Ermənilər 30 illik işğal dövründə Azərbaycanın 12 faizdən artıq ərazisini minalarla çirkləndirilib
Bu gün ölkəmizin üzləşdiyi ən aktual problemlərdən biri minaların və partlamamış hərbi sursatların (PHS) geniş yayılmasıdır. Keçmiş münaqişələrin, xüsusən də Qarabağ müharibəsinin bu qalıqları mülki əhalinin həyatı üçün ciddi təhlükə yaratmaqda davam edir, iqtisadi inkişafa mane olur və bərpa işlərini çətinləşdirir. Ermənilər 30 illik işğal dövründə ərazilərimizi dünyada analoqu olmayan sistemlə minalayıblar. Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla çirkləndirilib. Otuz ilə yaxın işğalçılıq dövründə bu əraziləri minalamış ermənilər beynəlxalq konvensiyalara zidd olaraq xəritələri Azərbaycan tərəfinə təqdim etmirlər. Yalnız müəyyən ərazilərin mina xəritəsi əsirlərin qarşılığında verilib ki, bunun da 75 faizi yanlışdır. Qarabağ ərazisinin relyefi və minaların çoxluğu nəzərə alınsa, demək olar ki, ümumilikdə minaların təmizlənməsi uzun illər ərzində mümkün ola bilər. Azad edilmiş ərazilərimizdə minalanma səviyyəsi heyrətamiz dərəcədə yüksəkdir. Laçın, Kəlbəcər, Füzuli, Ağdam və digər rayonlarımızda vəziyyət daha acınacaqlıdır. Təkcə Ağdam şəhərində 97 min mina basdırılıb. Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara məlumat versə də Ermənistan tərəfi bu gün müxtəlif bəhanələrlə minalanmış sahələrin tam xəritəsini təqdim etməkdən boyun qaçırır.
Azərbaycanda minaların insan həyatına vurduğu zərər danılmazdır. Yüzlərlə mülki şəxs bu məkrli cihazların qurbanı olmaqla, ölüm, yaxud amputasiya kimi həyati xəsarətlər alır. Bu günlərdə Ağdam rayonunun Papravənd kəndi ərazisində Ağdam Rayon Polis Şöbəsində polis serjantı kimi çalışan Xəyyam İsmayılov piyada əleyhinə minaya düşüb. Məlumata görə, onun sağ ayağı topuqdan amputasiya edilib. Qeyd edək ki, 2020-ci il Vətən müharibəsinin bitməsindən sonra Azərbaycanda mina qurbanlarının ümumi sayı 399 nəfərə çatıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edilib. "Ermənistanın mina ilə çirklənmiş ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı şəkildə imtina etməsi bu ərazilərdə yaşayan mülki şəxslər və digər insanlar üçün ciddi təhlükə yaradır. Beynəlxalq ictimaiyyət bu humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır", - deyə paylaşımda qeyd edilib.
Minalar təkcə insan həyatı deyil, təbiət üçün də uzunmüddətli təhdid yaradır. Azad olunmuş torpaqlarımızda minlərlə hektar ərazidə basdırılan minalar əkin yerlərini zəhərləyir, bitki örtüyünü məhv edir. Bundan əlavə, minalar su resurslarına da ciddi zərər vurur. Torpağın kimyəvi tərkibini dəyişdirən partlayışlar zamanı zəhərli maddələr yeraltı su mənbələrinə sızaraq ətraf mühitin çirklənməsinə səbəb olur. Bu da həm insanların, həm də heyvanların sağlamlığına mənfi təsir göstərir. Minaların təmizlənməsi ekosistemin bərpasında əsas şərtdir.
Minalar Azərbaycanda iqtisadi inkişafa da əngəllər yaradır. Həmin ərazilərdə kənd təsərrüfatı fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Geniş münbit torpaq sahələri əlçatmaz olaraq qalır. Yolların, məktəblərin və səhiyyə müəssisələrinin tikintisi də daxil olmaqla infrastrukturun inkişafı da ləngiyir, bu da münaqişədən sonra yenidənqurma və inkişaf səylərinin tempini aşağı salır. Vəziyyətin ağırlığını dərk edən Azərbaycan hökuməti beynəlxalq təşkilatlarla birlikdə minatəmizləmə əməliyyatlarında fəal iştirak edir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) çirklənmiş ərazilərin təmizlənməsi və minaların təhlükələri barədə məlumatlılığın artırılması istiqamətində yorulmadan fəaliyyət göstərir. Bu səylərə baxmayaraq, çirklənmənin miqyası genişdir və minalardan təmizləmə həm gərgin zəhmət tələb edir, həm də təhlükəli prosesdir. Qeyd edək ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planına əsasən, 2022-2025-ci illər ərzində 215 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub. Plana uyğun olaraq 3 il ərzində 159 min hektardan artıq ərazi (73,95 faizdən artıq) minalardan təmizlənib. Hazırda minatəmizləmə əməliyyatları intensiv şəkildə davam etdirilir. İşğaldan azad olunan ərazilərdə ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və 4 özəl şirkətin birgə əməyi nəticəsində mart ayı ərzində 4556 hektar ərazi minalardan təmizlənib. 105 tank əleyhinə mina, 331 piyada əleyhinə mina, 9755 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Sülh və təhlükəsizlikdən, haqq və ədalətdən dəm vuran bütün beynəlxalq təşkilatlar, eləcə də sayılıb-seçilən dövlətlər 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti, minaların daşınmasını və yerləşdirməsini davam etdirən Ermənistanın mina terrorunun qarşısının alınması üçün riyakar Hayastan hökumətinə ciddi təzyiqlər göstərməli, minalanmış ərazilərin təmizlənməsi ilə bağlı ölkəmizə dəstək verməlidirlər. Daim ikili standartlar siyasəti yürüdən təşkilatlar regionda uzunmüddətli sülhdə maraqlıdırlarsa o zaman Ermənistanın hərbi-siyasi rəhbərliyinə təzyiq göstərərək həqiqi mina xəritələrinin Azərbaycana təhvil verilməsində israr etməlidirlər. Hər kəs anlamalıdır ki, ermənilər öz öhdəliklərini yerinə yetirib müharibə cinayətlərindən əl çəkməyənə qədər regionda uzunmüddətli sülhdən söhbət gedə bilməz.
Sevinc Azadi, “İki sahil”