28 avqust 2024 11:02
440

Azərbaycan – Özbəkistan əlaqələri yeni inkişaf mərhələsində

Azərbaycan və Özbəkistan dövlətləri arasındakı dostluq, qardaşlıq münasibətləri tarixi ənənələrə, dərin səmimiyyətə, mehriban dostluğa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət, din birləşdirir. İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf etmişdi. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı məhz Özbəkistanda özünə sığınacaq tapmışdı. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında Azərbaycan xalqının nümayəndələri yaxından iştirak edərək şəhərin yenidən qurulmasına öz töhfələrini vermişdilər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, siyasi, ictimai, iqtisadi həyatında fəal iştirak edir.

Ölkələrimiz arasında siyasi-diplomatik   münasibətlərin tarixinə nəzər salsaq, qeyd etməliyik ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci il tarixində yaradılıb. Azərbaycanla Özbəkistan arasında əlaqələrin intensivləşdirilməsinə Ulu Öndər Heydər Əliyev əvəzsiz töhvələr vermişdir. 18-19 iyun 1997-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin Özbəkistana rəsmi səfərini iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar.  Həmin vaxtdan etibarən Azərbaycan – Özbəkistan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 23 avqust 2024-cü il tarixində Özbəkistan Respublikasına rəsmi səfəri zamanı səsləndirdiyi bəyanatda bir çox maraqlı məqamlar yer almışdı. Ölkə başçımız öz bəyanatında işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılması layihəsini xüsusi qeyd etdi. Dövlət başçımız əlavə etdi ki, bu xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə - istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik. Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasına kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduq. O, artıq Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini bizdə də inşa etdi. Artıq mənə məlumat veriblər ki, orada 500 şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir.

23 avqust 2024-cü il tarixində Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti  Şavkat Mirziyoyev arasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Ali təhsil, Elm və İnnovasiyalar Nazirliyi arasında peşə təhsili, orta ixtisas, ali təhsil və elm sahəsində əməkdaşlıq haqqında protokol”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasınn Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş” və bir çox vacib sənədlər imzalandı. Birgə investisiya proqramlarının icrası iki qardaş dövlət arasındakı müttəfiqlik münasibətini daha da dərinləşdirəcək.

Nigar Qocayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi