20 avqust 2024 02:58
371

“Möcüzə artımlar” hara qeyb olub?

Pullar məlum və naməlum yollarla erməni oliqarxların cibinə axır

Ermənistanda sənaye məhsulu artımı 8 ayın ən aşağı həddinə çatıb. GDP xəbər verir ki, Ermənistanın sənaye istehsalı 2024-cü ilin iyun ayında illik müqayisədə cəmi 1,4 faiz artaraq, əvvəlki aydakı 6,9 faiz artımdan kəskin azalıb. Əvvəlki ayla müqayisədə sənaye fəaliyyəti əvvəlki dövrdəki 0,2 faiz azalmanın ardından 2,4 faiz azalıb. Bununla yanaşı, on aylarda sənayedə qeydə alınan və bir çoxları arasında fikir ayrılığına səbəb olan zərgərlik məmulatlarının istehsalındakı artımlar tamamilə sıfıra endirilib. İl ərzində sektorda geriləmə müşahidə olunub. Ermənistanda açıqlanmış rəsmi statistikalara görə, hətta əvvəlki artımlar da “yoxa çıxıb”. Sanki heç olmayıb. Söhbət Ermənistanda həm sənayedə, həm də ümumilikdə iqtisadiyyatda builki artımın əsasına çevrilən artımlardan gedir. Bir çox insanlar bu artımlara şübhə ilə yanaşsa da, erməni səlahiyyətlilər qızıl sənayesində inqilabi inkişafların baş verdiyini, guya sektorda belə yüksək artımların qeydə alınmasına kömək edən “yeni güclər”in işə salındığını sübut etməyə çox çalışdılar.

İndi görürük ki, nə dərəcədə belədir. Ermənistanda sosial-iqtisadi göstəricilər üzrə statistik xidmətin son nəşrində zərgərlik şöbəsində əvvəllər təqdim edilən artımlar artıq yoxdur, tamamilə aradan qalxıb. Aprel ayında zərgərlik məmulatlarının istehsalı əvvəlki illə müqayisədə hətta azalıb. Buraxılış yalnız 5,8 milyard dram təşkil edib. İlin əvvəlinin dörd ayında rəsmi statistikanın “düzəliş edilmiş və yenilənmiş” məlumatlarına əsasən, qızıl sənayesində cəmi 21,7 milyard dramlıq məhsul istehsal edilib. Bu, Ermənistanda rəsmi statistikanın yanvar ayında əvvəlki ilin yanvar ayı ilə müqayisədə 11,3 dəfə, fevral ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 12,2 dəfə, mart ayında isə əvvəlki ilin mart ayına nisbətən 12,1 dəfə artım qeydə aldığı zərgərlik sənayesidir. Yanvarda istehsalın həcmi demək olar 47 milyard dram, fevralda 72,1 milyard dram, martda 72,3 milyard dram olub. Aprel ayında yenidən nəzərdən keçirmələrindən əvvəl qızıl sənayesi üzrə rəsmi statistika birinci rübün nəticələrinə əsasən əvvəlki illə müqayisədə 11,9 dəfə artım qeydə alınıb. Üç ayda istehsal həcmi 191,4 milyard dram təşkil edib. Artıq dörd ayda rəsmi statistikaya görə, cəmi 21,7 milyard dram təşkil edib. Bu, məntiqdən kənardır, lakin üç aylıq göstəricidən 8,8 dəfə azdır. Ermənistanda ilin əvvəlinin ilk üç ayında istehsal həcmi 191,4 milyard, dörd ayda isə 21,7 milyard olub. Bu üç ayda qeydə alınan rəqəmdən təxminən 170 milyard azdır. Ermənistanda zərgərlikdə necə bir “möcüzə ilə” son zamanlara qədər dəfələrlə artımlar qeydə alınırdısa, elə də eyni “möcüzə ilə” bu artımlar yoxa çıxıb. Əvvəllər zərgərlik istehsalı kimi göstərilən 170 milyardlıq məhsul yoxa çıxıb. İlk baxışdan elə görünür ki, bir səhv olub. Amma xeyr, heç bir səhv yoxdur. Ermənilər əvvəllər zərgərlik məmulatı kimi göstərdiklərini indi fərqli bir məhsul kimi göstərməyə qərar verdilər. Zərgərlikdən çıxarıblar, başqa bir məhsul adı altında köçürüblər. Məlum qızıl hərəkətləri, yəni bir ölkədən məhsulun gətirilməsi, başqa bir ölkəyə daşınması və bunun Ermənistanın iqtisadiyyatının göstəricilərinə daxil edilməsi tam şəkildə qalıb. Sadəcə olaraq “sehr” ediblər: qızılın hərəkətini gizlətməyə çalışıblar ki, xaricdə, bəlkə də həmçinin daxildə iqtisadiyyatda nə baş verdiyini görməsinlər. Ermənistanda son zamanlar “qızıl qızdırması” deyilən məsələ çox müzakirə olunub və tənqid edilib. Bu fenomenlə bağlı xarici risklər kifayət qədər çoxdur. Bu, yəqin ki, Paşinyan hakimiyyətini narahat edib. Belə çıxır ki, Ermənistanda qızılın dövriyyəsinin o qədər də kəskin görünməməsi üçün zərgərlik məmulatlarının istehsalı üzrə son aylarda göstərilən aktivlik süni şəkildə başqa yerə köçürülüb. Qızıl zərgərlikdən çıxarılaraq, adi metalların istehsalına daxil edilib. Bunu o qədər diqqətlə ediblər ki, heç bir göstərici digərinə uyğun gəlmir. Lakin erməni səlahiyyətlilər açıq-aşkar tələsiblər, əvvəlki göstəriciləri nəzərdən keçirməyi belə çatdırmayıblar.

Xatırladaq ki, “qızıl qızdırması” Paşinyan hakimiyyətinə yaxınlaşan tanınmış iş adamı Xaçatur Sukiasyanın adı ilə əlaqələndirilir. Qızılın bu hərəkətləri arasında iri, çox böyük pullar dövr edir. Bu pullar məlum və naməlum yollarla erməni oliqarxların cibinə axır.

Sevinc Azadi, “İki sahil”