29 avqust 2024 13:33
323

Özbəkistan Respublikası ilə ölkəmizin qarşılıqlı dostluq münasibətləri dərin köklərə malikdir

Vətən Müharibəsində qazandığımız qələbə, qələbənin ardından Türkiyə ilə münasibətlərimizi müttəffiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin imzalanması, bununla da Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının daha da güclənməsi bütövlükdə türk dünyası dövlətlərinin birliyinə müsbət töhfə vermiş və bu birliyi daha da möhkəmləndirmişdir. Ölkəmiz coğrafi baxımdan Türkiyə və Mərkəzi Asiyada yerləşən türk dövlətləri ilə körpü rolunu oynadığı kimi, türk xalqları arasında dostluq münasibətlərinin inişaf etdirilməsində də körpü missiyasını çox böyük uğurla həyata keçirir.

Özbəkistan və Azərbaycan arasında əlaqələr əsrlər boyunca tarixi, mədəni və coğrafi aspektlərdən qaynaqlanır. Hər iki ölkə qədim İpək Yolunun üzərində yerləşdiyindən, Orta Asiya və Qafqaz regionlarında əhəmiyyətli rol oynamışdır. Bu gün isə Özbəkistan-Azərbaycan münasibətləri təkcə tarixi əlaqələrlə məhdudlaşmamış, strateji əməkdaşlıq, iqtisadi inteqrasiya və regional təhlükəsizlik sahələrində də möhkəmlənmişdir.

Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Qeyd edək ki, Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin son iki ildə beş dəfə Özbəkistana səfər etməsi ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin ən yüksək səviyyədə olduğunu göstərir. Həmçinin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin keçən il yenidən dövlət başçısı seçildikdən sonra ilk rəsmi dövlət səfərini də məhz Azərbaycana etməsi də iki ölkə arasında olan dostluq münasibətlərinin səmimiyyət və möhkəmlik göstəricisi kimi qiymətləndirilə bilər.  Birmənalıdır ki, iki yaxın xalq, iki yaxın ölkə olan Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin bu gün tamamilə yeni mərhələyə yüksəlişi bilavasitə iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri sayəsində mümkün olub. Bu gün həm Özbəkistan, həm də Azərbaycan xalqları dövlət başçılarının münasibətlərinin, qarşılıqlı səfərlərinin müsbət nəticələrini əməli işlərdə görürlər.  

2022-ci ilin iyun ayında isə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfər etmişdir. Bu səfər çərçivəsində tərəflər arasında bir sıra strateji əhəmiyyətli sazişlər imzalanmışdır. Bu sazişlər təkcə iqtisadi və ticarət sahələrində deyil, həm də mədəniyyət, təhsil və humanitar sahələrdə əməkdaşlığı gücləndirməyə yönəldilmişdir. Hər iki lider regional təhlükəsizlik məsələlərini müzakirə edərək, birgə addımların atılmasını vurğulamışdır.

Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanmışdır. Diqqətəlayiq haldır ki, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan Prezidentinin şəxsi təşəbbüsü ilə orta məktəb binası ölkəmizə hədiyyə olaraq inşa edilmişdir. 2023 –  cü ilin 23 avqust tarixində  Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində də iştirak ediblər.  Bu fakt iki dost ölkə arasında əlaqələrin getdikcə genişləndirilməsini və möhkəmləndirilməsini bir daha təsdiq edir.

Prezident cənab İlham Əliyevin 22 avqust 2024-cü il tarixində Özbəkistan Respublikasına dövlət səfəri inkişaf edən münasibətlərə daha bir örnəkdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə məhdud tərkibdə keçirilən görüşdə iki ölkə arasında enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq müzakirə olundu, beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycanla Özbəkistanın münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlir. Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Prezident İlham Əliyevin də dediyi kimi ölkələr arasında möhkəm münasibətlər artıq bütün sınaqlardan çıxıb və bu gün ən yüksək səviyyəyə çatıb.   Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” böyük tarixi əhəmiyyət kəsb edən sənəddir. Öz çıxışında dövlətimizin başçısı bu sənədin önəmini xüsusi vurğulayaraq bildirdi ki, bu, tarixi bir məqamdır. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular və bu amil regionlarımızda müsbət proseslərin Özbəkistan ilə Azərbaycan arasında olan səmərəli əməkdaşlıqdan asılılığını bir qədər də gücləndirəcək.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub və iki ölkə liderlərinin - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri