23 sentyabr 2024 11:57
105

Dövlət suverenliyinin tam bərpası

Dövlət başçısı  çıxışında vurğulamışdır ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.

Ölkə Prezidenti xüsusilə qeyd etmişdir ki, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir ki, bu da gənclərimizdə olan vətənpərvərlik hissiyyatının bir nümunəsi idi.

Ali Baş Komandanın çıxışında o da bildirilib ki,   44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistan rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur.

Ordumuzda olan mənəvi-psixoloji üstünlük bizim ümumi üstünlüyümüzü göstərməklə hər an  sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz deyə dövlət başçısı vurğulamışdır.

Ölkə rəhbəri çıxışında iştirakçıların diqqətini, bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şeyin  göz qabağında olduğuna yönəldərək: “Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir. Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik” deyə qürurla qeyd etmişdir.

44 günlük İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Bununla bağlı dövlət başçısının çıxışında: “Cəmi bir neçə saat davam edən antiterrorəməliyyatı Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq” deyə bildirilmişdir.

Ötən dövr ərzində dövlətimizin apardığı məqsədyönlü siyasət sayəsində hər il 15-20 min keçmiş köçkün yeni qəsəbələrə, evlərə, mənzillərə köçürülürdü. Bununla əlaqədar ölkə rəhbərinin çıxışında hazırda təqribən 300 mindən çox keçmiş köçkün artıq o yataqxanalardan, o yararsız yerlərdən, uşaq bağçalarından köçürülmüşdü deyə qeyd olunmuşdur.

Ölkə Prezidenti çıxışında: “Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz - nə 6, 7, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, - çünki bütün təpələrdə onlar yerləşmişdi, - nə böyük dövlətlər, nə də Ermənistanı silahlandıran və onlara mənəvi və fiziki yardım göstərən dövlətlər” belə  aciz qaldılar.

Bununla yanaşı dövlət  başçısı onu da bildirmişdir ki,  heç vaxt inamı qırılmayan xalqımız bu haqq savaşında bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. Çünki, ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır deyə bildirmişdir.

Həmçinin, çıxışda  o da vurğulanmışdır ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir deyə qeyd olunmuşdur.

Çıxışı zamanı cəmiyyətdə birlik olmalıdır, bu da var fikrini davam etdirərək: “44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar”  deyə gənclərə dəyərli tövsiyələrini vermişdir.

Dövlət başçısının çıxışında təəssüflə qeyd olunmuşdur ki, demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi. Heç biri istəmirdi ki, xalqımız bu işğaldan yaxasını qurtarsın. Yəni, daim bizi təzyiq altında saxlamaq, daim bu işğaldan bir təsir amili kimi istifadə etmək, öz maraqlarını təmin etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq istəyirdilər deyə bildirilmişdir.

Ölkə Prezidenti tarixi çıxışı zamanı xüsusilə onu da qeyd etmişdir k: “ Bizim müharibəmiz azadlıq müharibəsi idi. İkili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik - biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir.”

Həmçinin çıxışı zamanı dövlət başçısı: “İki tərbiyə mənbəyi var - ailə və müəllim. Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Bizim ənənələrimiz bunu diktə edir və eyni zamanda, bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur. Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır “ Deyə qeyd etmişdir.

Ölkə müəllimlərinin uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləməsi ilə əlaqədar dövlət başçısı: “İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar” deyə bildirmişdir.

Ölkə Prezidenti çıxışında Qarabağ Universitetinin yaradılmasının  tarixi hadisə olduğunu bildirərək, Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncam keçən ilin noyabrında imzalandığını, hazırda Universitetinin 1200 tələbəsi olmaqla ölkəmizin hər bir bölgəsini təmsil etdiklərini qeyd etmişdir.

Dövlət başçısının çıxışında o da xüsusilə vurğulanmışdır ki,  XIX əsrin əvvəlində bağlanmış üç müqavilə - “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdur.

Bununla yanaşı o da bildirilmişdir ki, XX əsrin əvvəlində xalqımıza qarşı növbəti düşmənçilik addımları atılmışdır. 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılmışdı, sovet Azərbaycanı Respublikasının tərkibində. Bu vilayətin tabeçiliyi Sovet İttifaqının mərkəzinə bağlanmışdı. Beləliklə, bu bölgəni Azərbaycandan ayırmaq üçün növbəti addım atıldı. Ondan üç il əvvəl Zəngəzuru bizdən aldılar, yəni Qərbi Zəngəzuru, tamamilə əsassız. Bunu 1920-ci ilin noyabr ayında, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən bir neçə ay keçəndən sonra etdilər. 1923-cü ildə isə bizim canımıza növbəti saat bombasını saldılar və ondan sonra burada kütləvi erməniləşmə siyasəti aparılırdığı xüsusilə qeyd olunmuşdur.

Ölkə rəhbərinin çıxışında haqlı olaraq qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgələrdən buraya daha tez gələ bilsinlər. Xankəndidə dəmir yolu vağzalı tikildi, böyük infrastruktur layihələri yaradıldı - Sərsəng, Suqovuşan su anbarları. Bir neçə müəssisə yaradıldı və bu müəssisələrdə çalışan azərbaycanlılar müxtəlif bölgələrdən, o cümlədən Qarabağ bölgəsindən gəldilər. Bütün bunlar davam edirdi. Ancaq 1987-ci ildə Heydər Əliyev istefaya göndəriləndən sonra yenə də separatçılar baş qaldırdılar və bu dəfə bu, xalqımıza çox baha başa gəldiyi bildirilmişdir.

Eyni zamanda qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyevin istefasından iki həftə sonra bir sovet erməni alimi Fransanın “Humanite” qəzetində məqalə dərc etmişdi ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” Azərbaycandan çıxarılıb Ermənistana birləşməlidir. Cəmi iki həftədən sonra, - artıq Heydər Əliyev iqtidarda yox idi, - dərhal burada - Xankəndidə və Ermənistanda hərəkət başlamışdı, müxtəlif təşkilatlar yaradılmışdı. Mərkəzi hökumət, yəni Sovet İttifaqı rəhbərliyi buna laqeyd yanaşırdı. Əfsuslar olsun ki, o vaxt ki Azərbaycan rəhbərliyi zəiflik, qorxaqlıq, bəzi hallarda xəyanət göstərmişdir. Həm 1980-ci illərin sonlarında, həm 1990-cı illərin əvvəllərində, həm kommunist, həm də Xalq Cəbhəsi hakimiyyətinin satqınlığı, qorxaqlığı, xəyanəti nəticəsində biz torpaqları itirdik. Xankəndidən azərbaycanlılar qovuldu, ondan sonra - müstəqillik elan olunandan dörd ay sonra 1992-ci ilin fevralında Xocalı soyqırımı törədildi, 1992-ci ilin may ayında Şuşa, Laçın işğal olundu, 1993-cü ilin aprelində isə Kəlbəcərin işğala məruz qaldığı qeyd olunmuşdur.

Dövlət başçısının çıxışında xüsusilə qeyd olunmuşdur ki, əgər 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı ki, bu quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.

Ölkə Prezidenti cənab  İlham Əliyevin 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetində etdiyi tarixi çıxışı ölkə sakinləri kimi laçınlılar tərəfindən də birmənalı  olaraq böyük maraqla izlənilmişdir.

Aynur Qənbərova,
Bakı şəhəri Xətai rayonu 263 nömrəli tam orta məktəbin Uşaq birliyi təşkilatı rəhbəri,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədrinin müavini