29 avqust 2024 16:48
315

Qardaş ölkələr çiyin-çiyinə addımlayır

Bütün dövlətlərlə və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini israrla bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət göstərir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir.

Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına xüsusi önəm verdiyi istiqamətlərdən biri türk dünyasının birliyidir. Türk dövlətlərinin əlaqələrinin uğurlu inkişafı bunun bariz nümunəsidir. Münasibətlər qarşılıqlı səfərlər nəticəsində yüksələn xətlə inkişaf edir. Bu gün Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq diqqətdən kənarda qalmır. Cənab İlham Əliyevin 22-23 avqust tarixlərində  Özbəkistana dövlət səfəri bütün bu məqamlara işıq saldı. Bu səfər hazırda ölkə mətbuatında geniş müzakirə olunmaqdadır.

Ölkələrimiz arasında əlaqələrin tarixindən bəhs edərkən qeyd etməliyik ki,  diplomatik münasibətlərin 1995-ci ildə  qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.

Dövlətimizin başçısının sözügedən səfəri zamanı keçirilən müxtəlif tərkibdə görüşlərdə, mətbuata bəyanatda keçilən yolun təhlili əsasında qarşıdakı dövrün hədəfləri açıqlandı. İmzalanan sənədlər bu hədəflərin təqdimatı oldu. Belə ki, 15-ə yaxın sənəd imzalandı ki, bunlardan biri müttəfiqlik münasibətləri haqqında  Müqavilədir. Mətbuata bəyanatında cənab İlham Əliyev bildirdi ki, biz rəsmən müttəfiq olduq. Bu, tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Özbəkistan Prezidenti isə qeyd etdi ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çoxəsrlik dostluq münasibətlərimizin inkişafında tarixi hadisədir. Bu gün cənab İlham Əliyev ilə  müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı. Bu sənəd dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni fəslin başlanması ilə əlamətdardır. Biz bununla çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişafı kursuna möhkəm sadiqliyimizi təsdiq etdik: “Zənnimcə, bu il 33 iliyimizin tamam olduğu qısa bir müddətdə bu sənədlərin imzalanması heç bir ölkə ilə olmayıb, birincisi, Özbəkistanın çox az ölkə ilə müttəfiqlik münasibətləri var. Sizin qarşınızda bir daha demək istəyirəm, bu gün biz tarix yazdıq. Bu tarix iki yaxın xalqın - Azərbaycan və Özbəkistan xalqlarının rifahında öz əksini tapacaq.”

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı  türk dünyasının birliyinə böyük töhfə kimi dəyərləndirilir. Aparılan müzakirələr, imzalanan sənədlər bu qənaətə əsas verir ki, Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Özbəkistan Prezidentinin “Əminəm ki, Sizin tarixi səfərinizin məhsuldar nəticələri Özbəkistan-Azərbaycan əlaqələrinin gələcək inkişafına güclü təkan verəcək, dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə xidmət edəcək” fikirlərinin davamı olaraq cənab İlham Əliyev bildirdi ki, qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik.  

Samir Qocayev,
​YAP Goranboy rayon təşkilatının sədri