15 avqust 2024 02:25
411

Qarabağ və Şərqi Zəngəzur: Nəhəng infrastruktur layihələri bölgəyə həyat gətirir

Ölkəmizin maliyyə gücünün artması Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin genişlənməsinə daha çox vəsait ayırmağa imkan yaradır. Bu torpaqlarda həyatın əvvəlki axarına qaytarılması üçün dövlət büdcəsindən ayrılan böyük məbləğlər görülən nəhəng işlərin miqyasını göstərir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Dövlət Proqramı çərçivəsində 16 milyard manatdan çox vəsait ayrılıb.

Bu ərazilərdə həm dövlətin, həm də özəl sektorun bərpa və quruculuq işlərindəki fəal iştirakı ölkənin iqtisadiyyatına da müsbət təsir göstərməkdədir. Məhz bu səylərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı 4,5 faiz böyüyüb. Cari ilin yanvar-iyul aylarında ölkədə 70 milyard 544 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz daha çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb. ÜDM istehsalının 38,4 faizi sənaye, 9,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinə aid olub, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6921,4 manata bərabər olub.

Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən layihələr, ölkənin ümumi iqtisadi göstəricilərinə mühüm töhfə verir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri sayəsində dünya şəhərsalma təcrübəsinin yeni, Azərbaycan modeli yaradılır və bu, dünya ictimaiyyəti tərəfindən müsbət qiymətləndirilir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, həmin ərazilərdə məskunlaşmanın təmin edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olaraq qəbul edilir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində 2026-cı ilin sonunadək 140 minə yaxın keçmiş məcburi köçkünün öz dədə-baba yurdlarında məskunlaşdırılması nəzərdə tutulur. İyulun 31-nə olan məlumata görə, azad edilmiş ərazilərə 2 036 ailə, yəni 7 901 nəfər köçürülüb. Füzuli şəhərinə 822 ailə (3 132 nəfər), Şuşa şəhərinə 147 ailə (570 nəfər), Laçın şəhərinə 552 ailə (2 031 nəfər), Xocalı şəhərinə isə 44 ailə (169 nəfər) köçürülüb. Bundan başqa, azad edilən Talış kəndinə 20 ailə (90 nəfər), Ağalı kəndinə 175 ailə (871 nəfər), Sus kəndinə 59 ailə (215 nəfər), Zabux kəndinə isə 217 ailə (823 nəfər) köçürülüb.

Bərpa-quruculuq işləri çərçivəsində böyük infrastruktur layihələri də icra olunmaqdadır. Hazırda işğaldan azad olunmuş ərazilərdə xəstəxanalar, məktəblər, idman və digər infrastruktur obyektlərinin tikintisi sürətlə davam edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən layihələr çərçivəsində tunellər və körpülər inşa edilir, polad magistrallar çəkilir, bütün elektrik təsərrüfatı yenidən qurulur. Möhtəşəm yol şəbəkəsinin yaradılması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına, Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf planlarının həyata keçirilməsinə böyük töhfədir.

Qarabağda və Şərqi Zəngəzurda "yaşıl enerji"nin reallaşdırılması da prioritet istiqamətlərdən biridir. Son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcud olduğunu təsdiqləyib. Hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir. Enerji sahəsində əldə olunan uğurlar, Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan "yaşıl enerji" layihələri ilə yanaşı, regionun davamlı inkişafını təmin edəcək digər sahələrin də inkişafına təkan verir. Bu baxımdan, yeni yaradılan Qarabağ Universiteti də şübhəsiz ki, regionda tarixən mövcud olmuş təhsil mühitini yenidən canlandıracaq. Qarabağ Universiteti yenilikçi bir iqtisadiyyatın əsas lokomotivlərindən olmaqla yanaşı, ölkənin elmi və texnoloji inkişafına təsir göstərməsi, innovasiya sahəsində mövqeyini gücləndirməsi, yüksəkixtisaslı kadrların hazırlanmasında və sosial-iqtisadi siyasətin həyata keçirilməsində mühüm rol oynayacaq.

Regionun turizm sənayesinə də xüsusi diqqət yetirilir. "Qarabağ" və "Palace" hotellərinin istifadəyə verilməsi bölgədə turizm və iqtisadi fəaliyyətin genişləndirilməsinə şərait yaradır. "Qarabağ" hotelində Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Müxtəlif kateqoriyalı otaqlar, restoran və işgüzar görüşlər üçün məkanlar qonaqların ixtiyarına verilib. "Palace" hotelində isə 54 otaq mövcuddur və burada ən müasir iaşə məkanları yaradılıb. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı var.

Bunun ardından ötən ay Qarabağın incisi Şuşada sutəmizləyici qurğular kompleksinin açılması bölgənin infrastrukturuna əhəmiyyətli bir töhfə verdi. Şuşa şəhərinin Baş planına uyğun hazırlanmış layihəyə əsasən, Şuşada 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı sularının tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqarçay çayına axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.

Bu mühüm inkişafların fonunda Vətən müharibəsindən sonra İsa bulağı da Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri milli ornamentlərlə yazılıb, su təminatı da tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb. İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.

Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşləri nəticəsində ciddi zədələnmiş və məscid vandalizmin qurbanına çevrilmişdi. 2021-ci ilin dekabr ayından etibarən Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə məsciddə bərpa işlərinə başlanılıb. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunub. Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri məhz Aşağı Gövhər Ağa məscidində aparılıb. İlkin memarlıq üslubunun qorunması ilə həyata keçirilən bərpa işləri məscidlə yanaşı ərazidəki mədrəsə binasını da əhatə edib. Məscid ərazisində yerləşən tarixi mədrəsə binasında hazırda muzey yaradılıb. Bu müvafiq bərpa layihələri, şəhərin tarixi mirasını qorumaq və gələcək nəsillərə təqdim etmək məqsədini güdür.

Nigar Orucova, “İki sahil”