29 avqust 2024 18:08
324

Münasibətlərimizin rəmzi

Prezident İlham Əliyev bu günlərdə Özbəkistanda dövlət səfərində oldu. Öncə bu mühüm məqamı qeyd edək ki, Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının birliyində əhəmiyyətli rol oynayır.  Hazırda türk dünyasının birliyi, həmrəyliyi əsas çağırışlar sırasındadır. Dünya tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ilə yeni dövrün başlanmasından sonra bu birliyin daha da möhkəmləndiyinin şahidinə çevrilib. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə durmadan genişlənir. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir. Hazırkı Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki Prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.

 Cənab İlham Əliyev səfər çərçivəsində mətbuata bəyanatında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin rolunu belə xarakterizə etdi: “Mən qardaş ölkədə tez-tez oluram. Səfərə hazırlaşarkən, onların cədvəlinə və Şavkat Miromonoviçin səfərlərinin cədvəlinə nəzər saldım və gördüm ki, bu, mənim son iki ildə beşinci səfərimdir. Şavkat Miromonoviç isə son il yarımda dörd dəfə Azərbaycanda olub. Əgər buna noyabrda COP konfransında görüşməyimizi də əlavə etsək, onda hesabı bərabərləşdiririk. Bu, ən yaxşı göstəricidir. Hələ mən başqa ölkələrdə beynəlxalq tədbirlər çərçivəsində görüşlərimizi demirəm. Bütün bunlar bu gün haqqında danışdığımız və Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində məruzələrdə dinlədiyimiz uğurların rəhnidir. Konkret layihələrin iyirmiyə çatdırılması onun nəticəsidir ki, bizim keçmişdə razılığa gəldiklərimizin hamısı yerinə yetirilib.”

   İki ölkə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Müqavilə də özündə mühüm məqamları ehtiva edir. Belə ki, Özbəkistan Prezidenti vurğuladı ki, ölkəsinin çox az sayda ölkələrlə müttəfiqlik münasibətləri vardır. Bu gün  tarix yazıldı.  Bu tarix iki yaxın xalqın - Azərbaycan və Özbəkistan xalqlarının rifahında öz əksini tapacaq. Şavkat Mirziyoyev Özbəkistanın kütləvi informasiya vasitələrinin nümayəndələrinə bu  müraciəti də etdi ki,  bu barədə daha çox, daha ucadan danışmalı və onu əhalimizə çatdırmalısınız: “Fikrimcə, sizin azərbaycanlı həmkarlarınız da çatdıracaq, çünki xalqlar bunu gözləyirlər. Zənnimcə, bu, müttəfiqlik münasibətləri haqqında çoxdan gözlənilən ən vacib müqavilədir. Biz, həmçinin müttəfiqlik münasibətlərimizin dərinləşməsi üzrə yeni təkliflərin hazırlanması və həyata keçirilməsinin səmərəli mexanizmi olan Ali Dövlətlərarası Şuranın birinci iclasını keçirdik. Bilirsiniz, biz İlham Heydər oğlu ilə həmişə razılığa gəlirik, tapşırıq veririk, həm də nəzarət edirik. Azərbaycandakı birinci görüşümüzdə əməkdaşlığın on istiqaməti müəyyən edildi. Məmnunluqla və əminliklə demək istəyirəm ki, razılaşmaların heç biri kağız üzərində qalmayıb. Bizim real nəticələrimiz var. Bu gün 20 yeni istiqamət götürmək üzrə razılıq əldə etmişik, bu, əməkdaşlığımızın real istiqamətləridir.”

   İki dost, müttəfiq ölkənin əlaqələri müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Səfər çərçivəsində keçirilən görüşlərdə, mətbuata bəyanatda da bu əlaqələrin istiqamətləri barədə ətraflı məlumat verildi. Cənab İlham Əliyev müzakirə olunan məsələlər sırasında işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasına xüsusi diqqət göstərdi.  Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. “Biz həmişə - istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduq” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, Şavkat Mirziyoyev artıq Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini bizdə də inşa etdi.  Bu məktəbdə artıq  500 şagird təhsil alır. Amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir.

    Dövlətimizin başçısının elə bir səfəri, çıxışı yoxdur ki, artıq tarixə qovuşan Qarabağ münaqişəsindən, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasından bəhs edilməsin. Özbəkistan səfəri bu baxımdan da diqqətdə oldu. Cənab İlham Əliyev bildirdi ki, Qarabağ münaqişəsi  təxminən 30 il ərzində bizim üçün bir nömrəli məsələ idi. Ərazi bütövlüyünün bərpası və sonra ötən ilin sentyabrında suverenliyin tam təmin edilməsi tarixi ədalətin və beynəlxalq hüququn bərqərar olmasıdır.

  Onu da qeyd edək ki, Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Özbəkistan Prezidenti cənab İlham Əliyevin bu ölkəyə səfəri zamanı  mətbuata bəyanatında Azərbaycanın inkişaf, tərəqqi yolunda inamla irəliləməsindən bəhs edərkən bu reallığı da xüsusi qeyd etdi ki,  qədim Qarabağ torpağı Prezident İlham Əliyevin  səyləri ilə  inkişaf və tərəqqi diyarına çevrilir. Burada sosial infrastruktur və istehsalat obyektləri fəal şəkildə tikilir, yeni iş yerləri yaradılır, insanların dinc, əmin-aman və xoşbəxt həyata qayıtması üçün bütün tədbirlər görülür. İnsanların rahatlığı və xoşbəxt həyatı üçün hər şey edilir. Qayıdan hər bir insanın gözlərində evlərinə qayıtmağın sevinci görünür. Özbəkistan Prezidenti əminliklə bildirdi ki,  ölkəsi  gələcəkdə də bu nəcib işdə Azərbaycanı  dəstəkləməyə hazırdır. Bu gün irimiqyaslı quruculuq işlərinin getdiyi Qarabağda əgər özbək inşaatçıları üçün də hər hansı sahə və ya rayon ayrılarsa, biz də çiçəklənən yeni Qarabağın inşaat işlərində iştirak edərik.

Göründüyü kimi, Azərbaycan-Özbəkistan münasibətləri  uğurla inkişaf edir. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi