31 avqust 2024 02:59
379

Sərhədlərin delimitasiyası: Davamlı sülhə inamı artıran mühüm amil

Azərbaycan regionda yaratdığı yeni reallıqlar fonunda diktə edən tərəf kimi öz sözünü deməkdədir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.

Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa gəliblər: Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır. Razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun. Paralel olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib. Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq). Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılıb. Azərbaycan və Ermənistan arasında sərhəddə mayın 15-də Komissiyaların növbəti 9-cu görüşündə sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə Komissiyaların müvafiq protokolu imzalanıb. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə aparılan işlər nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən olunub. Bununla da Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrımın, Aşağı Əskiparanın, Xeyrımlının və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib.

Sözügedən məsələ ilə bağlı xarici güclər dəfələrlə vasitəçilik etməyə cəhd göstərsələr də danışıqlar bir fayda verməyib. Yalnız vasitəçilər olmadan aparılan dialoqlar vasitəsilə ümidverici irəliləyiş əldə edilib. Çətinliklərə baxmayaraq, bu ikitərəfli müzakirələr tədricən öz nəticəsini verməkdədir. Bu gün hər iki tərəfin ciddi səyləri prosesdə nəzərəçarpacaq irəliləyişlərə gətirib çıxarıb, regionda davamlı sülhə ümidləri artırıb. Ermənistanın baş naziri Nikol Paşinyan da çıxışı zamanı deyib ki, Azərbaycanla sərhədlərin delimitasiyası prosesi Ermənistan üçün təhlükəsizliyin təminatıdır. Bundan yaxşı zəmanət yoxdur. Paşinyan vurğulayıb ki, proses bütün sərhəd xətti boyunca davam etməlidir. Baş nazir parlamentdə hökumət saatı zamanı Azərbaycanla sərhədin delimitasiyası prosesinin həyata keçirildiyi xəritəni də göstərib, ərazilərin güzəştə gedildiyi barədə səsləndirilən ittihamları qəbuledilməz və məntiqsiz hesab edib: "Bunu uğur hesab edərdim, çünki Ermənistan tarixində ilk dəfə danışıqlar yolu ilə sərhədi formalaşdırır". Onun sözlərinə görə, Ermənistan 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə çevrildiyini bir daha təsdiqləyib. Baş nazir bildirib ki, hökumətin hazırkı qərarları hüquqi cəhətdən, o cümlədən dövlət qurumları tərəfindən əsaslandırılıb.

İki ölkə arasında delimitasiya prosesində son irəliləyişlər uzun müddətdir davam edən ərazi mübahisələrinin həlli və regionda sülhün əldə edilməsi istiqamətində mühüm addımdır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatik səy və strateji siyasətin nəticəsidir. Burada hər iki ölkənin rəhbərliyinin qətiyyəti, xüsusilə də Prezident İlham Əliyevin fəal diplomatiyası mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkənin sabitlik və iqtisadi inkişafda marağı var ki, bu da yalnız sülh yolu ilə əldə edilə bilər. Sülh sazişi isə iqtisadi əməkdaşlıq, ticarət və regional sabitlik üçün hər iki xalqa fayda gətirəcək, yeni imkanlar açacaq.

Delimitasiyada irəliləyiş və sülh sazişinin perspektivi Ermənistanda birmənalı qarşılanmır. Bəzi siyasi fraksiyalar və vətəndaş cəmiyyəti qrupları sülhün gətirə biləcəyi sabitliyin və iqtisadi inkişafın faydalarını dərk edərək sülh prosesini dəstəkləyir. Digərləri isə əksinə, bunu xoşagəlməz hesab edir. Ermənistanda ictimai rəy bölünür, bəzi vətəndaşlar uzun sürən münaqişələrdən bezib və sülh istəyir, digərləri isə milli suverenlik və ərazi bütövlüyünün gələcəyi ilə bağlı dərin narahatlıq keçirir. Ekspertlr də hesab edirlər ki, həm Azərbaycan, həm də Ermənistan üçün birbaşa, yüksək səviyyəli danışıqları davam etdirmək vacibdir. Bu danışıqlar hər iki ölkənin maraqlarını əhatə etməlidir. İki xalq arasında etimadın yaradılması üçün tədbirlərin həyata keçirilməsi çox vacibdir. Bu, gərginliyi azaltmaq və xoş niyyəti gücləndirmək, əraziləri minalardan təmizlənməsi kimi humanitar təşəbbüsləri həyata keçirmək baxımından da əhəmiyyətlidir. Çətinliklər olmasına baxmayaraq, Azərbaycan və Ermənistan arasında delimitasiya prosesində irəliləyiş davamlı sülh sazişinə ümid verir. Bütün istəklər üst-üstə düşərsə, Cənubi Qafqaz regionunu dəyişdirə biləcək sülhə nail olmaq mümkündür.

Sevinc Azadi, “İki sahil”