07 oktyabr 2024 23:58
96

Şanlı tariximizin qəhrəman oğlu

44 günlük haqq savaşımızda Vətən, millət yolunda canını fəda edib bizə qələbə sevincini yaşadan qəhrəmanlardan biri də şəhid mayor Amid Rəbbil oğlu Heydərovdur. Ölümsüzlüyə qovuşub milyonların ürəyində özünə əbədi yer edən igidin

anım mərasiminə qatılan Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri əvvəlcə Amid Heydərovun adını daşıyan parkı ziyarət etmiş, şəhidin abidəsi və məzarı önünə gül çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində dünyaya gəlib. Orta məktəbi bitirib və 2006-cı ildə Bakıda Ali Hərbi Akademiyaya qəbul olub. 2010-cu ildə oran yüksək səviyyədə başa vuran Amid Heydərov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə taqım komandiri təyin olunub. 2015-ci ildə baş leytenant rütbəsində 4 il bölük komandiri vəzifəsində işləyib. Aprel döyüşlərində Lələ təpə yüksəkliyinin düşməndən alınmasında onun xüsusi fəallığı nümunə göstərilib. Bu hünərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında ona vaxtından əvvəl kapitan hərbi rütbəsi verilib.

Amid Heydərov 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində də öndə vuruşub, mayor rütbəsinə layiq görülüb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandiri vəzifəsinə təyin edilib.

Sağlığında orduda misilsiz xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunub.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Şücaət göstərib adını tarixə yazan qəhrəman doğulub başa çatdığı Lerik şəhərində sevdalandığı torpağa əbədi baş qoyub. Şərəfli həyat yolu gələcək nəsillər üçün də örnək olan, adında bütöv bir xalqın qəhrəmanlıq simvolunu yaşadan dağlar qartalı “Vətən uğrunda” və digər medallarına layiq görülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü