16 avqust 2024 10:20
385

Makronun hay sevgisi bitib tükənmir

Rəsmi Parisin müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazdakı ambisiyaları çoxlarına məlumdur. Azərbaycana qarşı qərəzli addımlar bu dövlətin xarici siyasətinin tərkib hissəsinə çevrilib  və məqsədli xarakter daşıyır. Bütün bunlar Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu  göstərir. Çoxsaylı xalqların nümayəndələrini etnik təmizləməyə məruz qoyan, insanlara öz dilində danışmağı belə qadağan edən, müstəqilliyə can atan xalqları silah gücünə susduran Fransa dövləti bu gün təcavüzkar d  Ermənistanın yanındadır, erməni separatçılarını müdafiə edir. Bu ölkənin  aktiv anti-Azərbaycan mövqeyi müəyyən hərbi-siyasi mülahizələr və ambisiyalarla diktə olunur. Fransanın bəzi şəhərlərindən Azərbaycana aid sözlər, heykəllər götürülür.  Özünü demokratiyanın beşiyi, dünya mədəniyyətinin mərkəzi sayan bir dövlət heç bir bəşəri dəyərlərə sığmayan addımlar atır.

Dünyanın bir sıra ölkələrində, xüsusilə də Afrikada nüfuzunu sürətlə itirən Emmanuel Makron hökumətinin Azərbaycandakı “dayaqları” da məhv edildi. Fransa digər regionlardakı itkilərini Qafqazda kompensasiya etmək istəyir. Fransa hazırda Hindistanla əlbir olaraq Ermənistanı silahlandırmaqla məşğuldur. Azərbaycan dövləti, xüsusi xidmət orqanları onların fəaliyyətini yaxından izləyir və lazımi məqamlarda cavab tədbirləri görür. ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi uğursuz fəaliyyət göstərən bu ölkə illərlə status-kvonun saxlanması ilə münaqişənin uzanmasına çalışıb. Qafqazı münaqişə ocağına çevirməklə buranı təsiri altında saxlamaq istəyən Paris hazırda Ermənistandakı revanşist qüvvələri qızışdırmaqla məşğuldur. Fransa İrəvana silah göndərməklə Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə mane olur. Dəfələrlə Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etdirmək  cəhdləri də uğursuzluqla nəticələnib.

Fransa hökumətinin anti-Azərbaycan siyasəti, o cümlədən ölkə parlamentinin hər iki palatasında respublikamız əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər.

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi cari ilin 18 yanvar tarixində Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edib: Fransaya qarşı sanksiyalar tətbiq edilsin. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun.  Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın.  “Total Energies” da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.  Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın.

Hazırda ksenofobiya, islamofobiya kimi zərərli kampaniyalar aparmaqla hakimiyyətə gələn E.Makron iqtidarı İslam və türk dünyasına qarşı revanşist siyasət yürüdür. Faransa birmənalı şəkildə daim Ermənistanın yanında durub və Qarabağda separatizmə dəstək verib. Bu dəstək bu gün də davam edir. Azərbaycan cari ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Hətta Ermənistan dövləti belə  bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək verdiyi halda, rəsmi Paris buna qarşı çıxıb.

Makron hökuməti  iki ölkə arasında gərginliyi qoruyub saxlamaq siyasəti yürüdür, birtərəfli qaydada Ermənistanı silahlandırmaq kimi çirkin planını həyata keçirməyə çalışır. Görünən odur ki, Fransa Ermənistanı silahlandırmaq siyasətini heç bir vəchlə dayandırmaq fikrində deyil. Hədəfi də Azərbaycanla Ermənistan arasında sülhün Ermənistanın xeyrinə nizamlanması prosesində “vasitəçi” rolunu oynamaqdır. Bu plan baş tutmadıqda isə regionu yeni hərbi eskalasiyaya sövq edir.  Təəssüf doğuran hal ondan ibarətdir ki, Qərb qurumları Ermənistana əlavə silahların verilməsinə göz yumur. Qərbin söz sahibi olan nüfuzlu qurumları, dövlətləri anlamaq istəmirlər ki, bu siyasət Ermənistanın aqressiv iddialarının güclənməsinə gətirib çıxaracaq və bütün regionun sabitliyini təhlükə altına salacaq. Ortada təcrübə də var. SSRİ dağıldıqdan sonra o dövr üçün ən müasir silahlarla təmin olunan Ermənistanın təxribatları Qafqazda bir milyona yaxın insanın ev-eşiyindən didərgin düşməsinə, Azərbaycan torpaqlarının işğalına gətirib çıxardı. İndi də Fransanın mövcud müqavilələr əsasında Ermənistana verməkdə olduğu silahlar regionda sabitliyə mənfi təsir edir və sülh prosesini çətinləşdirir. Qərb ölkələri anlamalıdırlar ki, Ermənistana əlavə silahlar vermək planı rəsmi Paris tərəfindən son dərəcə məsuliyyətsiz bir addımdır.

Göründüyü kimi, rəsmi Bakı dəfələrlə Parisi Ermənistanı silahlandırmaqdan çəkinməyə çağırıb. Prezident İlham Əliyev MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin 53-cü iclası zamanı da Fransanı sərt tənqid edib. Prezident Emmanuel Makronun Azərbaycanın beynəlxalq hüquqla probleminin olması ilə bağlı fikrinin isə sadəcə gülüş doğurduğunu bəyan edib. Ən acınacaqlısı isə odur ki, bu gün Avropa hələ də xaricə demokratiya ixracı adı altında ölkələrin daxili işlərinə müdaxilə edir, hakimiyyətlərin dəyişdirilməsinə çalışır. Onlar sözdə dünyada sülhə çağırış etsələr də əslində Ukraynada və Qəzzada başlayan müharibələrin başa çatmasına, atəşkəs elan olunmasına birbaşa mane olurlar.  Ancaq haradaki xalqla iqtidar birliyi var orada onların avantürası baş tutmur. Necə ki, bu oyunu dəfələrlə ölkəmizə qarşı oynasalar da planları iflasa uğramışdır.

Şəmsiyyə Əliqızı, “İkisahil”