03 oktyabr 2024 09:01
380

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində BMT Qadınlar Gildiyasının üzvləri üçün təqdimat keçirilib

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində BMT-nin Vyana bölməsində fəaliyyət göstərən Qadınlar Gildiyasının (UNWG) üzvləri üçün Azərbaycan haqqında tanıtım tədbiri təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə Vyanada müxtəlif ölkələrin səfirlikləri, BMT bölməsi və digər beynəlxalq təşkilatlarda çalışan qadın diplomatlar, eləcə də diplomatların həyat yoldaşı olan qadınlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan və BMT əlaqələrinin tarixinə nəzər salıb və qeyd edib ki, müstəqilliyini yeni əldə etmiş Azərbaycan 2 mart 1992-ci ildə BMT-yə üzv qəbul edilib. Ötən dövrdə beynəlxalq qurumla Azərbaycan arasında əlaqələr müxtəlif sahələrdə dərinləşib və yaxın həftələrdə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bu uğurlu əməkdaşlığın bariz nümunəsidir.

Azərbaycanın hüquq və dövlətçilik ənənələrinə toxunan L.Qasımova ölkəmizdə hələ 1918-ci ildə qadınların seçki hüququnun təsbit olunduğunu, bu gün qadınların cəmiyyətdə mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edilib ki, beynəlxalq əməkdaşlığa xüsusi diqqət ayıran Azərbaycan BMT-nin bütün təsisatları ilə əməkdaşlığı inkişaf etdirir. Məhz buna görə də, BMT Qadınlar Gildiyasının Vyanada təşkil etdiyi tədbirlər, xeyriyyə layihələri dəstəklənir və ötən illər ərzində dünyanın müxtəlif ölkələrində yoxsulluğa qarşı mübarizə üçün ianələrin toplanması məqsədilə təşkil olunan layihə, xeyriyyə bazarı və aksiyalarda Azərbaycan yaxından iştirak edib.

BMT Qadınlar Gildiyasının prezidenti Kati Kieffer və koordinatoru Maya Subki bildiriblər ki, təşkilat üzvləri mütəmadi şəkildə Vyanadakı diplomatik missiyalarda tanıtım tədbirləri təşkil edirlər. Bu təqdimatlar bir tərəfdən fərqli ölkələr barədə məlumat əldə etməyə, digər tərəfdən isə üzvlər arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir. Onlar Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanışlıq və təşkilat üzvlərinin şəbəkələşməsi üçün yaradılan şəraitə görə təşəkkür ediblər.

Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları Rəşidə Əsgərli və Gülər Əzizova təqdimatlarla çıxış ediblər. Qonaqlara Azərbaycan haqqında ümumi məlumat verilib, ölkənin tarixi, mədəni müxtəlifliyi və turizm potensialına dair videoçarxlar nümayiş etdirilib.Tədbir çərçivəsində qonaqlara Azərbaycan milli mətbəxinin müxtəlif nümunələri təqdim olunub.

BMT-nin Qadınlar Gildiyası 1967-ci ildə yaradılmış xeyriyyə təşkilatıdır və onun Vyana bölməsi öz sıralarında 100-dən artıq ölkədən beş yüzədək üzvü birləşdirir. Azərbaycanın Avstriyadakı Səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin qadın diplomatlarının və səfirlik əməkdaşlarının xanımlarının fəal təmsil olunduğu BMT Qadınlar Gildiyası hər il xeyriyyə tədbirlərindən əldə olunan vəsaitləri Avropa, Asiya, Afrika və Latın Amerikasında yardıma ehtiyacı olan uşaqlar üçün müxtəlif layihələrin maliyyələşməsinə sərf edir.