16 avqust 2024 22:52
334

Paşinyan iqtidarının gah nala, gah da mıxa vurmaq mərəzi

Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti bir tərəfdən  guya sülhə hazır olduğunu bəyan edir, o biri tərəfdən isə qəbul etdiyi qərarlar və atdığı addımlar bunun tam əksini göstərir. Ermənistan rəhbərliyinin missiyası ondan ibarətdir ki, aparıcı aktorların geosiyasi maraqlarının toqquşması nəticəsində üzə çıxan ziddiyyətlər Cənubi Qafqazda da təhlükəli həddə çatsın. Ermənistan KTMT-nin üzvü olduğu halda, indi onun ərazisində NATO-ya və Avropa İttifaqına (Aİ) üzv ölkələrin missiyası da yerləşir. Ermənistan Cənubi Qafqazda hər an alovlandırıla biləcək plasdarma çevrilir. Rəsmi İrəvan Ukraynada faktiki bir-biri ilə savaş aparan qütblərin Cənubi Qafqazda da üz-üzə gəlməsinə şüurlu şəkildə imkan yaradır və bununla geosiyasi qarşıdurmanın dərinləşməsinə, onun mümkün qədər uzanmasına xidmət edir. Ermənistan hələ də ümid edir ki, bu prosesin hansısa mərhələsində onun üçün əlverişli geosiyasi şərait yarana və o, əvvəlki status-kvo vəziyyətini bərpa edə bilər. İşğalçı dövlətin sülh müqaviləsini ləngitməsi, hər dəfə hansısa təkliflər paketini hazılamaqla vaxt uzatması elə buna hesablanıb.

Ermənistanın baş naziri Nikol Paşinyandan fərqli olaraq Prezident İlham Əliyev yalnız bəyanatları ilə deyil, həm də əməli müstəvidə sübut edir ki, irəli sürdüyü sülh təşəbbüsündə, dayanıqlı və ədalətli sülhün bərqərar olmasında, həqiqətən maraqlıdır. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Cənubi Qafqazda dinc birgəyaşayışın yolu ərazi bütövlüyü və suverenliyin qorunması ilə bağlı olan beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmət göstərilməsindən, iqtisadi əlaqələrin bərpasından, çoxsaylı kommunikasiyaların açılmasından və regionun dünya iqtisadiyyatına daha sıx inteqrasiyasından keçir. Ermənistan hökuməti bir gün bəyan edir ki, guya kommunikasiyaların açılmasında o da maraqlıdır, amma ertəsi gün üzərinə götürdüyü öhdəliyin icrasından yayınaraq, əslində, bunun belə olmadığını nümayiş etdirir. Son dörd ilə yaxın dövrdə Ermənistan rəhbərliyinin ziddiyyətli mövqe sərgiləməsinin dəfələrlə şahidi olmuşuq. Suverenliyini, dövlət maraqlarını, barışmaz qütblərin maraq toqquşmasına qurban verən, fərqli siyasi mərkəzlər arasında “himayədar” axtarışında olan birinin sözü ilə əməli üst-üstə düşə bilməz. Çünki Ermənistan başqalarının oyununda, məhz başqalarının maraqları naminə alət olmaq ənənəsindən hələ də imtina edə bilmir. Dövlət başçımızın qeyd etdiyi kimi: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz”.

Vətən müharibəsindən artıq 4 ilə yaxın vaxt  keçməsinə baxmayaraq Fransanın diktəsi ilə Ermənistan və onun havadarları olan bir çox  ölkələr sanki çalışırlar ki, sülh müqaviləsinin imzalanması prosesini növbəti 30 ilədək uzatsınlar. Məhz bu səbəbdən də Vətən müharibəsi və ondan sonrakı dövrdə Fransa Azərbaycana qarşı BMT-nin Təhlükəsizlik Şurasında bir neçə dəfə qətnamə qəbul olunmasını müzakirələrə çıxarmaq üçün cəhdlər göstərib. Ancaq  bu cəhdlərin heç biri uğurla nəticələnməyib. Bu gün Avropa Şurası da, onun parlamenti də bu addımları ilə öz maraqlarına xidmət edən Fransa, Almaniya kimi dövlətlərin alətinə çevrildiyini göstərməklə, əslində oyuncaq təsisat olduğunu bir daha sübut etdi.  Paris özünün əlində olan bütün Avropa təsisatlarına Azərbaycan əleyhinə qərarlar, qətnamələr qəbul etdirməklə, mətbuatda Azərbaycan əleyhinə yazılar dərc etdirməklə, eyni zamanda hərbçilərini və bununla paralel silah-sursatını Ermənistana göndərməklə vəziyyəti gərginləşdirməyə çalışır. Təkcə Fransa deyil,  eyni zamanda, onun göstərişi ilə oturub-duran bir çox ölkələr də analoji hərəkəti edirlər. O cümlədən Hindistan da bu yolu tutub. Rəsmi Paris hazırda Ermənistana hücum silahlarının tədarükünü Hindistan üzərindən həyata keçirir. Hindistanın Ermənistana göndərdiyi “Trayan” özüyeriyən artilleriya sistemləri Fransanın siyasi dəstəyi və maliyyəsi hesabına həll edilib. Bu sistemlər Fransanın “Nexter Systems” şirkətinin Hindistandakı tərəfdaşları ilə birgə hazırlanır. Fransa silahların verilməsi ilə yanaşı, təlimlər adı ilə  Ermənistan ordusunda kadr hazırlığını da həyata keçirməyə cəhdlər edir. Fransanın bu siyasəti Cənubi Qafqazda gərginlik riskini artırmaqla yanaşı, hərbi sahədə yeni “dayaq” tapan Ermənistanı sülh danışıqlarında tələblər irəli sürməyə və prosesi uzatmağa da sövq edir.

Göründüyü kimi, nə qədər ki, Ermənistan qonşu ölkələrlə münasibətində müstəqil qərarlar vermək və qətiyyətli siyasi iradə nümayiş etdirmək gücündə deyil, onun sülhlə bağlı bəyanatları da həmişə şübhə doğuracaq və əməli müstəviyə keçə bilməyəcək. Bu isə o deməkdir ki, işğal dövründə olduğu kimi, Ermənistan bundan sonra da özünü qlobal iqtisadi layihələrdən məhrum edəcək, kimlərsə öz maraqları naminə ondan Cənubi Qafqazda dinc birgəyaşayışı və əmin-amanlığı təhdid edən alət qismində istifadə etmək imkanını qazanacaq. Lakin o da şübhəsizdir ki, gec-tez böyük dövlətlər də anlayacaqlar ki, Cənubi Qafqazda geosiyasi maraqlarının təmin olunması qarşıdurmadan və onun dərinləşməsindən deyil, siyasi uzlaşmadan və qarşılıqlı şəkildə faydalı olan iqtisadi inteqrasiya prosesindən keçir. Getdikcə onlar da əmin olacaqlar ki, Azərbaycan Cənubi Qafqazda dayanıqlı, faydalı uzlaşmanın gerçəkləşməsində müstəqil siyasi iradəyə malikdir və həlledici söz sahiblərindən biridir.

Şəmsiyyə Əliqızı, “İki sahil”