23 sentyabr 2024 10:33
170

27 Sentyabr tariximizin qürur səhifəsi

27 Sentyabr - Zəfərə aparan tarixi qərardan dörd il ötür. Azərbaycan ictimaiyyəti bu günlərdə böyük qürur hissi ilə milli tariximizdə silinməz iz qoymuş 27 sentyabr Vətən müharibəsinin başlanmasının, Azərbaycan torpaqlarında 30 illik erməni işğalına son qoyulmasının, tarixi Qələbənin dördüncü ildönümünü qarşılayır. Müstəqilliyimizi bərpa edəndən sonra biz rayonlarımızın işğal tarixini yox, azad edilməsini qeyd edirik.

Şanlı qələbə: tariximizin qürur səhifəsi

Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası ilə başa çatdı. 44 gündə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. Bu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının diplomatik siyasəti, Güclü Azərbaycan Ordusunun, Rəşadətli qəhrəman və qorxmaz igid əsgər və zabitlərimizin və xalqımızın birliyi, həmrəyliyi nəticəsində əldə olundu. Noyabrın 11-də dövlət başçımız İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə «Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir» söyləyərək onların qəhrəmanlıqları əsasında yazılan tarixdən geniş bəhs edərkən onu da vurğuladı ki, düşmənin qənimət götürülmüş hərbi texnikasının Bakıya gətirilməsinə, bunun üçün yer seçilməsinə göstəriş verilib və həmin texnikanı nümayiş etdirəcəyik, bütün Azərbaycan xalqı nəyi əldə etdiyimizi görəcək.

Ali Baş Komandan 44 gün ərzində dediyini etdi!

Bəli, Ali Baş Komandan dediyini etdi, həm də göstərdi ki, onun xəbərdarlıqlarını diqqətdən kənar qoymaq olmaz! Çünki artıq şərtləri Qalib ölkənin Qalib Lideri diktə edir! Və bu günə kimi bu şərtlərə əməl etməyənlər sonrakı peşmançılığını çəkirlər. İkinci Qarabağ Müharibəsinin 44-cü günündə Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının «Dəmir Yumruq» siyasətinə əməl edən əsgər və zabitlərimizin yüksək vətənpərvərliyi, igidliyi və yenilməzliyi, Prezident-xalq-ordu birliyi sayəsində ədalət bərpa olundu, işğala son qoyuldu, Ermənistan və onun «yenilməz ordusu» döyüş meydanında darmadağın edildi, diz çökdü. Budur, Ali Baş Komandan siyasəti! Budur, Müzəffər Ordunun məğrurluğu! Budur, rəşadətli əsgər və zabitlər, Prezident-Xalq-Ordu birliyi! Çünki 30 il həsrətində olan torpaqlarımız geri qayıtmalı idi, QAYITDI da! Müharibənin başlandığı ilk gündən Ali Baş Komandanımız, Prezident İlham Əliyev sülh danışıqlarının zəruriliyinə nə qədər çağırışlar etsə də, döyüşün dayandırılması üçün təzyiqlər göstərilməsinə baxmayaraq, dövlətimizin başçısı öz prinsipiallığını, əzmini bir daha nümayiş etdirdi. Azərbaycan Prezident İlham Əliyev istər xalqa müraciətlərində, istərsə də 44 gündə xarici mətbuata 30-a yaxın müsahibəsində səsləndirdiyi bəyanatlar da bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları hər şeydən öndə dayanır. Dövlətin maraqlarından, xalqın iradəsindən kənar bir addım belə atıla bilməz. Ancaq işğalçı Ermənistan İkici Vətən Müharibəsinin ilk günündən öz terrorçu niyyətini, işğalçı siyasətini nümayiş etdirdi, ancaq faşist xislətli düşmən etdiyi cinayətlərə görə bədəli böyük oldu. 30 il ərzində əzəli-əbədi torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin nəhayət ki, qanunsuz əməllərinə beynəlxalq hüquq çərçivəsində son qoyuldu. Tarixi ədalət bərpa olundu! Azərbaycan Qarabağa qovuşdu, haqq öz yerini tutdu! Bütün dünya işğal faktı ilə barışmayacağını qətiyyətlə bəyan edən Azərbaycan xalqının və dövlətinin iradəsini gördü. Prezident İlham Əliyevin hərb, siyasət və diplomatiya müstəvisində uğurlu fəaliyyəti nəticəsində qüdrətli Azərbaycan dövləti erməni faşizminin başını əzdi – belini qırdı, təcavüzkarı layiqincə cəzalandırdı. 44 gün ərzində dediyini etdi! Həm də göstərdi ki, onun xəbərdarlıqlarını diqqətdən kənar qoymaq olmaz! 44 günlük müharibənin nəticələri və postmüharibə dövründə Azərbaycanın qazandığı nailiyyətlər sübuta yetirdi ki, Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşmiş, həmrəylik nümayiş etdirən Azərbaycan xalqının mübarizə ruhu sarsılmazdır.

Vətən övladlarına böyük ehtiram, hörmət və qayğı nümunəsi

Bu gün Azərbaycan dövləti və cəmiyyəti Vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımıza, onların ailələrinə, qazilərimizə böyük hörmət, diqqət və qayğı göstərir. Prezident İlham Əliyevin 27 sentyabr – imzaladığı Zəfərə aparan “tarixi qərar”ına əsasən Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması imzaladığı Sərəncamı dövlət başçımızın Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, dövlət müstəqilliyimizin və suverenliyimizin rəmzi olan üçrəngli bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçularının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmaları təqdirəlayiq hal kimi cəmiyyətdə olduqca yüksək dəyərləndirilir. Bütün bunlar, eyni zamanda, milli həmrəyliyimizi gücləndirən strateji amillər qismində çıxış edir.

“Dəmir yumruq” öz yerindədir

Beləliklə, Azərbaycan olduqca mürəkkəb beynəlxalq münasibətlər sistemi şəraitində öz gücü – qüdrəti ilə münaqişəni həll etdi, işğal faktını aradan qaldırdı, separatizmin məhvinə nail oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı”. Ən əsası, dövlətimizin gücünün, xalqımızın həmrəyliyinin ifadəsi olan “Dəmir yumruq” öz yerindədir və Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi: “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər”.Sonda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi: «Bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”.Prezident İlham Əliyev bir daha vurğulayıb ki, biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik: “O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri