15 avqust 2024 03:26
478

Ermənistanın tükənməyən ekoloji terroru region üçün təhlükə mənbəyidir

Ermənistan  insanlıq əleyhinə terrorçuluğu dövlət siyasəti səviyyəsində həyata keçrən bir barbar ölkədir. Haylar son  bir əsrdən artıq müddətdə himayədarlarına güvənərək qonşularına qarşı açıq şəkildə qətliamlar, soyqırımlar törədiblər. Xüsusilə hayların Azərbaycanda törətdikləri soyqırımların qurbanları onminlərlədir.

Təbii ki, 2020-ci ilin sentyabrın 27- də başlayan İkinci Qarabağ müharibəsində onların burnu Azərbaycan Ordusu tərəfindən ovuldu. Bununla da əsrin ən qanlı dərsini almış oldular. İndi Azərbaycanın qədim torpaqları azad və firvandır. Artıq Cənubi Qafqazda ilk dəfə olaraq tarixdə separatizəmə və terrorçu xuntaya da Azərbaycan son qoydu. Bununla da Ermənistanın «Dənizdən dənizə- Böyük Ermənistan» iddiası dəfn edilmiş oddu.

Bütün bunlara baxmayaraq Ermənistanın ölkəmizə qarşı apardığı digər terror isə ekologiyamıza vurduğu ağır yaralardır. Beynəlxalq hüquqda  bildrilir ki, hansı bir ölkə və yaxud şəxslər tərəfindən digər ölkənin təbiətinə, flora və faunasına qəsdən zərər yetirmək ekoloji terrordur və bunun ağır cəzaları da mövcuddur. Qeyd edək ki,30 ildən çox  erməni işğalı altında qalan Azərbaycanın şəhər və kəndlərinin dağıdılması, dinc əhalinin soyqıpımı  və eyni zamanda, bitki və heyvanlar aləminin məhv edilməsi də ən ağır və genişmiqyaslı ekoloji terrordur. Hərbi münaqişə və müharibə yalnız Azərbaycan Respublikasının ərazisində aparıldığından bu dövrdə atmosfer, su mənbələri, torpaqlarımız bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalıb.  

İşğala məruz qalmış yaşayış məntəqələrimiz erməni silahlı birləşmələri tərəfindən qarət edilib, evlər dağıdılıb, su, elektrik, qaz və digər kommunikasiya xətləri isə tamamilə sıradan çıxarılıb. Bir sözlə, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib.

İşğaldan azad edilən ərazilərdə monitorinq zamanı təbii sərvətlərimizin talan edilməsinin,  meşələrdə çoxillik qiymətli ağacların kəsilməsinin (daşınmasında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətindən və ona məxsus olan hərbi texnikadan istifadə edilib) bir daha şahidi olduq. Cənubi Qafqazda ən zəngin təbiətə malik olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının ekosisteminin darmadağın olunmasının miqyası o qədər böyükdür ki, onun bərpası üçün on illərlə vaxt lazımdır.

Xüsusilə işğal dövründə meşə fondumuza böyük ziyan dəyib. Belə ki, işğaldan azad olunan ərazilərimizdə meşə fondu torpaqlarımız 260 min hektarın üzərindədir. İşğalaqədərki dövrdə aparılan meşə quruluşu işlərində həmin ərazilərin 216 min hektarının meşə örtüklü ərazi olduğu göstərilir. İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərdən sonra aparılan monitorinqlər və qiymətləndirmələr nəticəsində məlum olub ki, 54 min hektardan çox meşə ərazimiz tamamilə məhv edilib. Azad olunan ərazilərdə 152 təbiət abidəsi var. Bunların əksəriyyətinin yaşı 100 illərlə ölçülən ağaclardır. Onlardan 131-i və ya 80 faizi məqsədli olaraq tamamilə məhv edilib. 800-1000 il yaşı olan təbiət abidələrimiz bərpası mümkün olmayacaq dərəcədə sıradan çıxarılıb, hətta kökləri yandırılıb ki, pöhrə belə verməsinlər. Təkcə meşə fondu deyil, ərazilərimizdə olan yeraltı təbii sərvətlərə və su ehtiyatlarına da işğalın, təəssüf ki, çox böyük mənfi təsirləri aydın hiss edilir.

Qarabağ və Şərqi Zəncəzur iqtisadi rayonlarındakı işğaldan azad olunan ərazilərdə 167 faydalı qazıntı yatağımız var, onların 52-də qanunsuz istismar işləri aparılıb. Belə ki, burada çox qiymətli, əsasən də əlvan metallar olan yataqlarımız amansızlıqla istismar edilib. Bu məsələlərlə bağlı beynəlxalq ekspertlərin də cəlb olunması ilə qiymətləndirmə aparılır və nəticələr aidiyyəti komissiya və dövlət qurumlarına təqdim olunur. Artıq beynəlxalq məhkəmələrdə bu məsələlərin bir çoxu ilə bağlı iddialar qaldırılıb.

2024-2026-cı illər ərzində minatəmizləmə işləri başa çatdıqca 1150 hektar ərazidə meşəbərpa işləri aparmaq planlaşdırılıb. Yəni, qarşıdakı illərdə bioloji müxtəlifliyin bərpası, tarixən arealları həmin ərazilər olmuş fauna və flora növlərinin qaytarılması ilə bağlı layihələr hazırlanıb. İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə olan xüsusi mühafizə olunan ərazilərin fəaliyyətlərinin bərpasına başlanılıb. Belə ki, Prezidentin 2021-ci il 20 oktyabr tarixli Sərəncamı ilə Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilib, Sərəncamın icrası ilə bağlı Qoruğun Əsasnaməsi hazırlanıb, sanitariya-mühafizə zonası müəyyənləşdirilib, aidiyyəti qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinin 2022-ci il 29 noyabr tarixli 424 nömrəli Qərarı ilə təsdiq edilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yerləşən digər xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətlərinin bərpası ilə bağlı işlərə də başlanılıb. Hazırkı mərhələdə Daşaltı Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılıb və təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunub. Digər xüsusi mühafizə olunan ərazilərlə bağlı işlərin də mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Xüsusi mühafizə olunan təbiət ərazilərinin statusunun dəyişdirilməsinə başlanılıb. Bu isə o deməkdir ki, qoruq və yasaqlıqların bazasında ekoturizm fəaliyyətinə imkan verən milli parklar və təbiət parkları yaradılacaqdır.

Qeyd edək ki, işğal dövründə Laçın ərazisindəki Qaragöl Dövlət Təbiət Qoruğu, xüsusən də gölün özü çox ziyan görüb, orada mövcud olmuş ekosistem, demək olar ki, tamamilə məhv edilib.  Bu gün təəssüf ki, ikili standartlar hər yerdə olduğu kimi, burada da özünü göstərir. Belə ki, üzvü olduğumz bütün beynəlxalq təşkilatlara edilmiş müraciətlərimizə baxmayaraq, hələ də bir beynəlxalq təşkilat da  bununla bağlı ciddi etirazını bildirməyib. İşğalaqədərki dövrdə Bəsitçay Dövlət Təbiət Qoruğunda 108 hektar ərazinin 83 hektarı Şərq çinarı meşəsi olub, onun 40 hektardan çoxu işğal dövründə tamamilə məhv edilib. Bütün təbiətimiz kimi, xüsusi mühafizə olunan ərazilərimiz də ziyan görüb. Arazboyu Dövlət Təbiət Yasaqlığında meşə örtüyünün çoxu tamamilə məhv edilib. İndi o yerlərdə bərpa prosesini sürətləndirmək üçün yüksək xüsusi mühafizə statusuna zərurət var və bu istiqamətdə üzv olduğumuz beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparılır.

Ümumiyyətlə, araşdırmalar göstərir ki, hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirkləndirilir. Oxçuçaydakı çirkləndiricilər suyun töküldüyü Araz və Kür çayları vasitəsilə Xəzər dənizinə axır. Nəticədə Xəzər hövzəsindəki 5 (Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan) ölkənin ekosistemində çirklənmələr baş verir ki, bu da təkcə Azərbyacanın yox, digər Xəzəryanı  ölkələrin birgə həll etməli olduğu məsələdir. Çünki Xəzəryanı region orada bütün baş verənlərə görə yalnız  «Xəzər beşliyi»nin – Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanın məsuliyyət daşıdığı region olaraq qalır.

Bundan başqa, Ermənistanın Amuldağ qızıl yatağının və digər dağ-mədən zavodlarının yaratdıqları ekoloji terror region üçün çox ciddi təhlükə yaradır. Beynəlxalq təşkilatların bəyanatlarına, tələblərinə məhəl qoymayan Ermənistana qarşı ciddi sanksiyaların qəbul edilməsi bütün dünyanın, xüsusən də Xəzəryanı ölkələrin ən prioritet məsələsi olmalıdır.

Azərbaycan ekoloqları və təbiətsvərləri bu gün də fəaliyyətlərini  ermənilərin ekoloji terrorunun ifşasına yönəldiblər. Nəticədə  ötən il  Ermənistanın ekoloji terroru ilə bağlı dünyanın 22 ölkəsindən 49 QHT və ekofəalı birgə bəyanat qəbul edib. Bu bəyanatda da Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edilir. Bəyanat müəllifləri Ermənistandan ətraf mühitə ziyan vuran fəaliyyəti dərhal dayandırmağı, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirməyi kəskin şəkildə tələb ediblər.

Bəyanatda, eyni zamanda, qeyd edilir ki, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olunduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur. O da qeyd olunub ki, yaxın zamanda COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq Ermənistan  ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir.

Elçin Zaman, «İki sahil»