16 avqust 2024 01:27
403

XXI yüzillik türk dünyasının inkişaf əsri olmalıdır

Tarixi, dini, mənəvi dəyərləri oxşar olan Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında möhkəmlənən əməkdaşlıq türk birliyinin və İslam həmrəyliyinin nümunəsidir

Avqustun 9-da Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündəki çıxışında dünyada təhdidlərin və risklərin artdığı, milli münaqişələrin qızışdığı müasir dövrümüzdə milli maraqların qorunmasının, qarşılıqlı münasibətlərin sağlam prinsiplər əsasında inkişafının, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev xalqlar arasındakı həmrəyliyi dünyada sabitliyin, təhlükəsizliyin qorunmasının təməli adlandırdı.

Azərbaycanın SPECA ölkələri ilə əlaqələrinin möhkəmləndirilməsini bölgə dövlətlərinin maraqlarının təminatı baxımından aktual məsələ adlandıran dövlət başçımız türk dövlətləri arasında güclənən həmrəyliyin əhəmiyyətini xüsusilə diqqətə çatdırdı: «Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.»

Torpaqlarımızın 30 il Ermənistanın işğalı altında qaldığı 30 ildə Azərbaycan xalqı ilə həmrəyliyini siyasi, mənəvi dəstəyi ilə bildirən qardaş ölkələrin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərindəki fəallığı da İslami dəyərlərə sadiqlikdir. «Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm» sözləri ilə dost yardımını sarsılmazlıq nümunəsi adlandıran Prezident İlham Əliyev iyul ayında Qazaxıstanda keçirilmiş və azərbaycanlı hərbçilərin də iştirak etdiyi «Birləşdik-2024»” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini, Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almalarını münasibətlərin genişlənən coğrafiyasının uğuru kimi dəyərləndirdi.

Son illərdə beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat layihələrinin reallaşmasında, təşəbbüslərin dəstəklənməsində öz sözünü deyən, nüfuzu artan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin eyni mövqedən çıxış etmələri həmrəylik nümunəsidir. Azərbaycanın bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bu ilin may ayında «Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu»nun imzalanması yaşıl enerji sahəsində əməkdaşlığın ilk addımdır.

Müasir dövrümüzdə xalqlararası qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın həyati əhəmiyyətli istiqamətlərindən biri də
 nəqliyyat-tranzit, loqistika sahəsində əməkdaşlıqdır. Bu sahədə öz sözünü real fəaliyyəti ilə bildirən, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətini 1 milyon tondan 5 milyon tona çatdıran Azərbaycan həqiqi mənada xalqlararası əlaqələrin genişlənməsinə önəmli töhfələr verir. Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.

Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Elm və texnologiyaların inkişaf etdiyi müasir dövrümüzdə dövlətlərarası əməkdaşlığın yeni sahəsi olan rəqəmsal infrastrukturun inkişafı da diqqət mərkəzində olan məsələdir. Həyata keçirilən «Rəqəmsal İpək Yolu”» layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir. Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığında müasr texnologiyalardan səmərəli istifadəyə diqqətin artırılması müsbət nəticəsini göstərməkdədir. «Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd etmək istərdim. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. SPECA-nın Bakıda keçirilən Sammitində iştirak etdiklərinə görə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinə bir daha təşəkkür edirəm» söyləyən Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizin ev sahibliyi edəcəyi COP29-da Mərkəzi Asiya ölkələrinin geniş tərkibdə iştirakı türk birliyin, İslam həmrəyliyinin sarsılmazlıq nümunəsi olacaq.

Göründüyü kimi, Prezident İlham Əliyevin Astanaya səfəri, Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirakı ölkəmizin strateji maraqlarının, diplomatik əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar yaradır. Başqa sözlə deyilsə , dünya birliyində mövqeyi möhkəmlənən ölkəmizin Avrasiya məkanında da strategi mövqeyi möhkəmlənir. Dövlət başçımızın Mərkəzi Asiya ölkələrinə davamlı səfəri Azərbaycanın siyasi, iqtisadi, gücünü artırır, qarşılıqlı əməkdaşlığın yeni istiqamətlər üzrə şaxələnməsini təmin edir. Orta Dəhliz layihəsinin önəmli üzvü olan Azərbaycanın regional, qlobal enerji və nəqliyyat dəhlizlərindəki rolu Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafına dəstək verir. Strateji mahiyyət daşıyan sahələrə inteqrasiya geosyasi əhəmiyyətə malik olmaqla Azərbaycanın Avropa ilə Asiya arasında səmərəli körpü rolunu artırır. Tarixi və mədəni əlaqələri eyni kökdən qaynaqlanan xalqların daha da yaxınlaşması üçün etibarlı zəmin yaranır. İşğaldan azad edilmiş Qarabağda Mərkəzi Asiya dövlətləri tərəfindən maliyyələşdirilən təhsil müəssisələrinin açılması qarşılıqlı əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir.

Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən sonra Astanada təşkil olunan tədbirdə ümumi maraqları əks etdirən təkliflər, birgə fəaliyyətin yeni istiqamətləri ilə bağlı müzakirələrin aparılması mövqeləri daha da yaxınlaşdırır. Qardaş ölkələrin ümumi evi olan Türk Dövlətləri Təşkilatının gücləndirilməsini, türk dünyasının sıx birləşməsini, ölkələrarası siyasi, iqtisadi və hərbi əməkdaşlığın genişlənməsini Azərbaycanın xarici siyasətinin əsas amili adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, qlobal arenada güc mərkəzinə çevrilən, geniş coğrafi məkanı əhatə edən qurumun qarşısında duran əsas hədəf sülhə, sabitliyə töhfə verməkdir.

«Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır» sözləri ilə türkçülük, turançılıq ideyalarına bağlılığı qardaş ölkə xalqlarının milli-mənəvi dəyərlərə, varisliyə sadiqliyi adlandıran Prezident İlham Əliyevin təşəbbüsü ilə
Təşkilatın büdcəsinə 2 milyon ABŞ dolları məbləğində vəsaitin köçürülməsi Azərbaycanın çoxsaylı humanitar təşəbbüslərinə daha bir nümunədir. Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis olunması türk dövlətləri arasında iqtisadi əlaqələrin dərinləşməsi imkanlarını artıracaq. «Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan «Rəqəmsal İpək Yolu» layihəsi də mühüm təşəbbüslərdən biridir» sözləri ilə enerji təhlükəsizliyinin təminatında ölkəmizin əvəzolunmaz rolunu diqqətə çatdıran Prezident İlham Əliyev inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərin birləşdirilməsinin vacibliyini diqqətə çatdırır. Zirvə görüşündə qəbul olunan Qarabağ Bəynnaməsinin hədəfi də bəşəri dəyərlərin qorunması, bütün xalqların birgəyaşayış qaydalarına əməl edilməsidir.

Çox təəssüf ki, elm və texnologiyaların inikşaf etdiyi XXI əsrdə də hegemonluq iddialarından əl çəkməyən bəzi dairələr TDT-nin güclənməsinə pozitiv yanaşmırlar. Ötən ay Şuşada təşkil olunan «Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə» mövzusunda II Qlobal Media Forumunda TDT-nin gələcəyi ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyev məntiqli açıqlaması ilə bəzi xalqlara qarşı təzyiq vasitəsi kimi istifadə olunan dini radikalizmi, irqçiliyi, islamofobiyanı, müstəmləkəçilik, neokolonialst meylləri bəşəri dəyərlərə xəyanət adlandırdı. Türk Dövlətləri Təşkilatının adı kimi ideyasının da müsbət mənada təkmilləşən fəaliyyətinin siyasi, iqtisadi, ticari, hərbi sahələrdə əməkdaşlığa töhfə verəcəyini bildirən Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin TDT-da artıq müşahidəçi deyil, üzv statusuna malik olmasını təşkilatın güclənməsi kimi dəyərləndirdi. «O ki qaldı, Türk Dövlətləri Təşkilatının gələcək inkişafına, mənim baxışlarım burada tamamilə aydındır. Əminəm ki, bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali - bütün bunları mən öz çıxışımda söylədim. Yəni, bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, türk dövlətləri arasında hərbi sahədə işbirliyinin genişlənməsi müttəfiqliyi daha da gücləndirəcək. İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəfəri nümunə göstərən dövlət başçımızın «Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. İnşallah, belə də olacaq» sözləri türk birliyinin əbədiliyinə və türkün gücünün sarsılmazlığına xeyir-duadır.

Xuraman İsmayılqızı, «İki sahil»