10 sentyabr 2024 00:58
382

ÜST altı ay ərzində meymunçiçəyi ilə qlobal mübarizəni 290 milyon dollar qiymətləndirir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, 2024-cü ilin sentyabrından 2025-ci ilin fevralına qədər qlobal miqyasda meymunçiçəyi (mpox) ilə mübarizə üçün 290 milyon dollar tələb olunur.

ÜST mpox üçün qlobal strateji hazırlıq və cavab planını yeniləyib. Sənəd bu il avqustun 26-da dərc edilib və 135 milyon ABŞ dolları məbləğində maliyyələşmə nəzərdə tutulub.

Qeyd olunur ki, 2024-cü ilin sentyabrından 2025-ci ilin fevralına qədər ümumi cavab tədbirləri üçün beynəlxalq dəstəyin təmin edilməsinə 290 milyon dollar məbləğində vəsait tələb olunacaq. Üstəlik, 4 milyon doza peyvəndin alınması xərcləri bu məbləğə daxil deyil. RİA Novosti xəbər verir ki, ÜST rüblük olaraq strategiya, plan və resurs tələblərini nəzərdən keçirməyi və düzəliş etməyi planlaşdırır.

Yenilənmiş plana əsasən, ÜST diqqəti nəzarətə, tədqiqata və cəmiyyətin bu "beynəlxalq fövqəladə sağlamlıq vəziyyətinə" cavab vermək qabiliyyətinin gücləndirilməsinə yönəldəcək. İlin birinci yarısında əsas diqqət virusun insandan insana ötürülməsinin kəskin epidemiyaları ilə mübarizəyə yönəldiləcək.

Meymunçiçəyi mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində rast gəlinən viral xəstəlikdir. Virusun heyvandan insana ilk ötürülməsi halı 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb. 14 avqust 2024-cü ildə ÜST-ün rəhbəri Tedros Adhanom Qebreyesus Afrikadakı mpox epidemiyasını beynəlxalq fövqəladə vəziyyət elan edib.

Nubar Süleymanova, “İki sahil”