29 avqust 2024 02:58
317

Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri misilsizdir

“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”

Ulu Öndər Heydər Əliyev

Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik, bərabərlik və ədalət uğrunda mübarizələrdən ibarətdir. Əsrlər boyu davam etmiş, zaman-zaman qazanılmış, itirilmiş və yenidən qazanılmış bu azadlıqlar xalqın mübarizlik ruhunu həmişə qidalandırıb. XIX əsrin əvvəllərində xanlıqların Rusiya tərəfindən istilası başa çatdığı zamandan xalqın cəsarətli ziyalıları tarixi dövlətçiliyimizi bərpa etmək üçün daim azadlıq mücadiləsi aparıblar. Bir əsrdən çox davam edən bu mübarizə I Dünya müharibəsindən sonra baş verən qlobal transformasiyalar şəraitində xalqımızı ilk böyük qələbəyə çatdırıb. 1918-ci ildə türk dünyasının respublika quruluşlu ilk dövləti - Azərbaycan Xalq Cümhuriyyəti meydana gəlib. Təəssüf ki, o zaman xalqımızın azadlıq və müstəqillik sevinci uzun sürmədi. Yenicə başa çatmış dünya müharibəsinin dağıntıları aradan qalxmamış beynəlxalq imperializm yeni müstəmləkəçilik siyasətini işə saldı. Azərbaycan Xalq Cümhuriyyəti yenidən işğala və müstəmləkə asılılığına düçar oldu.

70 il sovet imperiyasının tərkibində öz mövcudluğunu sürdürən Azərbaycan azadlıq savaşını bir an belə dayandırmadı. Bu yolda minlərlə insan öz həyatını itirdi, lakin xalq azadlıq amalından dönmədi. 1980-ci illərin sonu və 1990-cı ilin əvvəllərində dünya yenidən qlobal miqyaslı ictimai-siyasi çaxnaşma ilə üzləşdi. Sovet imperiyasının süqutu başladı. Belə bir zamanda Azərbaycan öz müstəqilliyini bərpa etmək və yenidən azadlığına qovuşmaq üçün mücadiləyə qalxdı. “Ya indi, ya da heç zaman” dilemmasını müstəqilliyin xeyrinə həll etmək xalqın qarşısında duran ən böyük həyati çağırış idi. Həmin dövrdə ölkədə baş verən siyasi kataklizmlər dalğasında hakimiyyətin bir qrup səbatsız psevdo-siyasətçilərin əlinə keçməsi qazanılması mümkün olan müstəqilliyimizi ciddi sual altına qoymuşdu. Belə bir şəraitdə xalqın ən böyük idealını gerçəkliyə qovuşdurmağın yolunu və üsullarını bilən yeganə siyasətçi dahi şəxsiyyət, uzaqgörən siyasətçi Heydər Əliyev idi. Odur ki, Azərbaycanın müstəqilliyini qəbul etmək istəməyən xarici qüvvələr onlara qulluq edən daxili xəyanətkarların vasitəsilə Heydər Əliyevin hakimiyyətə yaxınlaşmasını hər vəchlə önləməyə çalışırdılar. Bütün maneələrə baxmayaraq Heydər Əliyev azadlıq və müstəqillik mübarizəsindən geri çəkilmədi. Əksinə həyatının qalan hissəsini də xalqın azadlığı və xoşbəxtliyi uğrunda mübarizəyə həsr etdiyini qürurla və cəsarətlə bəyan etdi.

1990-cı il qanlı yanvar hadisələrindən bir neçə ay sonra Naxçıvana gələn Ulu Öndər Heydər Əliyev noyabrın 17-də Muxtar Respublikanın Ali Məclisinin Sədri seçildi və sonra siyasi fəaliyyətini orada davam etdirməyə faktiki olaraq blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı. Məhz o dövrdə Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. Belə ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli Bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından "sovet" və "sosialist" sözlərinin götürülməsi idi.

Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Uluöndərin çağırışını xalq ruh yüksəkliyi ilə qarşıladı. Həmin sessiyada dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Sənəddə deyilirdi: "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir".

Dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də itirilməsinə gətirib çıxaracaqdı. Bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarları, əslində, dövlətçilik deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. Həmin dövrdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə, ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər. Bütün bunlar isə nəticə etibarilə müstəqilliyin məhvinə aparırdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi. Belə bir vəziyyətdə Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin tələb və istəyi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev bu çətin missiyanı öz üzərinə götürərək müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən, təhdidlərdən xilas etdi. 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik sükanının arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyirdi!?

Məhz Heydər Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu. İlk növbədə, ölkədə separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən təcrid edildi. Ölkənin nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı tədbirlər həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi. Ulu Öndərin rəhbərliyi ilə başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı. Ulu Öndər Heydər Əliyevin dövlətçilik idealogiyasını uğurla və yüksək inkişaf xətti ilə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi genişşaxəli və məzmunlu siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ulu Öndərin yeni neft strategiyası, iri enerji layihələrinin uğurla reallaşması və işə düşməsi, dövlət başçısının müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da əbədi olmasına, dövlətçiliyimizin isə daha da qüdrətlənməsinə xidmət edir. Azərbaycanın müstəqil daxili və xarici siyasəti ölkəmizi təkcə regionda deyil, həmdə beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanıdır. Şübhəsiz ki, bugünki bütöv və müstəqil Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır. Ata vəsiyyətini böyük bir qətiyyətlə yerinə yetirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan günü-gündən daha da güclənir və daha böyük uğurlara doğru əmin addımlarla irəliləyir.

Sevinc Azadi, “İki sahil”