17 avqust 2024 12:53
351

Fransa indi Avropanın ən güvənsiz ölkəsidir

Olimpiya oyunları Makron hakimiyyətinin bir çox rəzilliklərini üzə çıxardı

Tarixi faktlardan da görünür ki, 60 il öncəyə qədər Fransa ən çox müstəmləkəyə sahib ölkələrdən biri olub. Ona görə də Fransanın adı tarixə dünyanın üçdə birini işğal etmiş barbar ölkə kimi düşüb. Hətta bu gün belə bu işğalçı ölkənin sərhədlərindən min kilometrlərlə aralıda müstəmləkələri mövcuddur. Rəsmi statistikaya görə, indi  dünyada 200-dən çox dövlət var. Halbuki, vaxtilə Fransanın müstəmləkələrinin sayı 225 idi.

Yenə də utanverici məsələdir ki, 21- ci əsrdə hələ də Fransa Afrikada, Cənubi Amerikada xalqları əzməkdə, onların milli sərvətlərinə sahiblənməkdə davam edir. Belə bir ədalətsiz mühitdə isə rəsmi Paris hələ də insan haqlarından, demokratiyadan ağız dolusu danışır. Hətta haqsız olduğu halda beynəlxalq məsələlərə və regional münaqişələrə qərəzli, ikili standartlardan yanaşır. Məsələn, Makron Fransası Azərbaycan Ordusunun 2020-ci ldə İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərindən və 2023-cü ilin sentyabrın 19-da birgünlük antterror tədbirləri nəticəsində separatçı xunta rejiminin birdəfəlik ləğvindən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün yaranan əlverişli imkanın reallaşmasına mane olmağa çalışır. Lakin məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində Fransa Cənubi Qafqazda da oyundankənar vəziyyətə salındı və bu belə də davam edəcəkdir.

Bu gün Fransa prezidenti Emmanuel Makron dünyada uğursuz və səriştəsiz dövlət adamı kimi ən çox müzakirə olunan fiqurdur.  Elə ona görə də onun prezidentliyi illərində Fransanın beynəlxalq  nüfuzu da xeyli aşağı düşüb. Bir vaxtlar ədəbiyyat, mədəniyyət mərkəzi kimi tanınan Fransa bu gün vətəndaşlara qarşı zorakılıq, etirazlar, qeyri-demokratik davranışlarla gündəmdə  olur. Makron hakimyyəti dövründə Fransada qaradərililərə və miqrantlara qarşı bir faşist əhval-ruhiyyəsi formalaşıb. Bütün bunlar isə Fransanı dünyanın məşhur KİV-lərinin manşetlərinə çıxarır. Məsələn, bu günlərdə İspaniyanın ABC nəşrində yer alan məqalədə Makron ən təcrid olunmuş prezident kimi səciyyələndirilib: «Şəxsi qərarlarının qurbanı olan Emmanuel Makron Fransanın davamlı hal almaq riski daşıyan institusional iflicini dərinləşdirir və ən təcrid olunmuş dövlət başçısına çevrilir.»

Heç demə, əslində Fransanın Avropanın ən elitar və demokratik bir cəmiyyətə malik olması haqqındakı deyilənlər də sadəcə blef imiş. Belə ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçirilən növbəti Yay Olimpiya Oyunları zamanı müşahidə olunan biabırçılıqlar Fransanın və Makron hökumətinin dünyada azalan nüfuzuna daha ağır  zərbə vurdu. Yəni, dünyanın ən böyük idman tədbiri hesab olunan Olimpiya Oyunları sözün əsl mənasında rəzilliklərlə yadda qaldı və fiaskoya uğradı. İdmançıların Sena çayında virusa yoluxmaları, rumıniyalı gimnast Ana Barbosun qazandığı gümüş medalının əlindən alınması, qonaqların və idmançıların gecələdikləri otellərdə onlara qurd basmış, iyli ərzaq və qidaların verilməsi, qalib gəlmiş idmançıların ölkələrinə məxsus dövlət bayraqlarının və himnlərin qarışdırılması, küçələrdə artan oğurluq və xuliqanlıqlar, şəhər sakinlərinin paytaxt mərkəzindən çıxarılaraq ucqar ərazilərə aparılması və daha nə kimi rəzilliklər. Bütün bunlar bir daha Makron hökümətinin bacarıqsızlığını göstərdi.

Qəribə haldır ki, Fransa özünü davamlı olaraq dünyada demokratiyanın əsas mərkəzlərindən biri kimi tanıtmağa çalışıb. Yelisey Sarayı bu məsələdə hətta digər dövlətlərə nümunə olmağa cəhd edib. Amma əməldə deyil, sözdə… Acınacaqlı hal odur ki,  hələ 2022-ci ildə  Fransada irqi zəmində 13 nəfər öldürülmüşdü. 2023-cü ildə isə Fransada əlcəzairəsilli gəncin öldürülməsi nəinki bu ölkəyə hətta bütövlükdə «qoca qitə»yə bir ləkə oldu. Məlum hadisələrdən sonra Fransada Makron hakimiyyətinə qarşı ciddi etiraz dalğası başladı.

Son bir neçə ildir ki, Fransada yayılmğa başlayan millətçilik rəzilliyi narahağedici məqamlarla biridir. Elə məhz buna görə də bir neçə il əvvəl BMT-nin İnsan hüquqları üzrə ali komissarı Mişel Baçelet yaydığı hesabatda bildirmişdi ki, 5 il ərzində dünyada polis tərəfindən 190 afrikamənşəli öldürülüb. Onların hamısı irqi ayrı-seçkiliyin qurbanı olub. Onun sözlərinə görə, hadisələrin 98 faizi Avropa ölkələrində baş verib. Afrika mənşəlilər irqi ayrı-seçkiliklə ən çox Fransada üzləşirlər. Bu zorakılığa və aparteidə qarşı çıxanlar isə polis dəyənəkləri, gözyaşardıcı qazlar, bəzən isə güllələrlə qarşılaşır.

O, həmçinin vurğulayıb ki, Fransa başda olmaqla bəzi Qərb ölkələri başqa dövlətlərdə baş verən uyğun halları demokratik dəyərlərin, o cümlədən sərbəst toplaşmaq, söz və fikir azadlıqlarının pozulması kimi qiymətləndirirlər. Xüsusilə Fransa kimi ölkənin Afrika mənşəlilərin səsini batırmağa səy göstərməsi qəbuledilən deyil: « Nəzərə alaq ki, Fransa kimi işğalçı ölkə uzun illər Afrikada yerli sakinləri soyqırıma məruz qoyub. Fransa tarixindəki bu qara ləkəni heç vaxt təmizləyə bilməyəcək. İnsanlıqdan uzaq əməllərlə məşğul olan Fransa hakimiyyəti o dövrün hakimiyyətlərinin varisi sayılmaqla bərabər, həm də indiki insanlığa yad əməllərinin davamçılarıdır.»

Ölkədə zaman-zaman Makronun istefası da tələb olunub. Bunun səbəbləri sırasında ölkədə insan azadlıqlarının məhdudlaşdırılması var. Son illər Fransada dini ayrı-seçkilik də pik həddə çatıb. Yəni,  müsəlmanlar bu ölkədə dini inanclarına görə daim polis təqibinə məruz qalırlar. Hətta bir müddət əvvəl Fransa senatında hicablı müsəlman qadınlarına qarşı antidemokratik qanunlar da qəbul etdilər. Onları iş yerlərində. bazarlarda, təhsil ocaqlarında sıxışdırmağa başladılar.

Bu gün də Fransanın dövlət siyasətində antidemokraik və qeyri- bəşəri dəyərlər həddində çoxdur və bu daha çox özünü ayrı-ayrı Afrika ölkələrində müstəmləkəçilik siyasəti aparmaqda göstərir. Bu isə Makron hakimiyyətinin  digər ölkələrə öyrətmək iddiasında olduğu demokratik dəyərlərlə daban-dabana ziddir.

Hazərda Makron Fransasının xarici siyasətində əsas prioritet münaqişə zonalarına sülh gətirmək deyil, daha çox münaqişəni qızışdırmaqdan ibarətdir. Belə ki, bu olkənin  Cənubi Qafqazda nümayiş etdirdiyi siyasət onu deməyə əsas verir ki, mövcud Fransa hakimiyyəti yeni müharibələr istəyindədir. Yəni, Fransa müxtəlif regionlarda əvvəlcə toqquşmalar yaradır, sonra isə tərəflərdən birinə silah satmaqla öz bazarını yaradır. Yəni, loru dillə desək Fransanın çörəyini  müharibələdən qazanır.Yeri gəlmişkən, deyək ki, Cənubi Qafqazda Fransa üçün bu rolu Ermənistan oynayır. Belə ki, Fransa Azərbaycanla Ermənistan arasındakı imzalanacaq sülh müqaviləsinə ən çox mane olan ölkədir. Bu ermənipərəst ölkə bu gün də İrəvana öldürücü silah satmaqla, hayları qırğına verməklə büdcəsini zənginləşdirmək istəyir.

Qeyd edək ki, Makronun uğursuz siyasi fəaliyyəti onun komandasında da ciddi məyusluq yaradıb. Nəticədə baş nazir Qabriel Attal istefa verib. Olimpiya Oyunları başa çatan kimi daxili işlər naziri Jerald Darmanin də istefa ərizəsi yazıb. Eyni zamanda ölkənin  iqtisadiyyat naziri Bruno Le Mer və xarici işlər naziri Stefan Sejurne  istefa vermək niyyətlərində olduqlarını açıqlayıblar.

Elçin Zaman, «İki sahil»