20 avqust 2024 23:48
383

Rusiya ilə Azərbaycan müttəfiq, dost və tərəfdaşdırlar

Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bu ölkələr arasındakı qarşılıqlı əməkdaşlıqla birbaşa bağlıdır

Beynəlxalq ictimaiyyətin nəzəri yenidən dünya siyasətinin qaynar nöqtəsi sayılan Cənubi Qafqaza yönəldi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərini hər kəs öz maraqlarına uyğun təhlil etdi. ABŞ-ın, Qərbin bölgənin digər dövləti Ermənistana himayədarlığının, silah- sursatlardan ibarət «humanitar yardım paket»lərinin artdığı məqamda Prezident Vladimir Putinin Azərbaycana səfəri müəmmalı suallar yaratmaqla beynəlxalq səviyyədə geniş müzakirə olunur. Rusiya-Ukrayna müharibəsinin şiddətləndiyi məqamda Prezident Vladimir Putinin ölkədən kənara səfəri ciddi ajiotaj yaratsa da birmənalı qarşılanmayıb, müxtəlif, bəzən də ziddiyyətli yanaşmalara səbəb olub. Əlbəttə, bu cür yanaşmaların obyektiv və subyektiv səbəbləri var. Etiraf edək ki, Rusiya üçün, yumşaq desək, heç də asan olmayan indiki dövrdə ölkə rəhbərinin Cənubi Qafqazın lider dövləti Azərbaycana səfəri birmənalı qarşılanmadı. Hər iki dövlət başçısının iştirakı ilə məhdud və geniş tərkibli görüşlər barədə mətbuata lazım bilindiyi səviyyədə açıqlamalar verildi. Prezidentlər Vladimir Putin və İlham Əliyevin Bakı danışıqlarının yekunlarına dair Birgə Bəyanatında qeyd edildiyi kimi, tərəflər dövlət suverenliyinə, müstəqilliyə, ərazi bütövlüyünə, bərabər hüquqluluğa və bir-birinin daxili işlərinə qarışmamağa, qarşılıqlı hörmət prinsipləri əsasında dövlətlərarası əlaqələri möhkəmləndirməyi davam etmək barədə razılığa gəliblər. Bəyanatda, eyni zamanda, beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Rusiya ilə Azərbaycan beynəlxalq hüquqa əsaslanan, ikili standartlardan azad və ayırıcı xətlərin yaradılmasını istisna edən dünya düzəninə töhfə vermək istəklərini təsdiqləyiblər. Vurğulanıb ki, tərəflər sülhün, təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın qorunmasında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) mühüm rolunu tanıyırlar. Rusiya ŞƏT-də Azərbaycanın statusunun yüksəlməsini, BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) ilə əməkdaşlığın möhkəmləndirilməsinə olan marağını dəstəkləyir. Danışıqlarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın əhəmiyyəti diqqətə çatdırılıb. 2018-ci il Konvensiyasına uyğun iki ölkə arasındakı aktiv əməkdaşlıq yüksək qiymətləndirilib. Dövlətlər arasında sənaye və kənd təsərrüfatı sahələri üzrə əməkdaşlığın möhkəmləndirilməsinin, turizm və tranzit axınlarının genişləndirilməsinin, eləcə də dəmir yolu və multimodal yük daşımalarının və «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizi marşrutu üzrə infrastrukturun inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Güclü siyasi, iqtisadi potensiala malik hər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Rusiya Prezidentinin Cənubi Qafqazın lider ölkəsi, regionda strateji əhəmiyyəti artan, müstəqil dövlət kimi diplomatiyası beynəlxalq səviyyədə dəstəklənən, vədinin, sözünün sahibi olan Azərbaycana səfəri siyasi gündəmin əsas məsələsi kimi aktuallığını qouyur, təhlil edilir. Dünya siyasətində qlobal proseslərin dəyişildiyi, dövlətlərarası münasibətlər sistemində gərginliyin daha da gücləndiyi, beynəlxalq hüqüqun norma və prinsiplərinin arxa plana keçirildiyi, baş verən hadisələrin diqqətlə izlənildiyi müasir dövrümüzdə hadisələrə maraqlı tərəflərin baxışları da ziddiyyətlidir. Xüsusilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri ilə qlobal güclər arasında mövqeyi möhkəmlənən Azərbaycana münasibətlər də birmənalı deyil. Bölgədə sabitliyin yaranması, qonşularla səmimi münasibətlərin formalaşması üçün çoxşaxəli əməkdaşlığa üstünlük verən Azərbaycanın dinamik və müstəqil siyasətinə mane olan qüvvələrin Rusiya ilə Azərbaycanın əlaqələrinə yanaşma tərzi ziddiyətlidir. Əməkdaşlıq etdiyi dövlətlərlə qarşılıqlı etimad prinsipləri əsasında əlaqələrini möhkəmləndirən Azərbaycanla Rusiya arasındakı münasibətlər 2022-ci ilin əvvəlində imzalanan Bəyannamənin şərtlərinə uyğun inkişaf edir. Energetika, nəqliyyat sahələrində əməkdaşlıq genişlənir, humanitar əlaqələrə, sosial münasibətlərə və digər sahələrə xüsusi diqqət yetirilir. Hər iki ölkə təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində, forumlarda milli maraqların qorunması şərtilə əlaqələrini genişləndirirlər. Daxili və xarici siyasətini beynəlxalq aləmdə baş verən hadisələrə uyğun təkmilləşdirən Azərbaycanın Qərblə, Rusiya, İran, İsrail, Türkiyə və digər ölkələrlə, beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi ölkəmizin dünya birliyində mövqeyini daha da möhkəmləndirir.

Planetimizin ən qaynar, riskli, qorxulu təhlükə ocağı olan Yaxın Şərq, İran və İsrail arasında mümkün qarşıdurma ilə bağlı məsələlərin müzakirəsində qarşılıqlı anlaşma prinsiplərinə hörmətlə yanaşan Azərbaycan sülhə dəstək rolunu uğurla davam etdirir. Qərb tərəfindən təcrid olunan, sanksiyalarla təhdid edilən Rusiyanın müttəfiqləri ilə əməkdaşlığını genişləndirməyə ehtiyacı vardır. Qərbin sanksiyalarına görə Avropa ölkələrinə Rusiyanın qaz ixracının dayandırılması ilə rəsmi Kremlin üzləşiyi çətinliklər artıb. Avropa İttifaqı ilə bağlanan müqaviləyə əsasən Rusiya qazından imtina edən qitə dövlətlərinin Azərbaycan qazına ehtiyacı daha artıb.

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair birbaşa danışıqların aparıldığı, sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yarandığı məqamda Qərbin , ABŞ-ın Cənubi Qafqazda fəallaşması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı maddənin sülh sazişi layihəsindən çıxarılaraq sonrakı mərhələyə saxlanılması və sair kimi məsələlərə kənar müdaxilə Rusiyanın bölgədə illərdən bəri davam edən siyasətinə uyğun deyil.
Dünyada, regionda , Şərqi Avropa və Yaxın Şərqdə böyük nüfuz qazanan, MDB ölkələri ilə qarşılıqlı hörmət və etimada əsaslanan yaxşı münasibətlərə diqqətlə yanaşan Azərbaycan sülhsevər ölkə kimi Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllində ciddi rol oynaya bilər. Prezident Vladimir Putinin ölkəmizə səfərinin «not»larını bu amillər əsasında izah, şərh, təhlil edənlərin açıqlamalarında bölgədə yeni reallıqlar yaradan Azərbaycanın təşəbbüsləri, regional sülhə verdiyi töhfələr xüsusilə vurğulanır.

Avqustun 19-da mətbuata bəyanatla çıxış edən prezidentlər Vladimir Putin və İlham Əliyev bölgə dövlətləri kimi regionda yaranan vəziyyət barədə ətraflı məlumat verdilər. İki tərəfli görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edən dövlət başçıları tarixi hadisə olan bu görüşü hər iki ölkə arasında dostluq və müttəfiqlik münasibətlərini möhkəmləndirəcək mühüm amil adlandırdılar.
 Diqqətə çatdırıldı ki, hər iki ölkəni təmsil edən dövlətlərarası strukturların fəaliyyət sahəsi genişlənir, əmtəə dövriyyəsinin artımı əməkdaşlığın real potensialı kimi inkişaf etdirilir . Təhsil və humanitar sahədə münasibətlər diqqət mərkəzindədir. Vurğulandı ki, Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəbdə 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dilli bölmələrinin fəaliyyəti genişlənir. İki ölkə arasındakı münasibətlərdə regional təhlükəsizlik məsələlərinə qarşılıqlı etimad prinsipləri əsasında xüsusi diqqətlə yanaşılır. Azərbaycanın regionda yaratdığı reallıq, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açıb. Rusiya ilə Azərbaycan arasında birgə fəaliyyətin uğurlu nəticəsi olan, dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsinə xidmət edən, beynəlxalq əhəmiyyətə malik nəqliyyat dəhlizlərinin, yolların inşası davam etdirilir. Azərbaycanın ərazisində «Şimal-Cənub»” dəhlizinin dəmir və avtomobil yolu seqmentləri reallaşdırılıb. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür. 30 milyon tonadək yüklərin daşınmasını təmin edən Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları fəaliyyətlərini birgə səylərlə davam etdirəcəklər. Cari ildə həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsaitin ayrılması nəzərdə tutulub. Neft-qaz sektorunda, enerji sahəsində, ekoloji təhlükəsizliyin qorunması istiqamətində fəallıq artıb. Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyi Rusiya tərəfindən dəstəklənib.

«Bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi , Rusiya ilə Azərbaycan müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir.

Dünya ictimaiyyətinn diqqətində olan Cənubi Qafqazda yaranan vəziyyəti «Biz, eyni zamanda, məhdud formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır» sözləri ilə bəyan edən Prezident İlham Əliyev vurğuladı ki, dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik məsələlərin həlli bölgədə sabitliyin təminatına xidmət edəcək. Sovet İttifaqı dövründəkindən fərqli olaraq Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 təyyarə reysinin həyata keçirilməsini qarşılıqlı münasibətlərin inkişafı kimi qeyd edən Prezident İlham Əliyev səmimi münasibətləri insanlar arasında güclənən təmas kimi dəyərləndirdi.
Görüşdə Xəzərdə yaranan ekoloji vəziyyət, dənizin fəlakətli səviyyədə dayazlaşması üzrə fikir mübadiləsinin aparılması sahilyanı ölkələrin ümumi problemi kimi dəyərləndirildi. Çıxış yolları ilə bağlı təkliflər irəli sürüldü.

Müzakirə olunan məsələlərlə bağlı azərbaycanlı həmkarı ilə eyni mövqeyi bölüşdüyünü qeyd edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərini yüksək dəyərləndirərək imzalanan sənədləri qarşılıqlı, faydalı iqtisadi-ticari əməkdaşlığın inkişafına strateji əhəmiyyətli töhfə adlandırdı: «Bu, qanunauyğundur, çünki Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır. Artıq qeyd olundu, mən bu barədə bu gün görüşümüzün əvvəlində də dedim - dörd milyard dollardan bir az çox dövriyyə var və ona artıq bu ilin birinci yarısında 17 faiz əlavə olunub. Azərbaycan iqtisadiyyatına 4 milyarddan çox birbaşa investisiyalar qoyulub. Əlbəttə, Azərbaycan bazarındakı 1300 müəssisə ondan xəbər verir ki, bizdə fəaliyyət müsbət istiqamətdə inkişaf edir və yaxşı perspektivlərə malikdir.»

Vurğulandı ki, Azərbaycanda Rusiya şirkətlərinin sayının artması, qonşu ölkənin ən iri investorlar sırasına daxil olması qarşılıqlı iqtisadi əməkdaşlığın ifadəsidir. «Bizim «Şimal-Cənub»” layihəsinin reallaşdırılması üzrə birgə planlarımızı da xüsusi qeyd edərdim. Bu, bizə Hind okeanının sahillərinə çıxmağa və bu marşrutları qarşılıqlı fayda və qarşılıqlı maraq kontekstində istifadə etməyə imkan verəcək» söyləyən Prezident Vladimir Putin azərbaycanlı dostlarını sentyabrda onuncu - yubiley Sankt-Peterburq Mədəniyyət Forumuna dəvət etdi.

Azərbaycanla Ermənistan arasındakı sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılması kimi mühüm məsələrə münasibətini «Bizim mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir» sözləri ilə bildirən Vladimir Putin aparılan danışıqların, imzalanan sənədlərin, əldə olunan razılaşmaların Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Rusiya Prezidentinin Azərbaycana səfərinə dünya siyasətinin aktual problemlərinin, genişlənən münaqişələrin xronikası baxımından diqqət yetirək. Rusiya ilə Ukrayna, İsraillə Fələstin arasında müharibələr davam edir. İsrail-İran və Türkiyə-İsrail münasibətləri gərginləşir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına kənar müdaxilələr əngəl törədir. Türkiyə -Ermənistan dialoqunun nəticəsi hələ ki, bəlli deyil. Rusiya-Ermənistan və Rusiya-ABŞ-Qərbi Avropa arasında gərginlik keçilməz səddə bənzəyir. Maraqlısı odur ki, dünya siyasətinə birbaşa və yaxud dolayısı ilə təsir imkanlarına malik sadalanan hadisələrin ortaq maraqları Cənubi Qafqaz regionunda çarpazlaşır, toqquşur. Hadisələrin mərkəz oyunçusu isə regionun lider dövləti Azərbaycandır. Hər biri ayrı-ayrılıqda xalqlar üçün taleyüklü məsələ olan münaqişələrin nəticələrini uzaqgörənliklə müəyyənləşdirmək üçün Liderlik məharəti, dövlətçilik təcrübəsi, hadisələrə düzgün yanaşma, ortaq məxrəc nöqtəsini ağılla tapmaq cəsarəti lazımdır. Azərbaycanı beynəlxalq, regional gərginliklərdən itkisiz çıxarmaq üçün diplomatik ustalıq tələb olunur. Azərbaycan xalqı əmindir ki, bütün dövlətlərlə münasibətləri qarşılıqlı hörmət prinsipləri əsasında davam etdirən, təkmilləşdirən Prezident İlham Əliyev ölkəmizi bu sınaqlardan da alnı açıq, üzü ağ çıxaracaq.

Xuraman İsmayılqızı, «İki sahil»