28 avqust 2024 23:09
317

Qardaş dəstəyi

Ölkəmizin hər zaman dostları çox olub, bunlardan biri də hər zaman qardaşlığını öz dəstəyi ilə isbat etmiş Özbəkistan Respublikasıdır. Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür.

Türk dünyası dövlətləri regionunun ciddi iqtisadi və siyasi potensiala malik subyektlərdəndir. Türk dövlətlərindən biri və keçmiş sovetlər birliyinin üzvü kimi Özbəkistan bütün dövrlərdə Azərbaycana münasibətdə beynəlxalq hüququn prinsiplərini rəhbər tutmaqla prinsipial şəkildə dostluq mövqeyi sərgiləyən dövlətlərdəndir. Müstəqillik tariximizdə Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsində diplomatik əlaqələrin yüksək səviyyədə olduğu Özbəkistan ilə Azərbaycanı həm də dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən irəli gələn sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir.

Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir. 1995-ci ildə Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr yaradılıb. Çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq Özbəkistanda hələ də Ermənistanın və Özbəkistanın qarşılıqlı səfirlikləri fəaliyyət göstərmir. Bundan başqa, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il 14 mart tarixli "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnaməni dəstəkləyən yeganə Mərkəzi Asiya ölkəsi olub, Azərbaycan və Özbəkistan Prezidentləri tərəfindən 2010-cu ildə imzalanan Daşkənd Birgə Bəyannaməsində bu ölkə açıq şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin ilk öncə bizim suverenliyimiz, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına riayət olunması və təmin edilməsi, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmasının zərurətini bəyan edib. Özbəkistan hakimiyyətinin ilk gündən sərgilədiyi bu ədalətli və haqqa əsaslanan mövqe 2016-cı ildən, Şavkat Mirziyoyev hakimiyyətə gəldikdən sonra da davam etdirilib, Ermənistanla soyuq təmaslara üstünlük verilib, Prezident Şavkat Mirziyoyev, eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin sədri olduğu bir dövrdə Vətən müharibəsində Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Qələbə münasibətilə nümayişkaranə şəkildə Azərbaycan xalqını təbrik edib.

Günay Musayeva,
27 saylı tam orta məktəbin texnologiya muəllimi,
YAP Xətai rayon təşkilatının üzvü