23 sentyabr 2024 17:50
89

Vüqar Oruc: Rusiya ilə türk dövlətləri qiymətləndirmə sahəsində əməkdaşlığı inkişaf etdirilməlidir

Rusiya ilə türk dövlətləri arasında müxtəlif iqtisadi sahələrdə olduğu kimi, qiymətləndirmə sahəsində də əməkdaşlığın inkişaf etdirilməsi zəruridir.

“İki sahil” xəbər verir ki, bunu Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Rusiyanın Moskva şəhərində “Daşınmaz əmlak diqqət mərkəzində: Qiymətləndirmə, tənzimləmə, inkişaf” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkələr arasında qiymətləndirmə standartlarının harmonizasiyası və müvafiq təcrübələrin paylaşılması bu sahənin inkişafına töhfə verəcək.

V. Oruc Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası prezidenti kimi ilk öncə Şuranın yaradılma tarixi və məqsədləri barədə məlumat verib. Daha sonra o, Rusiya ilə türk dünyası, o cümlədən Azərbaycan arasında uzunmüddətli, strateji, iqtisadi əlaqələrdən söz açıb, dərin tarixi köklərə dayanan bu əlaqələrin müasir dövrdə də aktuallığını qoruduğunu qeyd edib.

Rusiyanın qiymətləndirmə sahəsində Peşəkar Təhsil İnstitutunun və Özünütənzimləyən Regionlararası Qiymətləndiricilər Assosiasiyasının (CMAO) təşkilatçılığı ilə baş tutan forumda Rusiya, Azərbaycan, Türkiyə, Belarus, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistandan qiymətləndirmə və daşınmaz əmlak sektoru üzrə ixtisaslaşmış təşkilat rəhbərləri, məsul şəxslər, mütəxəssislər və Rusiyanın dövlət rəsmiləri iştirak edib.

Rusiyanın Peşəkar Təhsil İnstitutunun rektoru Yuliya Usova bu tip tədbirlərin keçirilməsinin qiymətləndirmə sahəsində ümumi inkişafa təkan verdiyini vurğulayıb. O, Moskvada belə bir forumun keçirilməsi barədə qərarı bu ilin mayında Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumunda verdiklərini qeyd edib.

Daha sonra forum panellərlə davam edib. Birinci paneldə V. Oruc Azərbaycanda qiymətləndirmə və daşınmaz əmlak sektorunun xüsusiyyətləri mövzusunda məruzə səsləndirib. O, son dövrlər Azərbaycan iqtisadiyyatının böyümə istiqamətində olduğunu, ölkədə yeni iqtisadi reallıqlar və iqtisadi inkişaf üçün zəmin yarandığını, bu iqtisadi genişlənmə fonunda daşınmaz əmlakın da qiymətinin hər il artdığını deyib.

AQC sədri bildirib ki, müxtəlif beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın investisiya cəlbediciliyini artırıb. Bu isə əsas investisiya alətlərindən biri kimi daşınmaz əmlaka axını gücləndirib. Bu ilin noyabr ayında Bakıda COP29 kimi mötəbər bir tədbirin keçiriləcəyindən bəhs edən V. Oruc belə tədbirlərin Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisi olduğunu vurğulayıb. O, qeyd edib ki, 30 ildən sonra Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, Qarabağda bərpa-quruculuq işlərinin aparılması da ölkəyə investor marağını artırıb. V.Oruc son dövrlər Rusiyadan Azərbaycanda daşınmaz əmlak almaq üçün müraciət edənlərin sayının artdığını və bunun da sektorda bahalaşmaya səbəb olduğunu bildirib.

Forum çərçivəsində Azərbaycanla iştirakçı ölkələrin nümayəndə heyətləri arasında görüşlər keçirilib. Rusiya tərəfi ilə keçirilən görüşdə CMAO və AQC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Eyni zamanda Peşəkar Təhsil İnstitutunun Azərbaycanda filialının yaradılması istiqamətində müvafiq addımların atılması barədə razılıq əldə olunub.

Həmçinin forumda iştirakçı ölkələrin qiymətləndirmə təşkilatları arasında mütəmadi görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması barədə qərarlar qəbul edilib, Rusiyanın Peşəkar Təhsil İnstitutunun bu ölkələrdəki qiymətləndiricilərlə sıx əməkdaşlıq etməsinə dair ümumi razılıq əldə olunub. Eyni zamanda, konfrans iştirakçıları Türk Dövlətləri Birliyinin yaradılmasını yüksək qiymətləndirdiklərini və bu kimi birliklərin qiymətləndirmə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından təqdirəlayiq olduğunu vurğulayıblar.