tələb edən bir məsələ var. – Bunlar haykudurmu?
Klassik yapon haykusunun yığcamlığı, doğa olaylarını bir anda tutması, gələnəksəl 5–7–5 mora – yəni üç misrada 5–7–5 ritmik vahid üzrə qurulan yığcam poetik biçim (ən yaxın anlayışla desək, heca)
quruluşu və mövsüm duyumu onun tanınan əlamətlərindəndir; lakin haykunun başqa dillərdəki yaşamı (yaşayışı) çoxdan göstərib ki, bu tür yalnız heca-mora sayımından ibarət deyil; forma başqa dilə keçəndə onun ölçüsündən çox estetik prinsipləri daşına bilir.
Bu baxımdan “Gədəbəy hoykuları”nı klassik yapon haykusunun Azərbaycan dilində dəqiq təkrarı kimi təqdim etmək doğru olmazdı.
İş yoldaşımdan gətirdiyim irad da əsaslı səslənə bilər: “Fikirlər hayku üçün bir qədər mürəkkəbdir; hayku daha sadə olur”. – Doğrudurmu? – Yanlış deyil. Amma bəlkə elə buna görə müəllif silsilənin adını “hayku” deyil, “hoyku” qoyub?
Əgər bu adlandırma şüurlu poetik jestdirsə, bir hərfin dəyişməsi kiçik görünür, yaratdığı məsafə isə böyükdür: müəllif sanki Yaponiyadan aldığı formanı olduğu kimi mənimsəmir, onunla öz dilində danışır…
Başqa sözlə, burada haykunun təqlidindən çox, hayku yaddaşının yerli poetik təfəkkürdə transformasiyasından (dəyişimə və keçidindən) danışmaq mümkündür.
Bəs yaxşı əgər sadəlik və mürəkkəblik məsələsinə yeni vurğu etsək, daha nələri deməliyik?
Bəli, haykunun sadəliyi qətiyyən bəsitlik sayılmamalıdır.
Onun böyük gizəmi odur ki, çox vaxt mürəkkəb fikri mürəkkəb söyləmir. Olayı göstərir və çəkilir; hökmü oxucu verir. – Yaponlar monarxiyanı yaşatsa da, ədəbi yaradıcılıqda monarxlıq eləmir, daha çox spikerlik edir… – Yəni hər kəsin (obrazların) yerinə müəllif özü danışmır, qəti hökm vermir, qəhrəmanlarını danışdırır, oxucunu düşüncəyə (iştiraka) cəlb edir və s…
İntiqam Yaşarın bəzi “hoyku”larında da yaponların hayku yaradıcılığında öndə gələn fəlsəfi-kulturoloji qat işləkdir.
“Qəbiristanlıq,
Bütün gözlər önə dikilib,
Geriyə baxan yoxdur”. –
Bax, burada ilk baxışda sadəcə qəbiristanlıq görüntüsü var – elə deyilmi? – ancaq “geriyə baxan yoxdur” ifadəsi həmin görüntünü ontoloji anlam qatına keçirir.
Yəni ölüm haqqında danışılmır;
fanilik barədə mühazirə oxunmur; hətta “Eh, bu dünya gəldi-gedərdir” deyilmir.
Sadəcə – “geriyə baxan yoxdur”...
Bax, burada fikir özü danışmağa başlayır…
Başqa bir görüntü:
“Qoca baba,
Ayaqları sözünə baxmır,
Əkdiyi ağac əlindən tutub”…
Bu, artıq klassik haykunun, necə deyərlər, təmkinli sadəliyindən bir qədər uzaqdır. Burada metafor daha açıqdır, insanlaşdırma güclüdür, fikir öncədən poetik şəkildə təşkil olunub. Lakin görüntünün arxasında qədim bir mədəniyyət kodu dayanır:
əkdiyin bir gün sənin əlindən tutar.
(Hətta, Peyğəmbərə aid edilən ünlü hikmətdə deyildiyi kimi “sabah qiyamət qopacağını bilsəniz, bu gün bir fidan dikin”)…
Bəli, insanoğlu ağac əkir, zaman keçir, ağac böyüyür, əkən qocalır və doğanın bir parçasına dönüşmüş ağac oğlu ağac belə, gün gəlir, onu əkənin dayağına çevrilir.
Beləcə, üç misralıq mənzərədə insan–doğa münasibətinin bütöv çevrəsi tamamlanmırmı?..
Gündoğarın baxışı bəlli… İntiqamın haykuları isə yurdumuzun günbatarındakı dağlar qoynunda gün üzü görüb…
Yapon estetik düşüncəsinin ən ilginc özəlliklərindən biri doğaya insan varlığının davamı kimi baxmasıdır.
Azərbaycanın gələnəksəl dünyaduyumunda da doğa insandan qıraq sanılmır. Örnəyi: “Ağac yaxın, daş doğmadı, adamdan Akif Səmədə”…
Digərlərindən fərqli olaraq bizim dədələrimiz yaradılışın ilkinində ilk sevgilini (qızı) görklü ağacın bağrından çıxardır…
El dilində Dədə palıd deyirik, Ana ağac deyirik…
Dağ yalnız dağ, bulaq yalnız su, ağac da yalnız ağac sanıldısa dünya adiləşməzmi? Ustad Məmməd İsmayıl “Qoymayın dünyanı adiləşməyə” demirdimi?
“Bulaqlar, bulaqlar,
bol sulu bulaqlar,
Özünüz, özünüz su içmədiniz.
Ağaclar, ağaclar,
bar verən ağaclar,
Meyvə yemədiniz, yarpaq dərmədiz.
Ah, Günəş,
ah, Günəş, hələ sən,
hələ sən...
Səni nə isidər?
Çiçəklər, çiçəklər,
nə qoxlarsınız?
Yağışı üstünə yağmayan buludlar,
bəs sizi kim duyar,
bəs sizi kim ağlar?..
Bir də mən, bir də mən –
Ömrünü özünə çox görən”...
-demirdikmi bəs?..
Görün, sözümüz-sovumuz hardan haraya axın etdi…
Çən, qar, çəmən, at, alaçıq – bunların hamısı ulusun yaddaşında məişətdən mifə, folklordan poeziyaya uzanan anlam daşıyıcılarıdır.
Ona görə Sakit okeanın qıyısındakı estetik duyumla bizim yuxarı dağların poetik doğası arasında ilk baxışda görünməyən bir qohumluq yaranır.
Biri doğaya baxaraq insanı duyur, digəri insana baxaraq doğayı danışdırır.
İntiqam Yaşarın silsiləsində də doğa passiv fon kimi çıxış etmir:
tüstü yorulur;
dağlar yol gözləyir;
ağac qocanın əlindən tutur;
alaçıqlar bir-birini salamlayır;
kəpənək daşın üstünə qanadının rəngini xatirə qoyur…
Deyirəm, bax, bu artıq coğrafiyanın (akademik demiş), antropomorflaşması, yəni insaniləşməsidir – Gədəbəy insan kimi nəfəs almağa başlayır…
“Gədəbəy hoykuları”nda diqqəti çəkən əsas keyfiyyətlərdən biri də, belə demək olarsa, kadr prinsipidir.
Sanki şair uzun şeir yazmır, əlində “görünməz fotoaparat”, könlünün sərəncamında isə Səttar Bəhlulzadə fırçasını tutma coşğun diləyi… dağları gəzir.
Bu kadra baxın bircə:
axşam və kənd işıqlarına boylanan meşə sükutu…
İkinci kadr:
əlində sarı zənbillə kəndə gələn Günəş…
Üçüncü kadr:
dumana sarı yorğun-yorğun gedən tüstü…
Dördüncü:
özünə sığınaraq yumağa dönmüş it.
Beşinci:
açıq pəncərəsi ilə dərdindən əl açmış kimi görünən yiyəsiz ev.
Bu anlamda silsilə poetik fotoqrafiyadır, Səttar Bəhlulzadənin “Torpağın arzusu, “Kəpəzin göz yaşları”, “Qız bənövşəyə gedən yol”undan alınan ilhamın, zövqün poetikləşdirilməsi, haykulaşdırılması cəhdidir...
Dahi rəssama Tanrıdan rəhmət, gənc İntiqama möhkəm cansağlığı diləklərimizlə dönək fotoqrata…
Fotoaparat gördüyünü saxlayır, şair isə gördüyünün içində görünməyəni oyadır. – Fotoqrafiya ilə poeziya arasındakı fərq də bax, elə bu olsa gərək…
Bəs iyulda qar həncəridir – iyulda qar?.. – Silsilədə mənə ən çox hayku duyumunu xatırladan məqamlardan biri budur:
“İyuldur,
Qüzeydə qar var,
Ətrafında tənbəl çiçəklər…”
Burada böyük iddia varmı? – Yox.
Heç fəlsəfi hökm də yoxdur.
Ancaq olay var… İyul var… Qar var… Siz iyul qarına baxmayın, iyula baxın – orada çiçək var axı, çiçək. Mən burada Oljas Süleymenovun “İyulda qar”ını xatırlatmaq istəməzdim – poetik fakturası xeyli başqadır. – Lakin mənə elə gəlir şair istisi başdeşən yay günündə birdən bir əyri-üyrü hasarın üstünə iri ağ hərflərlə QAR yazılmasını elə işləyər… oradan şəhərə sərinlik yayılardı… Oljasın (qazaxın!) qarı əriməyən dağları da, qızmar çölləri də Gündoğara daha yaxındır və o, hayku yazmayıb, bizim gözlədiyimiz yayda qış sərinliyini isə bir başqa cür işləməyi uyğun bilib – ustad ustadırsa doğru yapar ya…
“Hasarın üstünə cızılıb bir söz – QAR. Həmin o xətdir, həmin o təbaşir, Dünən tamam başqa şeylər yazırdı... Bu gün isə qəfildən, sadəcə – QAR.
Yeniliyi ilə diksindirdi bu söz,
Sadəliyin doğurduğu heyrətlə”…
Qayıdaq yenə bizim İntiqamın olay, iyul və qarına – üçü bir yerdə doğanın kiçik paradoksunu yaradır.
Haykunun ruhuna yaxın olan da bəlkə elə budur: şair doğanı izah etməyəndə doğanın özü şeirə çevrilməzmi ola?..
Gədəbəyin qüzeyində iyulda qalan qar yapon poeziyasının mövsüm həssaslığı ilə uzaqdan-uzağa səsləşir. Coğrafiyalar ayrı, təbiətin insan ruhunda yaratdığı heyrət isə ortaqdır. – Bəs nənənin örpəyindəki çəmənlik? – Silsilənin son görüntülərindən biri özəlliklə zərifdir:
“Nənə eynəyini silir,
Örpəyindəki çiçəklər rənglənir,
Çəmənlik ruh oxşayır”.
Bərəkətli Gədəbəy torpağının İntiqamdan çox illər öncə ün qazanmış şair oğlu, rəhmətlik İlyas Tapdığın uşaq şeirlərindən biri yadıma düşdü:
“Nənənin evində gəbə var.
Gəbənin üstündə
dəvə var,
Dəvənin belində
təpə var,
Təpənin üstündə
nəvə var.
Dəvənin yunundan toxunur gəbələr,
Dəvənin üstündə dayanır təpələr,
Təpələr üstündə oynayır nəvələr.”
Rəhmətliyin də, İntiqamın da
yazdıqlarında artıq doğayla mədəniyyətin sınırı itir.
Çəmənlikdə çiçək var.
Nənənin örpəyində çiçək var.
Birincisini doğa yaradıb, ikincisini insanoğlu.
Lakin şairin baxışında hər ikisi eyni mənzərənin içindədir.
Bu, kiçik bir mədəniyyət (“kiçik” və “mədəniyyət”i bir cümlədə işlətmək qüsur sayılmazsa…) çevrəsidir:
doğa – insan – sənət – yenidən doğa...
Nənənin örpəyindəki çiçək çəmənliyin mədəni yaddaşıdır sanki...
Deyirəm, bəlkə “Gədəbəy hoykuları”nın filo-kulturoloji dəyəri elə buradadır…
Gəlin bir daha “hayku yoxsa hoyku?” sualına deyinək.
Tür baxımından bu mətnlərin hamısını klassik hayku adlandırmaq çətindir.
Bəzilərində metafor çoxdur; bəzilərində fikir görüntünün önünə keçirmiş kimi gəldi mənə.
Bəzilərində gənc şair doğanı sadəcə izləmir, gözətləmir, onu danışdırır, anlamlandırır, hətta kiçik pritçaya, içsəsə yaxınlaşdırır.
Bu anlamda, bəlli “hayku daha sadə olur” iradının filoloji əsası vardır.
Ancaq həmin fərq silsilənin qüsuru olmaq zorunluluğunu daşımır.
Çün qarşımızda yapon haykusu yox, Azərbaycan “hoyku”su dayanırsa, artıq onu yalnız başlanğıc türün qəlibi ilə ölçmək yetərli olmaya bilər.
Mədəniyyətin ən ilginc olayları, toxunuşları bəzən elə belə yaranır:
forma bir ulusdan gəlir,
ruh başqa coğrafiyaya düşür…
dil onu özününküləşdirir,
yerli yaddaş isə ona yeni məzmun verir.
Sakit okeanın təlatümlü qıyılarından qalxan bir ədəbi ritm Qafqaz dağlarına çatanda eyni səslənə bilməzdi onsuz da…
Yaponiyada sakura çiçəyinə baxan göz Gədəbəydə qüzey qarını görməzmi ola?..
Orada bambukdan keçən küləkdirsə, burada alaçığın çadırını çırtmalayan yağışdır...
Nə dəyişir dəyişsin, insanın heyrəti dəyişmir, insan heyrəti!.. – Bəlkə dünya mədəniyyətinin ən gözəl qanunlarından biri də budur.
Mədəniyyətlər bir-birinin nə surəti, nə də sürəti olur… – Anadolu qardaşımız demiş, bir-birində yankı bulur…
Sakit okeanın qıyısındakı uzaq adalarda yaranmış poetik bir baxışın yüzillər sonra Azərbaycanın günbatarındakı dağlarda özünə başqa bir səs tapması da bu baxımdan sadəcə ədəbi forma məsələsi sayılmamağı haqq edir.
Bu, mədəniyyətlərin uzaqdan salamlaşması, bir-birinə günaydın deməsidir.
Necə ki İntiqam Yaşarın səhərində Gədəbəy alaçıqları (Gədəbəy aşıqları da!) bir-birinə günaydın deyir…
Eləcə də Gündoğarın qədim haykusu ilə bizim Günbatarın yeni nəsil şairinin “hoyku”su bir-birinə uzaqdan salam verir.
Aralarında minlərlə kilometr varmı? – var; aralarında dillər, tarixlər, dənizlər, dağlar varmı? – var, var!
Rəhmətlik Vaqif İbrahimoğlu demiş, “amma, ancaq və lakin” şeirin məsafə ölçüsü kilometrlə ölçülmür.
O ölçü bəzən bir damla şeh, bəzən bir qar dənəsi qədərdir...
P.S. İntiqamdan öncə hayku örnəkləri yaratmış yaxud yapon haykularını sərrast çevirərək, poetik düşüncəmizə qazandırmışlara sayğılar söyləməyi unutmadan, bir söz də deyim: İntiqam vaxtilə qəzəl yazırdı, açığı mən onun qəzəldən yayındırılmasında bir qədər təsir göstərmiş ola bilərəm; məncə, İntiqamda heca daha doğma və eləcə də sərbəst daha yaxşı alınır; indi ilk haykularına yaraşdırdıqlarım avans və qəzəldən yayındırma eyləminin kompensasiyası olsun.)
Əkbər QOŞALI
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək