20 avqust 2024 00:57
392

Yolunu azan Paşinyanı Qərb labiritində gözləyən zülmət

Rusiyaya, rəsmi Kremlin layihəsi olan KTMT-yə, Avropa Siyasi Biriyinə üz çevirən Ermənistan heç nəyə nail ola bilməyəcək

Cənubi Qafqaza kənar müdaxilələrin yolverilməz olduğunu dəfələrlə bildirən Prezident İlham Əliyev regionda sabitliyin qorunması üçün bütün vasitələrdən maksimum istifadə edir. Geosiyasi mahiyyətinə, yerləşdiyi coğrafi əhəmiyyətinə, təbii sərvətlərinə görə daim diqqət mərkəzində olan bu bölgədə söz sahibi olmaq uğrunda illərdən bəri davam edən rəqabət son illərdə daha da intensivləşib. 30 ilə yaxın Ermənistanın təcavüzkar siyasətini dəstəkləməklə regionda vəziyyəti gərginləşdirən Qərb dairələri, o cümlədən Fransa, ABŞ İkinci Qarabağ müharibəsində Ermənistanı diz çökdürən ölkəmizə qarşı təxribatlarını yeni metodlarla davam etdirirlər. Əvvəllər torpaqlarımızı işğal altında saxlayan Ermənistana gizli, «demokratiya» pərdəsi altında göstərilən hərbi, siyasi yardımlar hazırda açıq şəkildə davam etdirilir.

Rusiya və Ukrayna arasında müharibənin başlanması ilə Cənubi Qafqaz siyasətində korrektlər edən ABŞ, rəsmi Vaşinqtonun əmrlərini yerinə yetirən Qərb bölgəyə təsiretmə metodlarını, təxribatlarını intensivləşdirməklə «yardımlarını» yeni istiqamətlər üzrə davam etdirirlər. ABŞ-Rusiya rəqabətinin Cənubi Qafqaz raundunda aktivləşmə daha aydın hiss olunur. Rəsmi Vaşinqton Kremlin başının Ukrayna ilə müharibəyə qarışmasından istifadə edərək regionda hərbi varlığını artırmaqla rəsmi İrəvanı Kremlin təsirindən uzaqlaşdırmağa çalışır. Azərbaycan ABŞ-ın, eləcə də kollektiv Qərbin Cənubi Qafqaza gətirmək istədikləri müstəmləkəçilik siyasətini qəbul etmək istəmir, Azərbaycana qarşı birlikdə apardıqları təxribatlarını, çirkin planlarını həyata keçirmək üçün oyuncaq Ermənistandan istifadə bölgədə təhlükəsizliyə ən ciddi təhdiddir. Bölgədə yaranan yeni siyasi, hərbi gərginliklər təbii ki, Azərbaycanı narahat edir.

Bölgədə sabitliyin bərpa olunmasını ləngidən, 30 il Ermənistanı dəstəkləməklə məşğul olan Avrop İttifaqının (Aİ) ABŞ-ın son günlərdə qərəzli niyyətlərini aşkar bəyan etmələrinin təməli 5 aprel 2024-cü il tarixində Brüsseldə keçirilən üçtərəfli görüşdə qoyulub. Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının Prezidenti arasında keçirilən görüşdə Hayastanın təhlükəsizliyinin qorunması bəhanəsi ilə razılaşdırılan « sülhə yardım» paketinin əsl mahiyyəti artıq bəllidir. Guya Ermənistanın təhlükəsizliyinə zəmanət adı ilə razılaşdırılan 10 milyon avroluq «yardım paketi»nin əslində hərbi pakt oldunu gizlətmək mümkün deyil. Aİ-nin «Avropa Sülh Mexanizmi»” adlı strategiya çərçivəsində Ermənistana yardım göstərməsi sual doğurur. Ermənistan ordusunun potensialı kimə qarşı gücləndirilir? ABŞ, Aİ, Fransa Ermənistan ordusunun güclənməsində niyə maraqlıdırlar? Hədəf bəllidir. Azərbaycanı müharibə anonsu ilə təhdid edib bölgədə gərginliyi artırmaq, Ermənistanı yeni «ərazi iddiaları» bəhanəsi ilə şirnikləndirib müharibə hazırlaşdırmaq.

Burada təəccüblü heç nə yoxdur. 30 il torpaqlarımızın işğal altında qalmasına bilərəkdən şərait yaradan, Ermənistanı dəstəkləyən ABŞ və Aİ-nin əvvəlki mövqeləri ilə rəsmi İrəvana hazırkı münasibətləri oxşardır. Etnik təmizləmənin qurbanı olan, erməni soyqırımlarından əziyyət çəkən Azərbaycana qarşı eyni mənbədən qaynaqlanan təxribat kampaniyaları adı çəkilən bu iki maraqlı tərəfin mətbəxində hazırlanıb.

44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri və ötən ilin sentyabr ayında Qarabağda apardığı antiterror tədbiri ilə ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətinin möhkəmlənməsi Ağ Evi və Vaşinqtonun göstərişi ilə idarə olunan Qərbi məyus etdi. Rusiyanın layihəsi olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), Avropa İqtisadi Birliyinə (AİB) arxa çevirən Ermənistanın bu seçimindən yararlanmağa çalışanlar Hayastanı öldürücü və hüçum tipli silah və texnika ilə təmin etməklə Azərbaycana qarşı siyasi, hərbi təxribatlarını genişləndirirlər.

2022-ci ilin oktyabrında Praqada keçirilən görüşdə guya qarşılıqlı etimadın yaradılması bəhanəsi ilə Aİ-nin 40 nəfərlik Avropa İttifaqı Monitorinq Potensialının Ermənistanda yerləşdirilən müşahidəçi misiyasının qısa müddətdə Azərbaycanın razılığı olmadan sayının artırılması ilə Ermənistana hərbi dəstəyin təməli qoyuldu. Yarandığı vaxtdan anti-Azərbaycan təbliğatı aparan həmin missiyaya dəstək olan ABŞ Dövlət Departamentinin, Avropa Şurasının, Avropa Parlamentinin rəsmiləri tərəfindən Azərbaycan əleyhinə kampaniyalar intensivləşdi. Ölkəmiz əleyhinə hesabatların, «humanitar fəlakət» ssenarilərinin hazırlanması, Qərb mediası və xarici kəşfiyyat idarələrinin himayəsində olan fondlar tərəfindən Azərbaycana qarşı informasiya resurlarının işə salınması sistemli təxribat kampaniyasının təzahürüdür. Bu cür dəstəyin əhatəsində olan Ermənistanın hər gün bir hava ilə oynaması anlaşılandır.

Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması da bu ssenarinin tərkib hissəsidir. NATO üzvlüyünə qəbul vədi ilə Ermənistanı arxayın salan maraqlı dairələrin Qərbin Ukrayna variantının Ermənistanda tətbiqi də unudulmamalıdır. Amma Ermənistanın baş naziri Nikol Paşinyan hələ də dərk etmir ki, əslində bölgədə sabitliyin yaranması, Azərbaycanla sülh sazişinin imzalanması hamıdan çox Hayastana lazımdır.

Qərbyönümlü siyasətin əsirinə çevrilən, sülh sazişinin imzalanmasını xarici havadarlarından aldığı təlimatlar əsasında yubadan Paşinyan hələ ki, işıq gələn tərəfə deyil, qaranlıq zülmətə doğru getməyə üstünlük verir. Prezident İlham Əliyevin «Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik» sözlərindən, Vətən müharibəsindəki məğlubiyyətindən, antiterror tədbirlərindən nəticə çıxarmayan Ermənistan yanlış və təhlükəli yoldan çəkinməlidir.

Artıq tarixə çevrilmiş «Dağlıq Qarağın statusunu» yeniləmək, Minsk qrupunu canlandırmaq istəyənlərə, «Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb» deyənlərə Prezident İlham Əliyevin qəti və son cavabı bəllidir: «Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var.»

Dövlət başçımızın sərəncamları ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə isterikaya qapılan Ermənistanın havadarlarının göstərişləri əsasında son günlərdə atəşkəsin pozulması Azərbaycanın Naxçıvandakı, Kəlbəcərdəki hərbi mövqelərinin atəşə tutulması göstərir ki, rəsmi İrəvanı yeni müharibəyə şirnikləndirənlər Cənubi Qafqazda Suriya, Ukrayna variantlarını təkrarlamaq istəyirlər.
Amma bu cür xəyanətkar cəhdlərin baş tutmayacağını yaxşı bilirlər.

«Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur» söyləyən Prezident İlham Əliyev Qərbin Zəngəzur dəhlizinin, kommunikasiyaların açılmasına göstərdiyi maneələrin qarşısının dərhal alınacağını qətiyyətlə bildirir. Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımız da ata-baba yurdlarına dönəcəklər.
Çünki bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır. Azərbaycan xalqı o torpaqlara qayıdacaq.

Bölgədə yaranan gərginliyə baxmayaraq Azərbaycan regional sülhün tərəfdarıdır. Beynəlxalq hüquq normaları əsasında sülh sazişinin imzalanması üçün milli maraqları əks etdirən təklifləri, humanitar təşəbbüsləri ilə diqqəti cəlb edir. Bir həqiqət vardır ki, Cənubi Qafqazda real və praktiki sülh yaranacaqsa, bu təşəbbüsün müəllifi də Prezident İlham Əliyev olacaq.
«Biz Cənubi Qafqaz ölkələrindən bəhs ediriksə, bu ölkələrin hər birində çox ciddi siyasi və xarici siyasi transformasiyalar baş vermişdir və baş verməkdədir. Hətta deyərdim ki, kəskin dəyişikliklərə yaxın transformasiyalar baş vermişdir və bu da Cənubi Qafqazda yeni vəziyyətin üzə çıxması deməkdir və biz bunu dərindən başa düşməliyik. Bundan irəli gələrək Gürcüstanın, Ermənistanın, Azərbaycanın xarici siyasət vektorlarının necə inkişaf etməsindən asılı olaraq, biz sizin sualınıza cavab verə bilərik ki, hansı Cənubi Qafqazda yaşamaq istəyirik. Hamı deyəcək ki, biz sülh içində yaşayan, münaqişəsiz, müharibəsiz, ərazi iddiası olmayan, hamının bir-birini sevdiyi, əməkdaşlıq etdiyi Cənubi Qafqaz istəyirik. Lakin bu, badə qaldıranda gözəl kəlamlardır, real siyasət üçün belə deyil. Odur ki, həm Gürcüstanda, həm də Ermənistanda yeni xarici siyasət gündəliyi formalaşan dövrdə onu dərindən düşünməli, təhlil etməli və bundan sonra, - Azərbaycanda bu dəyişməyib və əminəm ki, dəyişməyəcək, - biz müəyyən tədbirlər görməliyik ki, inteqrasiya olmasa da, ən azından müəyyən əməkdaşlıq mövcud olsun» sözləri ilə Cənubi Qafqaz üçün ən sərfəli yolu göstərən də Prezident İlham Əliyevdir.

Fransa tərəfindən Ermənistanın «Bastion» çoxməqsədli zirehli avtomobilləri və «Sezar» özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana 10 milyon avro dəyərində hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır. Bu siyasət bölgədə «bölücü xətlər»” yaratmaq siyasətinin təzahürüdür. Ermənistana sözügedən hərbi yardımın gələcəkdə artırılması ilə bağlı qərəzli çağırışlar hal-hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən rəsmi İrəvanın hərbi potensialını gücləndirməyə yönəldilir. ABŞ-ın Ermənistan üçün nəzərdə tutuduğu 65 milyon dollar həcmindəki «yardım» vəziyyəti daha da gərginləşdirəcək.

Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə şərait yaradan bu kimi addımlara son qoymalı, regionda sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək. ABŞ-ın Rumıniya və Qətərdəki bazalarından iki hərbi təyyarənin Ermənistanın Zvartnots hava limanına enməsi bölgə üçün ciddi narahatalıq yaradır.

Rusiya ilə bağlılığını «strateji səhv» KTMT-ni «köpük təşkilat» adlandırıb Qərbə qarmaq atan Paşinyanın tilovuna balığın düşməyəcəyini ağıllı siyasətçilər gözəl anlayır və faktlar əsasında təhlil edirlər. Azərbaycan lazımi məqamda müstəqilliyini də, ərazi bütövlüyünü də öz imkanları hesabına qoruduğunu bütün dünyaya bəyan edib. Məşədi İbad kimi adaxlılarını dəyişən Paşinyanın «O olmasın, bu olsun» seçimi Ermənistana baha başa gələcək. İp də gedəcək, it də...

Xuraman İsmayılqızı, «İki sahil»