17 avqust 2024 09:45
415

Donuz kababı, İrəvan konyakı...

Haylar Minsk qrupunu gordan qazıb çıxarmağa cəhd edirlər

2020-ci ilin noyabr ayından sonra Ermənistan-Azərbaycan münaqişəsini tənzimləmək üçün yaradılan ATƏT-in Minsk qrupu yarıtmaz fəaliyyəti səbəbindən çoxdan özü-özünü buraxmalı idi. Axı, ədaləti bərpa etmək əvəzinə işğalçı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, törətdikləri görünməmiş vəhşiliklərinə göz yummaqla kömək edən bu qurumun həmsədrləri birtərəfli mövqe tutmaları ilə Azərbaycanda sadə adamlar tərəfindən lağlağı obyektinə çevrilmişdi. Hayların donuz kababı ilə İrəvan konyakı beyinlərini elə dumanlaşdırmışdı ki, əsl həqiqəti ya görmür, ya da heç görmək istəmirdilər. Dediyimiz kimi, Minsk qrupunun həmsədrləri mövcud olduqları iyirmi altı ildə hayların "dəyirmanına su tökür", real olmayan təkliflərlə münaqişənin həllini Hayastanın xeyirinə uzadırdılar. Ona görə "mövcud olduqları" ifadəsini işlədirik ki, həmin müddətdə qrupun varlığı yoxluğuna bərabər idi. Həmsədrlər güman edirdiər ki, daha bir neçə il də belə keçsə Azərbaycan Qarabağı unudacaq. Bu məqsədlə də qardaş Türkiyəni Minsk qrupunun həmsədrliyinə yaxın buraxmadılar. Bir müsəlman dövlətinin taleyi üç xristian dövlətinin ümidinə buraxıldı. Lakin elə burada da böyük səhvə yol verdilər. Azərbaycan əzəli torpağı olan Qarabağı nəinki unutdu, dünyada söz sahibi olan dövlətlərlə və nüfuzlu beynəlxalq təşkilatlarla iş aparmaqla bərabər, hərbi gücünü də artırdı. Nəhayət, 2020-ci ilin noyabrında Müzəffər Azərbaycan Ordusu dünya birliyinin otuz iki il ərzində həll edə bilmədiyi münaqişəni həll etdi.

Qələbəmizdən dörd ilə yaxın vaxt keçsə də Ermənistan hələ də havadarlarının tapşırığı ilə cığallıq edir, sülh müqaviləsini imzalamaqdan qaçır. Bunun ünün də gətirdiyi bəhanələrə hər cür don geyindirməyə cəhd göstərir. Mink qrupunun xidmətləri üçün darıxan Hayastan rəhbərləri onu yenidən "diriltmək" üçün hər vasitəyə əl atır. Bu günlərdə onlar yenidən artıq "dəfn" edilmiş Minsk qrupunu "xortladıb" ondan istifadə etməyə çalışırlar. Görün, baş nazir Nikol Paşinyan və onun özünəoxşar komandası Azərbaycanın qarşısına hansı şərtləri qoyur?

Ermənistanın ATƏT-in Minsk qrupundan imtina etməsi ilə bağlı Azərbaycandan istəkləri var. Ermənistan Xarici İşlər Nazirliyinin “ATƏT-in Minsk qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər” açıqlamasından bu qənaətə gəlmək olar ki, İrəvan Minsk qrupu məsələsində israr etmir, sadəcə birtərəfli güzəşt kimi olmasın deyə, bu mövzunu danışıqlarda rəsmi Bakı ilə alver predmetinə çevirmək istəyir. Yəni, demək istəyirlər ki, “biz sizin istəyinizə uyğun olaraq Minsk qrupundan imtina etsək, bunun qarşılığında siz də bizim istəklərimizdən birini yerinə yetirməlisiniz."

Ermənistan hökumətinin əsas istəklərindən biri budur ki, Azərbaycan Ordusu şərti sərhəddəki strateji yüksəkliklərdən geri çəkilsin. Bu, qətiyyən mümkün deyil. Birincisi, sərhədin müəyyənləşməsi prosesi illərlə uzanacaq və bu, sülh sazişindən ayrı aparılan danışıqlar prosesidir. İkincisi, Azərbaycan ordusunun nəzarət etdiyi strateji yüksəklikləri “Minsk qrupundan imtina bəndi” ilə tərəzinin eyni gözünə qoymaq olmaz, birinci dəfələrlə ağır gələr.

Ermənistanın Minsk qrupundan bərk yapışmasının və imtina etməməsinin Azərbaycana heç bir ziyanı olmayacaq. 2020-ci il Qələbəsi ölkəmizə bir sıra üstünlüklər gətirib. Şərti sərhəddəki strateji yüksəkliklər isə bizə Ermənistan üzərində böyük üstünlük qazandırıb, bundan imtina etmək mümkün deyil. Hərb yolu ilə qazanılmış üstünlüyü geri vermək hansı əhəmiyyəti kəsb edir? Ermənistan hökuməti Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə iddianı əks etdirən bəndlərdən imtinaya hazırlaşmalıdır. Ümumiyyətlə, Türkiyəyə və Azərbaycana qarşı aparılan düşmənçilik təbliğatı dayandırılmalı, nəhayət, xalqlar rahat nəfəs almalı, dövlətlərarası münasibətlər normal məcraya salınmalıdır. Azərbaycanın Ermənistandan sonuncu gözləntisi də budur.

Vəli İlyasov, “İki sahil”