11 sentyabr 2024 11:35
244

Qərb, xüsusilə Fransa Ermənistandan maşa kimi istifadə edir

Azərbaycan dövləti qalib tərəf olmasına baxmayaraq, sülh təşəbbüsü ilə çıxış edir. Regiondakı mövcud siyasi mənzərə də onu göstərir ki, ölkəmiz  sülhün təmin olunması üçün bütün mümkün imkanlardan istifadə edir. Ermənistan isə hələ ki, adekvat mövqe nümayiş etdirə bilmir. Yəni, Ermənistanın hərbi-siyasi rəhbərliyi də sülh istədiyini bildirir. Amma bu, əməldə təsdiqlənmir. Əslində, bəlkə də regional əməkdaşlıq mühitinin təmin olunması rəsmi İrəvanın da marağı daxilindədir. Çünki sülh müqaviləsinin imzalanması bu ölkəni Qərblə Rusiyanın hərbi poliqonuna çevrilməkdən qoruyacaq mühüm amildir.

Bu gün faktiki olaraq Rusiya və Qərb arasında hərbi və siyasi poliqona çevrilmək üzrə olan, hətta yaxın gələcəkdə Ukraynanın taleyini yaşa biləcək ölkə kimi Ermənistanın xilası sülh müqaviləsini tezliklə imzalamaqdan keçir. Hazırda Azərbaycanın apardığı uğurlu siyasət regiona yeni imic, yeni sima qazandırıb.  Vaxtilə erməni terrorunun və erməni separatizminin boy göstərdiyi Cənubi Qafqaz bu gün qlobal diqqət mərkəzinə gəlib. Ən mühüm iqtisadi layihələrin adı məhz bu regionla paralel çəkilir. Amma Ermənistanın tutduğu mövqe isə buna tərs mütənasibdir. Bu ölkə hər zaman olduğu kimi, yenə də kimlərinsə əlində oyuncaq olmaqda israrlıdır. Bu gün Ermənistanda da etiraf olunur ki, Qərb, xüsusən də Fransa müxtəlif vədlərlə İrəvanı aldatmaqla məşğuldur. Bu xüsusda “Sputnik Armenia” portalı yazır ki, Ermənistanda iqtidarda olan Nikol Paşinyan hakimiyyətinin reytinqlərinin ardıcıl olaraq aşağı düşməsi səbəbindən “Qərb dostlarımız” tərəfindən ölkə vətəndaşlarının “aqressiv şəkildə beyinlərinin yuyulması” getdikcə daha da şiddətlənir. Ermənistanda informasiya axınının təhlili göstərir ki, “qürurlu vətəndaşların” beyninə üç əsas tərəfdən hücum edilir. Birincisi, guya Türkiyə-Azərbaycan tandemi Ermənistana qarşı müharibə edəcək. İkincisi, amerikalılar “sülh”, avropalılar isə, təbii ki, Ermənistanın müstəqil, suveren və təhlükəsiz ölkə kimi mövcud olmaqdan imtina etməsi müqabilində vətəndaşlara “vizasız” gediş-gəliş sözü verirlər. Üçüncüsü, Ermənistana cüzi maliyyə yardımını əlavə etmək lazımdır. Həmçinin beyin yuyulması üçün Ermənistanın media sahəsinə külli miqdarda dollar yeridilib. Bütün bunlar bir tərəfdən “Qərb üstünlükləri” müqabilində Ermənistanın de-fakto neytrallaşdırılmasına hesablanıb. Digər tərəfdən, bu, Ermənistandakı mövcud gücü yenidən “Qərb faydaları” müqabilində iqtidarda saxlamaq üsuludur.

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq imkanlarını hər vasitə ilə heçə endirməyə çalışır. Görünür Müzəffər Ali Baş Komandanın "dəmir yumruq yerindədir" xəbərdarlığından dərs almayan işğalçılar unudurlar ki, onların qarşısında 44 günlük Vətən müharibəsində Zəfər çalan güclü Azərbaycan Ordusu var. Məğlub ölkə müxtəlif manipulyasiyalara əl atmaqla sülh prosesini ləngitməyə  çalışır. Eyni zamanda, ötən il sentyabrın 19-dək Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla silahlı qüvvələrinin bir hissəsini Azərbaycan ərazilərində saxlamaqda davam edirdi. Lakin Azərbaycanın cəmi bir gün ərzində uğurla tamamladığı lokal antiterror tədbirlərinin nəticəsi işğalçının bu niyyətlərini gözündə qoydu. Təəssüflər olsun ki, Ermənistan bütün bu reallıqların fonunda mövcud imkanlardan imtina edib süni olaraq prosesi ləngitmək istəyir. İşğalçı ölkənin üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməməsi, konstitusiya dəyişikliyini etməməsi birbaşa məkrli məqsədlərlə bağlıdır. Prezident İlham Əliyev İkinci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bəyan etdi ki, Ermənistan konstitusiyası dəyişmədən heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz: “Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil”.

Göründüyü kimi, Qərb, xüsusilə də Fransa hər fürsətdə Ermənistanı öz toruna salmağa, belə demək mümkünsə, başını aldatmağa çalışır, ondan maşa kimi istifadə edənlər Cənubi Qafqazda yeni nüfuz savaşına başlayıb və mövcus geosiyasi düzəni nəyin bahasına olursa-olsun məhv etmək planları qurur. Bu isə şübhəsiz ki, bölgədə onsuz da həssas olan münasibətləri gərginləşdirəcək, ciddi təlatümlərə, yeni müharibələrə səbəb olacaq. Əgər rəsmi İrəvan dövlətçiliyinin gələcəyinin sual altında olmasını istəmirsə, regional əməkdaşlıq mühitinin təmin olunmasını arzulayırsa, təlqin, təhrik və təzyiqlərdən xilas olmalı, başqasının yox, özünün maraqlarına uyğun addımlar atmalıdır.

Qeyd edək ki,  Ermənistanın 2014-2025-ci illər üçün Strateji inkişaf perspektivi proqramında hökumət yoxsulluq həddini 24 faizə endirməyi planlaşdırsa da, mövcud iqtisadi durum bunun mümkün olmayacağını göstərir.

Ermənistandakı iqtisadi və sosial iflasın digər göstəricisi isə ölkənin xarici borcunun davamlı olaraq artmasıdır. Hazırda bu ölkənin dövlət borcu  6 milyard dollardan çoxdur. Erməni iqtisadçılar həyəcan təbili çalaraq xarici borclanmanın artıq risk həddini keçdiyini bildirirlər. Ölkənin tanınmış iqtisadçıları da etiraf ediblər ki, ötən illər ərzində alınan kreditlər heç bir sahədə səmərəli yatırıma xərclənmədiyi üçün yeni inkişafa təsir göstərməyib.

Rəqəmlər və faktlardan da göründüyü kimi, Azərbaycana qarşı  revanşist hisslərlə yaşayan Ermənistanın bundan sonra da heç bir inkişaf perspektivi yoxdur. Bu, bir reallıqdır ki, əgər vəziyyət  bu şəkildə davam etsə Ermənistan bir dövlət kimi iflas olacaqdır.

Şəmsiyyə Əliqızı, “İki sahil”