30 avqust 2024 13:23
338

Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi  Azərbaycanın müstəqillik tarixində önəmli yer tutur

Vətənin və millətin taleyində dahi şəxsiyyətlərin müstəsna rolu danılmazdır. Məhz həmin şəxsiyyətlər xilaskarlıq missiyasını uğurla həyata keçirib, zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək ölkəsinin dünya miqyasında özünəməxsus yer tutmasına yol açırlar. Azərbaycan xalqının böyük oğlu, Ümummilli lider Heydər Əliyev də insanları öz ideya və baxışları ətrafında toplayıb, zəngin təcrübəsi sayəsində idarəçilikdə ciddi uğurlara imza atıb, cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqın dərin etimadını qazanıb.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçilib. Bununla da, qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyulub.

Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsi  nə qədər  mürəkkəb bir dövrə  təsadüf etsə də, bu illərin Azərbaycanın müstəqillik tarixində xüsusi yeri vardır:  “Prezident  İlham Əliyev həmin dövrü belə xarakterizə edir ki, o illərdə nəinki Naxçıvan, eyni zamanda, Azərbaycan üçün  tarixi qərarlar qəbul edilmişdir. Belə ki, o vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Bütün bu addımlar  sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi”.

Ulu Öndər Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışaran düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirdi. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi.  Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanması təmin olunub. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradılıb, Naxçıvanın müdafiə potensialı gücləndirilib, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyulub. Qeyd etmək lazımdır ki, ilk milli hərbi parad da 1992-ci il oktyabrın 9-da muxtar respublikada keçirilib.

Vətənin bir parçası olan Naxçıvanın düşmən hücumundan və sosial-iqtisadi böhrandan xilası istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər digər tərəfdən Azərbaycanı müstəqil, xalqımızı firavan görmək istəyirdi. Dahi şəxsiyyətin  Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi də bu istəkdən, bu arzudan irəli gəlirdi. Axı  xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi, bu mənada, xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanın ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə 1992-ci il noyabrın 21-də yenə də Naxçıvanda baş verib: müstəqil Azərbaycanın ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradılıb. Azərbaycanın gələcəyinin təhlükə qarşısında qaldığı, dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoyub. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ən önəmlisi isə Ulu Öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması iyirminci əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi.

Ümummilli Liderin Ali Məclisin Sədri seçilməsi və bu vəzifədəki səmərəli fəaliyyəti nəinki muxtar respublikada, bütövlükdə Azərbaycan miqyasında ölkəmizin parlaq gələcəyinə olan inamı artırmışdı. Azərbaycanın digər regionlarında yaşayan insanlar xalqımızın böyük oğluna teleqramlar, məktublar göndərir, xalqın üzləşdiyi bəlaların məhz Onun müdrik və uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını ifadə edirdilər. Beləliklə, Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı getdikcə zərurətə çevrilirdi. Xalq əmin idi ki, ölkəni düşdüyü ağır siyasi böhrandan çıxarmağın, torpaqların itirilməsi təhlükəsindən xilas etməyin yeganə yolu dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışındadır. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi möhtərəm Heydər Əliyevə üz tutdu. Ulu Öndər 1993-cü il iyunun 15-də ölkəmizdə siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri