02 iyul 2025 01:29
193

Yekaterinburq cinayəti: “Velikorus şovinizmi”nin müasir siması

Rusiyanın qeyri- millətlərə qarşı  zorakılıq, təzyiq   siyasətini yalanları ilə  pərdələyən,  Hind okeanında «ayaqlarını yumaq» arzusunu özü ilə məzara aparan gorbagor Jirinovskinin davamçıları olan medinskilər, solovyovlar, zatulinlər ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən, regionda yaratdığı yeni reallıqları ilə diqqəti  cəlb edən Azərbaycanın uğurlarını həzm edə bilmirlər

Son günlərdə  Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində  azərbaycanlı ailələrə qarşı keçirilmiş  qanunsuz əməliyyatlar,  göstərilən  vəhşiliklər, fiziki  təzyiqlər Rusiyanın  antimüsəlman, islamofob siyasətinin, miqrantlara qarşı dözümsüzlüyünün  ifadəsidir. Yekaterinqburdan sonra Vorenejdə  eyni  əməliyyatların təkrarlanması göstərir ki, Rusiyada humanizm  Ukrayna ilə davam etdirilən müharibənin alovlarında yanıb kül olmuşdur.

 Hadisələr bəlli olduğundan əlavə  izaha ehtiyac qalmır.  Tibbi ekspertizanın nəticələrindən də aydın olur ki, artıq cənazələri  Azərbaycana gətirilən Səfərov qardaşları Rusiyanın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən vəhşicəsinə  döyülərək, işgəncələrə məruz qalaraq qətlə yetirilmişlər. Ailənin bəzi üzvlərinə qarşı ağlasığmaz dərəcədə  şiddət göstərilmiş, müxtəlif dərəcəli bədən xəsarətləri  yetirilmişdir. Hadisələrə  nəzər salmaqla,  bəzi məqamlara aydınlıq gətirməklə  bir həqiqət təsdiqlənir: Rusiyada insan hüquqlarının qorunması, öz vətəndaşlarına diqqət  elə «ruscadır.»

 Hazırda çoxsaylı suallardan ən maraqlısı hadisələrin hansı səbəblərdən və məhz indi  niyə   törədilməsidir.   Bəllidir ki,  Ukrayna ilə müharibə aparan Rusiyanın  müdafiə potensialı tükəndikcə, əsgəri heyəti  azaldıqca  hərbi kontingentə ehtiyac da artır.  Orta Asiyadan  və Cənubi Qafqazdan olan qeyri-rus  xalqlarının nümayəndələrinin  müharibə zonasına  göndərilməsini ən  asan, optimal seçim  hesab edən Kremlin səlahiyyətliləri «miqrant ovu» variantına  üçtünlük verirlər. Bu variantın  həlli yolları da bəllidir. Onlar saxta ittihamlarla həbs edilir, sonra   «azad olunmaları» üçün  alternativ imkan kimi orduya yazılmaq təklif edilir.   Beynəlxalq aləmdə görünməyən, amma  Rusiyada tətbiq olunan  «əvəzli ədalət sistemi»ndə  bu ölkənin hüquq normaları, Konstitusiyaya riayət, vətəndaşların hüquqlarının qorunması nədənsə yada düşmür. Tələb də, seçim də  dəyişilməzdir: Cəbhə, yaxud  cəza. Sistemli xarakter  alan,  insan resurslarının  çatışmazlığının təzahürü olan bu prinsip ölkədə  sosial gərginliyi artırmaqla milli azlıqlara qarşı ədalətsizliyin iyrənc formasıdır.

 Yekaterinburq hadisələri təsadüfən baş verməyib.   Müxtəlif zamanlarda  azərbaycanlılar da daxil olmaqla bu ölkə üçün canlı qüvvə olan müsəlmanlara  qarşı həyata keçirilən  guya vətəndaşlıq qeydiyyatlarının «yoxlanılması», soydaşalırımızın çoxluq təşkil etdikləri bazarlarda, iri ticarət mərkəzlərində  qanunsuz  «reydlərin» keçirilməsi, paqonlular tərəfindən  piştaxtaların vəhşicəsinə  dağıdılması Yekaterinburq hadisələrinin anonsu idi.  Həştərxanda keçirilən beynəlxalq tədbirə dəvət olunmuş Milli Məclisin deputatı  Azər Badamovun sərhəddə saxlanılması protokol qaydalarının pozulması olmaqla  siyasi motivli  xəbərdarlıq idi.
 Azərbaycan tərəfi bu hadisəyə etiraz etsə də, Rusiyadan  hələlik rəsmi açıqlama yoxdur.  Azərbaycanın mülki təyyarəsinə qarşı  insidentin   Rusiya tərəfindən törədilməsi subuta yetirilsə də  rəsmi Kremlin cinayəti öz üzərinə götürməməsi də narahatlıq doğuran məsələlərdəndir.  Rusiya mediasında davamlı xarakter alan anti-Azərbaycan  kampaniyası da deyilənlərə əlavə olunsa bir həqiqət  təkzibedilməzdir: Məqsədli, sistemli  şəkildə   həyata keçirilən  siyasi, ideolji təxribatların qanlı səhifəsi  hələ ki, Yekaterinqburq, qismən də Voronejdir.

  Əsası olan bu faktları təsadüfən sadalamadıq. Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski «Russia Today» kanalına müsahibəsində Qarabağ bölgəsini «mübahisəli» ərazi  adlandırması, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktları təhrif etməsi də  təsadüfi deyil. Medinskinin müttəfiq, eyni zamanda,  müstəqil dövlət kimi tanınan  Azərbaycan haqqında  bilərəkdən qərəzli, şovinist mahiyyətli fikirlər səsləndirməsi Yekaterinburq hadisələrinə hazırlığın gedişi, cinayət  əməllərinə haqq qazandırmaq bəhanəsidir.  Bütün dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı bir zamanda  Medinskinin bu  «kəşfi», qərəzli iddiaları  siyasi manipulyasiyadan başqa bir şey deyildir. Görünür,   Hind okeanında «çəkmələrini yumaq» arzusunu özü ilə məzara aparan gorbagor Jirinovskinin davamçıları olan medinskilər, solovyovlar, zatulinlər ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən, regionda yaratdığı yeni reallıqları ilə diqqəti cəlb edən, Qafqazın  siyasi, iqtisadi, hərbi güc mərkəzinə çevrilən, dünyanın enerji və nəqliyyat xəritəsini təşəbbüsləri və müəllifi olduğu layihələri ilə dəyişən Azərbaycanın diplomatik  uğurlarını həzm edə bilmirlər. Qarabağın əzəli Azərbaycan torpağı olması faktını tanımayan,    millətçi əhval-ruhiyyələrini «velikorus şovinizmi» pərdəsi ilə aktuallaşdıran rusiyalı  rəsmilər imperiyanın  məhvə məhkum   Cənubi Qafqaz siyasətlərinin iflasa uğramaları ilə  barışa bilmirlər. Müsahibəsində  Qarabağla Donbass arasında eyniləşdirmə aparan Medinski Kreml sahibinə sədaqətini  göstərmək istəyib.

Baş verən hadisələr fonunda  Kremlin  Ermənistanın siyasi arenasında revanşist qüvvələri fəallaşdırması,  Cənubi Qafqaz niyyətlərini  gerçəkləşdirmək üçün əl altında saxladıqları bu  ölkənin sabiq prezidentləri  Robert Koçaryanı, Serjik Sarkisyanı  yenidən hakimiyyət uğrunda mübarizəyə  cəlb etməsi ölkəmizə  dolayısı yolla  əzələ nümayişi, Cənubi Qafqazda sülh səylərinə  mane olmaq cəhdi,   imzalanacaq sülh sazişinin qarşısında qırmızı  xətt,  şlaqbaumdur.  Bu sadalananlar isə  bölgədə yeni siyasi və informasiya mənzərəsi yaratmaqla  Kremlin əvvəlki iddalarının yenilənməsidir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin maskalı  əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadıqları mənzillərə xəbərdarlıq etmədən, qapıları vəhşicəsinə qıraraq içəri soxulma,  yoxlanış aparılması ilə bağlı göstəriş olmadan  əşyaların dağıdılması, qadınlara məxsus  zinyət əşlarının qarət yolu ilə  mənimsənilməsi  kadrlarını yalnvz kriminal filmlərdə  görmüşük. Hadisə nəticəsində  soydaşlarımızın həbs edilərək kütləvi işəgncələrə məruz qalmaları, xəsarət alan  gənclərin tökülən qanlarını yaralıların özlərinə təmizlətdirmələri də rusların  dili ilə deyilsə  « «oblavaların» qeyri-qanuniliyini göstərir. Mənzillərə soxulan paqonluların  özləri ilə  ən islahedilməz, siyasi, kriminal motivlərlə  həbs edilən, dövlət əhəmiyyətli  ifadələrin alınmasında,  qatı cinayətkarlara qarşı tətbiq olunan elektroşoklardan istifadə  şovinzmdən, vəhşilikdən də artıq  qəddarlıqdır.
Azərbaycanla guya  strateji müttəfiqlik münasibətlərində olan Rusiya polisinin  Azərbaycan əsilli, Rusiya vətəndaşlarına qarşı göstərdiyi qeyri-insani davranışı  1905-ci ildə Sankt-Peterburqda çarizmin  dinc əhaliyə qarşı  törətdiyi  Qanlı bazar gününü, müsəlman xalqlarının qatı düşməninin  adı ilə bağlı olan «Stolıpin irticası»nı xatırladır. Etnik azlıqlara qarşı törədilən bütün  cinayətlərin sistemli şəkildə, dövlət  səviyyəsində həyata keçirilməsi isə  dözülməzdir. Ən acınacaqlısı   OMON qüvvələrinin Yekaterinqburqda törətdikləri  hadisələr fonunda Azərbaycana qarşı ideoloji kampaniyaların gücləndirilməsi, xalqımız haqqında mənfi təsəvvürün  yaradılmasıdır. Tibbi ekspertizanın  rəiyndə qeyd olunduğu kimi, zorakılığa məruz qalan, küt alətlə  qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının başına gətirilən  faciəni  guya  özlərini pis hiss edərək ölməsi kimi qələmə verən Rusiya mətbuatı şovinist siyasəti müdafiə edir. Ekspertlər isə haqlı olaraq qeyd edirlər ki, Yekaterinqburq hadisələri kimi insidentlər  müstəntiqlər və ümumilikdə təhlükəsizlik qüvvələri üçün böyük problemlər yarada bilər”.

 Hadisə ilə bağlı  narazılığını Rusiyaya bildirən  Azərbaycan Xarici İşlər Nazirliyinin bəyantında da  baş vermiş cinayət  faktına  qanunlar , beynəxalq hüquq normaları  çərçivəsində  obyektiv yanaşılması  tələb olunur.   Güclü, humanist,  beynəlxalaq hüquq normalarına , bəşəri dəyərlərə hörmətlə yanaşan  Azərbaycana sözügedən insidentlə  bağlı  izahatlar deyil,  soydaşlarımızla vəhşi rəftar edənlərin ciddi cəzalandırılması lazımdır.  Yekaterinburqda həmvətənlərimizə qarşı  zor tətbqinin  Voronejdə təkrarlanmasında  məqsəd  Rusiyanın digər bölgələrində yaşayan azərbaycanlıları, ümumiyyətlə,  müsəlmanları  qorxutmaq, seçim qarşısında qoymaqdır.

Xuraman İsmayılqızı, "İki sahil"