30 avqust 2024 00:41
320

Qərbin Cənubi Qafqazda məkirli niyyəti...

Cənubi Qafqazda geosiyasi mübarizə özünü göstərməkdədir. Bir çox ölkələrin, məsələn, ABŞ, Fransa kimi dövlətlərin regionda yerləşmək niyyəti gizlədilmir də. Maraqlar naminə müxtəlif çirkin əməllətə əl atılır, hətta marionet dövlət olan Ermənistan da silahlandırılaraq, bir çox ölkələrin əlində alət kimi istifadə edilir. Amerika Birləşmiş Ştatları eləcə də, Avropanın bir sıra dairələrinin ölkəmizə qarşı qərəzli mövqeyini hər zaman  müşahidə edirik. ABŞ Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxladığı 30 il ərzində Ermənistanı bir dəfə də olsun qınamadı. Amma 1992-ci ildə Azərbaycana qarşı “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi qəbul etdi. Bu da Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə daha da həvəsləndirdi. Özünü tamamilə  cəzasızlıq şəraitində hiss edən Ermənistan Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətində olduğunu açıq şəkildə bəyan etməkdən də çəkinmirdi.

Son günlər  yenə də Ermənistanda müxtəlif səviyyələrdə anti-Azərbaycan ritorikası güclənib. Sərhədlərin müəyyənləşməsi istiqamətində görüşlərin dayanması, işçi qrupun fəaliyyətsizliyi, London görüşündən imtina, Ermənistanın konstitusiyasında dəyişikliyin edilməsinə meylin görünməməsi, rəsmi Bakının təkliflərinə hələ də mükəmməl cavab verilməməsi rəsmi İrəvanın sülh, normallaşma prosesi ilə bağlı işini yalnız quru açıqlamalarla bitmiş hesab etməsindən xəbər verir. Bu da əvvəllər Azərbaycanla münasibətlərin qurulmasında daha maraqlı görünən Ermənistanı ruhlandıranların olduğunu göstərir. “Flightradar” uçuşları izləyən sistemə əsasən, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından İrəvanın “Zvartnos” hava limanına iki hərbi təyyarə enib. Ştatların “Boinq C-17” hərbi yük təyyarəsində Ermənistana yük və şəxsi heyət gətirilib. Bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyində Pentaqonun yüksək rütbəli zabitinin xidmətə başlaması Ağ Evlə İrəvan arasında hərbi əməkdaşlığın inkişafının göstəricisidir. Avropa İttifaqının və  ABŞ-ın işğalçı dövlətə külli miqdarda maliyyə ayırması Qərbin tarixi Zəfərimizi, ən əsası uğurlarımızın əsasında dayanan müstəqil siyasətimizi qısqanclıqla qarşıladığının  bir daha sübutudur. Maliyyə yardımları işğalçı düşüncədən xilas olmayan Ermənistanın təcavüzkar ruhunu, əməlini dirçəltməkdir. Çünki rəsmi İrəvan Azərbaycan və Türkiyəyə torpaq iddiası, saxta soyqırımın tanınması iddiasını özündə ehtiva edən konstitusiyasını dəyişmək istiqamətində hələ də real addım atmayıb.

Qərbin Xocalıda 613 nəfəri qəddarcasına öldürən, minlərlə insanı şikəst edən, bir milyondan artıq azərbaycanlını doğma yurd-yuvasından didərgin salan işğalçı, təcavüzkar  ölkəyə dövlət səviyyəsində dəstək göstərməsi  yolverilməzdir. Dövlət başçısı İlham Əliyevin «Bəzi hallarda həqiqətlərə göz yumulur. Müəyyən dairələr öz siyasətini uydurulmuş faktlər, təhrif edilmiş tarix əsasında aparmağa davam edirlər. Bu ikili standartlar siyasətidir. İkili standartlar ədalətsizlik deməkdir. İşğalçı ilə işğalın qurbanını, necə deyərlər, bir səviyyədə görmək nə qədər ədalətlidir?!»  fikri beynəlxalq hüququn norma və prinsiplərini bütün ölkələrə eyni şəkildə tətbiq etməyən dövlətlərə tutarlı cavabdır.

Ölkəmizin nə ABŞ, nə də  digər qərəzli mövqe sərgiləyən dövlətlər qarşısında heç bir öhdəliyi yoxdur. Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. ABŞ və digər qərəzli ölkələr özlərinin günbəgün artan dövlət borclarından başlayaraq irqi ayrı-seçkilik, polis zorakılığı, kriminal hadisələrin baş alıb getməsi və digər çoxsaylı daxili problemləri ilə məşğul olsalar daha düzgün olar. Bu gün dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlərdə, müharibələrdə, dövlət çevrilişlərində, vətəndaş müharibələrində ABŞ-ın iştirakı göz önündədir. Uzun illər  Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə heç bir abadlıq yaratmadı, əksinə bu xalqı bədbəxt etdi. Bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. Bu gün dünyada baş verən bütün savaşların ssenari müəllifi  məhz Amerikadır.

Ermənistana ardıcıl maliyyə və humanitar yardımının göstərilməsi, silahlandırılması istiqamətində atılan addımlar, Paşinyan başda olmaqla Ermənistan rəsmilərinə edilən siyasi reveranslar Avropa təsisatlarının ədalətli ola bilməmələrinin sübutudur.

Göründüyü kimi, Qərb Azərbaycanın maraqlarını, Cənubi Qafqazın təhlükəsizliyini nəzərə almadan Ermənistanı gücləndirməyə başlayıb. Tarixi təcrübə və son illər baş verənlər çıxış yolunun silahlanmada, üçüncü qüvvələri regiona çağırmaqda olmadığını sübut etdi. Görünən odur ki, Qərb Cənubi Qafqaza sağlam niyyətlə baxmır. Ermənistan artıq başa düşməlidir ki, ABŞ-ın bu tip siyasi riyakarlıqlarla dolu addımları bölgədə sülhə, sabitliyə mane olmaqla əslində  elə Ermənistanın özünün dövlətçiliyini təhdid edir. Çünki artıq Azərbaycan özünün ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını  və bütün ərazilərində konstitusiya quruluşunu tam bərpa etməklə, bölgədə separatizmin sonunu gətirməklə Qərbin iradəsi ziddinə yeni reallıq formalaşdırıb.

 Şəmsiyyə Əliqızı, “İki sahil”