30 avqust 2024 12:24
286

Etibarlı münasibətlərin göstəricisi

23 avqust 2024-cü il tarixdə Daşkənddə sənədlərin  imzalanması  mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər. Ölkəmizin Başçısı bəyanatında son illərdə Özbəkistana dəfələrlə səfər etdiyini, Şavkat Miromonoviçin rəhbərliyi ilə özbək xalqının həyata keçirdiyi möhtəşəm dəyişiklikləri əyani şəkildə gördüyünü və buna şad olduğunu bildirdi. Bu gün Özbəkistanın təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi nüfuza malik ölkəyə çevrildiyi qeyd olundu. Özbək idmançılarının çoxlu medal qazandıqları, onlardan  səkkizinin qızıl olduğu, həm də müsəlman ölkələri arasında birinci və dünyada 13-cü yeri tutduğu vurğulandı.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev bəyanatla çıxışında bildirmişdir: “Biz həmişə - istər işğal, istərsə də ikinci Qarabağ müharibəsi illərində və sonra da özbək  xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın  gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda  həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduq. O, artıq Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini bizdə də inşa etdi. Artıq mənə məlumat veriblər ki,  orada 500 şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq.  Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir. Qarabağ haqqında söylədiyiniz sözlərə görə sağ olun. Hamınız bilirsiniz ki, bu, təxminən 30 il ərzində bizim üçün bir nömrəli məsələ idi. Ərazi bütövlüyünün bərpası və sonra ötən ilin sentyabrında suverenliyin tam təmin edilməsi tarixi ədalətin və beynəlxalq hüququn bərqərar olmasıdır. Belə münasibətə görə səmimi-qəlbdən minnətdaram.”

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri