01 oktyabr 2024 23:57
263

Ürəklərdə yaşayan igid

44 günlük haqq savaşımızda 30 ilə yaxın düşmən tapdağında qalan  Azərbaycanın müqəddəs  bir parçası, əzəli yurd yerimiz Qarabağı qanı bahasına  işğaldan azad edərək xalqımıza Qələbə sevinci yaşadan  Vətənin qeyrətli övladları cismən aramızda olmasalar da, milyonların ürəyində özünə əbədi məkan qurublar.  İgidliyi, mərdliyi dillərdə  dastana dönən Cəlilabad rayonunun Cəfərxanlı kəndində boya-başa çatmış Səyadulla Rasim oğlu Əhmədov da məhz Vətənin yaşaması naminə  müharibənin  ilk günlərində gözünü qırpmadan özünü odun-alovun içinə atıb. Yağıya qaşı son nəfəsə qədər döyüşüb, torpağa axıtdığı qani ilə yeni bir tarix yazıb. 22 yaşında şəhidlik zirvəsinə ucalan Səyadulla təkcə doğmaları üçün  deyil, bütün Azərbaycanın  iftixar mənbəyi, qürur yeridir.

Səyadulla  ailənin ilk övladı olub.  Həyatı dərk edən gündən yurduna  ürəkdən bağlanıb. Tərbiyə aldığı ailədə  gördükləri  yalnız yaxşılıq, xeyirxahlıq olub. Sadəliyi, təvazökarlığı, yurd  təəssübkeşliyi tez də onu el-oba gözündə ucaldıb. 2017-ci ildə  ləyaqətli, Vicdanlı oğul kimi Vətənin keşiyinə yollanıb. Naxçıvanda xidməti zamanı ən nümunəvi əsgərlər arasında adı çəkilib. Vətənə məhəbbəti, cəsurluğu, düşmənə nifrət  hiss Səyadullaya bütün təlimlərdə  uğur qazandırıb. Düşmənlə döyüşə  getməyə həmişə hazır olub.

Qəlb dünyası doğma Azərbaycana sevdalı  gənc Vətənə, dövlətinə ləyaqətlə xidmət   edib, üzüağ ordu sıralından tərxis  olunub. Həmişə Qarabağımızın işğalına qarşı barışmaz mövqedə duran Səyadulla   2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində  törətdiyi təxribatdan sonra dığaların ilan başını döyüş meydanında əzmək üçün  könüllü olaraq hərbiyə  gedib.  Vətən müharibəsinə bir həftə qalmış  təlimlərə qatılıb.  Və cəsurluğu,  çevikliyi ilə diqqət mərkəzində  qalan, düşməndən  layiqli qisas alacağına and içən igid əsgər deyib:” Şəhid qanı axmayan torpaqdan  Vətən olmaz.” 

44 günlük haqq savaşımızda Səyadullanın  döyüş yolu tağım komandiri kimi ən qayna  bölgə olan  cənub istiqamətindən başlanıb. Sərrast atıcı öndə getməklə  qatıldığı ağır döyüşlərdə böyük  rəşadətlə  vuruşub. Yağının kabusuna çevrilib,  neçə-neçə həbi texnikasını məhv edib, onlarla  dığanın axırına  çıxıb. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda döyüşlərdə xüsusilə fərqlənib.  Torpaq uğrunda can qoyan, mərdlik göstərə qəhrəman 2 oktyabrda yağı gülləsinə tuş gəlib. Torpağa  axıtdığı  al qırmızı  qan Azərbaycanın  üçrəngli  qələbə bayrağına dönüb. Müharibə meydanında göstərdiyi rəşadəti  ölümündən sonra “ Vətən uğrunda”, “ İgidliyə görə”, Füzulinin və Cəbrayılın azadlığı uğrunda  medallarla təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü