28 avqust 2024 23:59
344

Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir

Cari ilin 23 avqust tarixi Prezident İlham Əliyevin Özbəkistanda rəsmi səfəri, hər iki ölkə rəhbərinin mətbuata verdikləri bəyanatla yadda qaldı.

Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.

Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışı oldu.

Cari ilin 23 avqust tarixi Prezident İlham Əliyevin Özbəkistanda işgüzar dairələrinin nümayəndələri ilə görüşü zamanı çıxışı ilə də əlamətdar oldu. Dövlət başçısı qeyd etdi ki, Daşkənddə keçirilən biznes-forum layihələrlə çox zəngin olub. 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslər əməkdaşlıq əlaqələri daha zəngin edəcəkdir. Biznes strukturları siyasi konyunkturaya çox həssas reaksiya verir. İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir.

 Özbək investorları üçün Azərbaycanda işləmək, sərmayə qoymaq da əlverişli və faydalı olacaq. İnvestisiya proqramları müəyyən olunmuş sahələr: sənaye (ağır, avtomobil, yüngül), kənd təsərrüfatı (pambıqçılıq, ipəkçilik, bağçılıq), turizm biznesi, mehmanxana biznesidir. Biznes layihələrinin informasiya dəstəyinə gəlincə Azərbaycanda Özbəkistanda baş verənlərlə bağlı və hansı böyük layihələrin reallaşdığı, biznes üçün necə imkanların olması barədə daha çox informasiya olmalıdır.

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə imzalanmış Azərbaycan-Özbəkistan sənədləri hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi arasında məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlıq haqqında Protokol“,Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyi yanında Turizm Komitəsi arasında 2024-2026-cı illər üzrə turizm sahəsində Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi arasında 2024-2026-cı illər üçün mədəni-humanitar əməkdaşlıq üzrə Yol xəritəsi”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Uzbekneftegaz” SC arasında Əsas Şərtlər Sazişi”, Bakı (Azərbaycan) ilə Daşkənd (Özbəkistan), Beyləqan (Azərbaycan) ilə Şəhrisəbz (Özbəkistan), Quba (Azərbaycan) ilə Cizak (Özbəkistan) şəhərləri arasında regionlararası əməkdaşlıq haqqında imzalanmış sənədlər iki ölkənin inkişafı üçün mühüm rol oynayan sənədlərdəndir.

Arzu İbrahimova,
Xətai rayonu, 27 nömrəli tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon təşkilatının üzvü