20 avqust 2024 00:29
384

Ekoloji terror...

Torpaqlarımızın 30 illik işğal müddətində düşmən sadəcə insanları deyil, təbiəti də hədəfə almışdı. Ermənistan uzun illər ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vurmaqla Azərbaycana qarşı düşmənçiliyini davam etdirib. Ərazilərimizdə olan təbii sərvətləri talan edib, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar işğalçı tərəfindən qanunsuz istismara məruz qalıb.

Birinci Qarabağ müharibəsi dövründə milli parklar da daxil olmaqla Azərbaycanın qorunan təbiət əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə tutulurdu. O zaman Şuşa şəhəri yaxınlığında meşə sahələrindəki qiymətli ağaclar fosfor silahlarından istifadə nəticəsində yandırıldı. Nəticədə min illər ərzində formalaşan torpağın üst təbəqəsi tamamilə sıradan çıxdı.

Ən təhlükəli məqamlardan biri də budur ki, Ermənistan illərdir ki, su mənbələrini də çirkləndirir, radioaktiv tulantıları çaylara axıdır. Bütün bunlar beynəlxalq cinayətlərdir. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, belə demək mümkünsə, sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

Bu məsələnin aktuallığını göstərən  digər məqam  bu günlərdə "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda keçirilmiş elmi-praktiki konfransda Baş prokuror Kamran Əliyevin vurğuladığı Ermənistanın beynəlxalq konvensiyaların tələblərini daim pozması məsələsidir. Baş prokurorun sözlərinə görə, BMT-nin Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Konvensiyası (ESPO), "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" BMT-nin 1992-ci il tarixli Konvensiyası, eləcə də həmin Konvensiyanın "Su və sağlamlıq haqqında" 1999-cu il 17 iyun tarixli Protokollarından irəli gələn öhdəliklər Ermənistan tərəfindən kobud şəkildə pozulub. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasətin acı nəticələrindən birinin ölkənin su ehtiyatlarının yararsız vəziyyətə gətirilməsi olduğuna diqqət çəkən Baş prokuror bunun nəticəsində Azərbaycan əhalisinin illərdir Şərqi Zəngəzurda olan zəngin su ehtiyatlarından məhrum edildiyini vurğulayıb.

Baş prokuror uzun müddət davam etmiş Azərbaycan və Ermənistan münaqişəsi gedişatında Araz çayının sahilyanı və dib çöküntülərinin kimyəvi və radioaktiv tullantılarla məqsədyönlü olaraq çirkləndirildiyini qeyd edib. Bildirib ki, münaqişənin davam etdiyi illərdə Araz çayının sahilyanı və dib çöküntüləri kimyəvi və radioaktiv tullantılarla məqsədyönlü olaraq çirkləndirilib və hazırda da bu proses davam etdirilir. Ermənistan günü bu gün də ərazisindən keçməklə ölkəmizə daxil olan çayların xüsusilə Araz və onun qolu olan Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirməkdə davam edir.

Baş prokurorun müavini Heydər Məmmədov isə 2024-cü ilin cari dövrünədək ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işinin başladığını və bu il ərzində 1 milyon 310 min 340 manat maddi ziyanın ödənilməsinin təmin edildiyini bildirib. O, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması sahəsində Azərbaycan Prokurorluğu tərəfindən görülən sistematik tədbirlərdən bəhs edərək, ətraf mühitin qorunması və ekologiyanın bərpası sahəsində Baş Prokurorluq tərəfindən qəbul edilmiş “Cərimə Parkı - Təbiətin qisası” konsepsiyası barədə məlumat verib.

Otuz ili əhatə edən işğal dövründə bir tərəfdən Azərbaycan özünün su mənbələrindən məhrum olmuşdu, digər tərəfdən isə işğalçı dövlət və artıq tarixin zibilliyinə atılmış Qarabağdakı separatçı-terrorçu rejim Tərtərçayın üzərində yerləşən rəşadətli Azərbaycan Ordusu tərəfindən lokal xarakterli antiterror tədbirləri zamanı düşmən tapdağından azad edilmiş Sərsəng Su Anbarından da ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Qəsbkar ölkə tərəfindən Sərsəng Su Anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 kilometrlik suvarma kanalları şəbəkəsi, 185 kilometrlik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hid­rotexniki tikinti obyekti, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon kubmetr olan 8 su anbarı yararsız hala salınıb.

Sevindirici haldır ki, ordumuzun ötən il sentyabrın 20-də başa çatdırdığı 24 saatlıq unikal antiterror tədbirləri nəticəsində Sərsəng Su Anbarı da 30 ilə yaxın davam edən işğaldan sonra Azərbaycanın nəzarətinə keçdi və onun istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir. Su anbarının Azərbaycanın nəzarətinə keçməsi bir çox ərazilərinin suvarma suyu ilə təminatında böyük rol oynayacaq.

Burada toplanan su axaraq Suqovuşan anbarında toplanır. Tezliklə həmin infrastrukturdan ötürülən su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə və Goranboy rayonlarının, ümumilikdə, 95 min hektar əkin sahəsinin suvarma suyuna tələbatı təmin olunacaq. Anbarın üzərində 50 meqavat gücündə su elektrik stansiyası da var. Bu isə o deməkdir ki, infrastrukturdan təkcə suvarma üçün deyil, həm də elektrik enerjisinin alınmasında istifadə edilir.

Bu layihələrinin reallaşdırılması Qarabağa həyat verəcək. Bu layihələr, eyni zamanda, keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına və ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına da hesablanıb.

Nigar Orucova, “İki sahil”