23 sentyabr 2024 11:58
73

Anım günü dərin ehtiramın ifadəsidir

Qarabağ münaqişəsi Azərbaycanın otuz ilə yaxın müddətdə yaşadığı ağrılı, itkilərlə dolu problemi olmuşdur. Bu illər ərzində xarici havadarlarına arxalanan ermənilər müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlara məhəl qoymur, əksinə “hərbi güclərinə” arxalanaraq yeni əraziləri ələ keçirməklə şou xarakterli çıxışlar edirdilər. Azərbaycan hər zaman münaqişəni siyasi müstəvidə həlli tərəfdarı olmuşdur. Lakin hadisələrin gedişatı ermənilərin bu addımı düzgün qiymətləndirmədiyini göstərirdi.

 27 sentyabr 2020-ci il Qarabağ münaqişəsinə son qoyulması istiqamətində mühüm gündür. Həmin gün xalqın uzun illər gözlədiyi, illərlə tökülən günahsız qanların qisasının alındığı, ata-baba torpaqlarımızın igid oğullarımızın əzmi, fədakarlığı sayəsində kənd-kənd, şəhər-şəhər geri alındığı qələbənin başlanğıcı idi. Başlanan hərbi əməliyyat adı ilə ermənilərə çox məsələləri anladırdı. “Dəmir Yumruq” geridə qalan işğala Azərbaycan tərəfinin dözümünə səbəb məsələnin müharibə yolu ilə deyil, danışıqlarla həll etmək istədiyini anladırdı. “Dəmir Yumruq” ermənilərə 90-cı illər işğalını gerçəkləşməsində Azərbaycanda baş verən siyasi səriştəsizliyin, ordunun formalaşmadığında xarici himayədarlar sayəsində bunu bacardıqlarını anladırdı. “Dəmir Yumruq” Xocalıda, ümumilikdə ermənilərə əsir düşən, ağlasığmaz işgəncələrə məruz qalan, vəhşicəsinə qətlə yetirilən minlərlə şəhidlərimizin, hələ də sonu naməlum qalan  itkinlərimizin qisasının alındığını anladır. Bu Vətən müharibəsi idi. Çünki Müzəffər Ordumuz 30 illik həsrətə son qoyaraq ədaləti gücü, peşəkarlığı ilə bərpa etdi.  

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev çıxışında bildirmişdir: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik.”

Azərbaycan Ordusu Qarabağ Zəfərilə torpaqlarımızı işğaldan azad etməklə yanaşı, şəhidlərimizin qisasını aldı. Çətin relyef və bu illər ərzində ermənilərin yaratdıqları istehkamları məhv etmək Müzəffər Ordumuzdan xüsusi peşəkarlıq tələb edirdi. Ermənilər dağıdıcılıqları, yaratdıqları döyüş istehkamları ilə bir daha Qarabağın onlara aid olmadığını göstərirdilər. Azərbaycan Ordusunun əzmi, şücaəti təkcə işğala son qoymadı, eyni zamanda peşəkarlığı ilə dünya hərb tarixinə düşəcək qəhrəmanlıq səlnaməsi yaratdı.

Ermənilər dünyaya özlərini “qədim tarixə” malik, “qəhrəman xalq” kimi təqdim edir, Qarabağın onlara aid olduqlarını bildirirdilər. Müzəffər Ordumuz tərəfindən torpaqlarımızın azad olunmasından sonra təəssüfedici mənzərə ilə qarşılaşdıq. Bu illər ərzində ermənilər nəinki quruculuq işləri aparmamış, əksinə evləri, tarixi abidələri, məscidləri viran qoymuşdur. Çünki Qarabağın onlara aid olmadıqlarını, bu torpaqların sahiblərinin geri dönəcəklərini bilirdilər.

Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Ordumuzun sayəsində 30 illik Qarabağ həsrətinə 44 gündə son qoyuldu. Bu Zəfərin sayəsində hər bir azərbaycanlı qürurla “Qarabağ Azərbaycandır” deyir.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri