30 avqust 2024 02:28
384

Demokratik inkişaf strateji kursumuzun əsasıdır

Prezident İlham Əliyev daim bu çağırışı edir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz

Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev daim bu çağırışı edir ki, demokratikləşmə prosesinin sürətləndirilməsi sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Dövlətimizin başçısı bu reallığı hər zaman önə çəkir ki, dünyada elə ölkələr var ki, iqtisadi inkişafı yüksəkdir, amma demokratik inkişafdan danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, əksinə demokratik inkişafı ilə seçilir, iqtisadi inkişafı aşağı səviyyədədir. Lakin ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyi hərtərəfli inkişafı təmin etməklə yanaşı, Azərbaycanın inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsində stimulverici amilə çevrilib.

Demokratik dəyərlərə sadiqlik siyasi sistemin inkişafını təmin edən faktorlardan biridir. Ölkə Prezidenti İlham Əliyev müsahibələrinin birində “Siz Azərbaycanda hansı siyasi islahatları uğurlu hesab edirsiniz və siyasi inkişaf üçün, ölkədə siyasi islahatlar üçün daha nə etmək lazımdır” sualına cavabında bildirmişdir ki, şübhəsiz, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir və mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrdə bu istiqamətdə çox iş görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 85 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Biz siyasi islahatların və nailiyyətlərin səviyyəsini çox sağlam düşüncə ilə qiymətləndiririk.

Ölkəmiz demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu önə çəkən cənab İlham Əliyev insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atır. “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlaq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq” söyləyən Prezident İlham Əliyev eyni zamanda bu fikri də önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü olan ölkədə demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə qorunmursa, uğurdan danışmaq qeyri-mümkündür. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2006-cı ildə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nı təsdiq etməsi, bunun davamı olaraq 2011-ci ildə imzaladığı Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın uğurlu icrası, 18 iyun 2007-ci il tarixli Sərəncamla İnsan Hüquqları Gününün təsis edilməsi bu reallığın təsdiqidir ki, insan amili dövlət siyasətinin əsasında dayanır.

1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza bu günə qədər üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də insan amilinə verilən dəyəri ortaya qoyur. 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq səsverməsində müzakirəyə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquqlarının qorunmasına xidmət edir. 2009-cu il referendumunda “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması və yüksək rifah halının təmin edilməsidir. 2016-cı il referendumunda təqdir olunan əlavə və dəyişikliklərdən biri vitse-prezidentlik institutunun yaradılması, eyni zamanda, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması oldu.

Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi də son 20 ildən artıq dövrdə diqqətdə olan məsələlər sırasındandır. “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edildi. Vətəndaş cəmiyyəti quruculuğu prosesində QHT-lərin rolunu yüksək dəyərləndirən cənab İlham Əliyev 2005-ci ildə imzaladığı Sərəncamla 30 faizdən artıq maliyyəsini xaricdən alan QHT-lərin seçkiləri izləmələrinə qoyulan qadağanı aradan götürdü. Vətəndaşların sərbəst toplaşma azadlığının təminatı da dövlət siyasətinin əsasında dayanır. Bununla bağlı qəbul olunan qanun da dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilir.

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının ölkədə həyata keçirilən islahatların qanunverici orqanda da öz əksini tapması məqsədilə 2019-cu ilin sonlarında parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünə uyğun olaraq 2020-ci il 9 fevral tarixində növbədənkənar altıncı çağırış Milli Məclisə seçkilər keçirildi. Həmin ilin 10 mart tarixində 6-cı çağırış Milli Məclisin ilk iclasında «Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, ötən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var: «Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır. Deyə bilərəm ki, həm altıncı çağırış Milli Məclis bu sahədə, əlbəttə, öz sözünü deyəcək, eyni zamanda, Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.»

Siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan həyata keçirilməsinin mümkünsüzlüyünü bildirən ölkə Prezidenti qeyd etmişdir ki, bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir: «Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır.»

Hazırkı dövrdə siyasi partiyalar arasında dialoqun təşkili məsələsi əsas müzakirə olunan məsələlər sırasındandır. Siyasi proseslərin iştirakçıları arasında etibarlı və işgüzar münasibətləri təşviq edən siyasi dialoqla bağlı iqtidarın təşəbbüsləri davam edir. Bu fikir xüsusi qeyd edilir ki, siyasətdə etibarlı və davamlı münasibətlər mühitini təmin edən əsas amillərdən biri dialoq prinsiplərinin bərqərar olunmasıdır. Ölkəmizdə demokratik ənənələrin formalaşması prosesini şərtləndirən dialoqun inkişafı naminə Azərbaycan iqtidarı son illərdə müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatların prinsipial istiqamətlərindən biri siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasından ibarətdir. Bu mənada siyasi dialoqun şaxələnməsi və iştirakçı tərəflərin sayının artırılması gözləniləndir. Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir. Son zamanlar iqtidarın şahidi olduğumuz dialoq təşəbbüsləri siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin bərqərar olunmasına xidmət edir.

Hazırda ölkəmiz mühüm siyasi kampaniya-növbədənkənar parlament seçkiləri ərəfəsindədir. Bu seçkilərdə 991 namizəd mübarizə aparacaq.

Növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 50 beynəlxalq qurumdan və 69 ölkədən 604 nəfər akkreditə olunub. Həmçinin seçkiləri müşahidə etmək üçün 25 siyasi partiyanın 65 minə yaxın müşahidəçisi qeydə alınıb. Bu faktların özü Azərbaycan dövlətinin demkratik inkişafda, seçkilərin demokratikliyinin təmin edilməsində nə qədər maraqlı olduğunu göstərir. Bu fikir beynəlxalq ekspertlər tərəfindən də qeyd edilir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinə iki ay qalmış ev sahibi olan Azərbaycanda parlament seçkilərinin təşkili ölkədəki mövcud demokratiya ilə bağlı dünya ictimaiyyətində müsbət rəy formalaşdıracaq. Parlament seçkiləri ölkədə demokratiyanın daha da güclənməsinə rəvac verəcək.

Bu seçkilər həm də ona görə tarixidir ki, bu, Azərbaycanın bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçiriləcək ilk parlament seçkiləri olacaq. Vətəndaşlar doğma torpaqları işğaldan azad edildikdən sonra orada seçki prosesində iştirak edəcəklər. Bu, çox qürurvericidir.

Onu da qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərdə işğaldan azad olunmuş ərazilərdə 54 məntəqə üzrə 42 mindən çox səsvermə hüququna malik seçicinin səs verəcəyi bildirilir. Azərbaycanın tətbiq etdiyi veb-kamera layihəsi bu məntəqələrdə də icra edilir. Hər zaman yeniliyə, təkmilləşməyə xüsusi maraq göstərən Azərbaycan yeni dövrün yeni hədəflərinə yüksək səviyyədə nail olmaqda xüsusi rola malik olan 1 sentyabr-növbədənkənar parlament seçkilərinin demokratikliyini təmin etmək üçün bütün zəruri addımları atır.

Seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki platformasında da Azərbaycanın ötən dövr ərzində demokratik islahatlar sahəsində qazandığı uğurlar və hədəflər açıqlanır. Vurğulanır ki, Azərbaycan xalqının hakimiyyətin yeganə mənbəyi olması, seçkili orqanlara seçkilərin ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə keçirilməsi, əsas insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ölkəmizin demokratik siyasi sisteminin əsaslarını təşkil edir. Demokratik inkişaf istiqamətində əsas hədəflər təbii ki, qanunun aliliyinin təmin edilməsi, insan və vətəndaş hüquqlarının, söz, fikir və ifadə azadlığının qorunması, demokratik təsisatların güclənməsinə və vətəndaş cəmiyyətinin inkişafına xidmət edən tədbirlərin davam etdirilməsi, dövlət orqan və qurumlarında, özəl sektorda şəffaflığın daha da artırılması üçün ictimai institutlara dəstəyin gücləndirilməsi, demokratik dəyərlərə zidd olan neqativ hallara qarşı mübarizənin sistemli şəkildə davam etdirilməsi, demokratik inkişaf naminə digər siyasi partiyalarla fəal dialoq, konstruktiv əməkdaşlığın davam və inkişaf etdirilməsidir. Bu hədəflər bu günədək Azərbaycanın atdığı addımların davam etdirilməsinə çağırışdır. Azərbaycan dövləti daim insan hüquqlarının qorunmasını prioritet məsələ kimi öndə saxlayır. Azad mətbuatın inkişafı əsas çağırışlardandır. “Media haqqında” yeni Qanunun qəbulu da bunu təsdiqləyir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, demokratik inkişaf strateji kursumuzun əsasıdır. Heç bir qüvvə Azərbaycanı bu yoldan döndərə bilməz.

Yeganə Əliyeva, “İki sahil”