13 avqust 2024 23:06
356

Fransa regionu yenidən münaqişə ocağına sürükləmək niyyətindən əl çəkmir

Azərbaycan daim dünya güclərinin  ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə olub. Xüsusilə də 2020-ci ildə Vətən müharibəsindən sonra bu cür radikal hallara daha çox rast gəlirik. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib. Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən irəli sürülüb. Münaqişə başa çatdıqdan sonra xalqımızın uzun illər ərzində məruz qaldığı əzab-əziyyətlərə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparır. Məqsəd regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsidir.

Azərbaycanın gücü və qətiyyəti Cənubi Qafqaz regionunun münaqişə potensialını əhəmiyyətli dərəcədə məhdudlaşdırsa da, Fransa regionu yenidən münaqişə ocağına sürükləmək niyyətindən əl çəkmir. Fransanın ölkəmizə qarşı qərəzli addımları bu dövlətin xarici siyasətinin tərkib hissəsinə çevrilib  və məqsədli xarakter daşıyır. Bu ölkənin ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyduğu birinci hal deyil. Vətən müharibəsinin elə ilk günlərində Fransa Prezidentinin “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”, – deyə beynəlxalq hüquqa zidd olan bəyanat verməsini yaxşı xatırlayırıq. Vətən müharibəsindən artıq 4 ilə yaxın vaxt  keçməsinə baxmayaraq Fransa keçmiş münaqişənin həllində heç vaxt maraqlı olmadığını, özünün əsl ermənipərəst mövqeyini   abırsız şəkildə nümayiş etdirir. Rəsmi Paris qərəzli, ədalətsiz mövqeyi, qəbul etdiyi absurd qərarları ilə Azərbaycana təzyiq göstərməyə çalışır. Bununla da Fransanın diktəsi ilə Ermənistan və onun havadarları olan bir çox  ölkələr sanki çalışırlar ki, sülh müqaviləsinin imzalanması prosesini növbəti 30 ilədək uzatsınlar. Məhz bu səbəbdən də Vətən müharibəsi və ondan sonrakı dövrdə Fransa Azərbaycana qarşı BMT-nin Təhlükəsizlik Şurasında bir neçə dəfə qətnamə qəbul olunmasını müzakirələrə çıxarmaq üçün cəhdlər göstərib. Ancaq  bu cəhdlərin heç biri uğurla nəticələnməyib. Bu gün Avropa Şurası da, onun parlamenti də, bu addımları ilə öz maraqlarına xidmət edən Fransa, Almaniya kimi dövlətlərin alətinə çevrildiyini göstərməklə, əslində oyuncaq təsisat olduğunu bir daha sübut etdi.  Paris özünün əlində olan bütün Avropa təsisatlarına Azərbaycan əleyhinə qərarlar, qətnamələr qəbul etdirməklə, mətbuatda Azərbaycan əleyhinə yazılar dərc etdirməklə, eyni zamanda hərbçilərini və bununla paralel silah-sursatını Ermənistana göndərməklə vəziyyəti gərginləşdirməyə çalışır. Təkcə Fransa deyil,  eyni zamanda, onun göstərişi ilə oturub-duran bir çox ölkələr də analoji hərəkəti edirlər. O cümlədən Hindistan da bu yolu tutub. Rəsmi Paris hazırda Ermənistana hücum silahlarının tədarükünü Hindistan üzərindən həyata keçirir. Hindistanın Ermənistana göndərdiyi “Trayan” özüyeriyən artilleriya sistemləri Fransanın siyasi dəstəyi və maliyyəsi hesabına həll edilib. Bu sistemlər Fransanın “Nexter Systems” şirkətinin Hindistandakı tərəfdaşları ilə birgə hazırlanır. Fransa silahların verilməsi ilə yanaşı, təlimlər adı ilə  Ermənistan ordusunda kadr hazırlığını da həyata keçirməyə cəhdlər edir. Fransanın bu siyasəti Cənubi Qafqazda gərginlik riskini artırmaqla yanaşı, hərbi sahədə yeni “dayaq” tapan Ermənistanı sülh danışıqlarında tələblər irəli sürməyə və prosesi uzatmağa da sövq edir.

 Təəssüf doğuran hal ondan ibarətdir ki, Qərb qurumları Ermənistana əlavə silahların verilməsinə göz yumur. Qərbin söz sahibi olan nüfuzlu qurumları, dövlətləri anlamaq istəmirlər ki, bu siyasət Ermənistanın aqressiv iddiaların güclənməsinə gətirib çıxaracaq və bütün regionun sabitliyini təhlükə altına salacaq. Ortada təcrübə də var. SSRİ dağıldıqdan sonra o dövr üçün ən müasir silahlarla təmin olunan Ermənistanın təxribatları Qafqazda bir milyona yaxın insanın ev-eşiyindən didərgin düşməsinə, Azərbaycan torpaqlarının işğalına gətirib çıxardı. İndi də Fransanın mövcud müqavilələr əsasında Ermənistana verməkdə olduğu silahlar regionda sabitliyə mənfi təsir edir və sülh prosesini çətinləşdirir. Qərb ölkələri anlamalıdırlar ki, Ermənistana əlavə silahlar vermək planı rəsmi Paris tərəfindən son dərəcə məsuliyyətsiz bir addımdır.

Göründüyü kimi, rəsmi Bakı dəfələrlə Parisi Ermənistanı silahlandırmaqdan çəkinməyə çağırıb. Prezident İlham Əliyev MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin 53-cü iclası zamanı da Fransanı sərt tənqid edib. Prezident Emmanuel Makronun Azərbaycanın beynəlxalq hüquqla probleminin olması ilə bağlı fikrinin isə sadəcə gülüş doğurduğunu bəyan edib. Ən acınacaqlısı isə odur ki, bu gün Avropa hələ də xaricə demokratiya ixracı adı altında ölkələrin daxili işlərinə müdaxilə edir, hakimiyyətlərin dəyişdirilməsinə çalışır. Onlar sözdə dünyada sülhə çağırış etsələr də əslində Ukraynada və Qəzzada başlayan müharibələrin başa çatmasına, atəşkəs elan olunmasına birbaşa mane olurlar.  Ancaq, haradaki xalqla iqtidar birliyi var orada onların avantürası baş tutmur. Necə ki, bu oyunu dəfələrlə ölkəmizə qarşı oynasalar da planları iflasa uğramışdır.

Bu gün Azərbaycanla güc yolu, təzyiq və şantaj vasitəsilə danışmağın perspektivi yoxdur. Dövlətimizin yürütdüyü siyasət sivil dünyanın qəbul etdiyi, beynəlxalq hüquqa və təcrübəyə əsaslanan, hamılıqla qəbul edilən prinsiplərə əsaslanır. Həm də bilirik ki, bizi “soyqırımı”, “sürgün” və “təcavüz” törətməkdə ittiham edən ölkələr uzun illərdir milyonlarla insanı qətlə yetirən, soyqırımları həyata keçirən, dövlətlərin daxili işlərinə qarışan, onları istismar edən, neokolonilizim siyasəti aparan dövlətlərdir. Azərbaycanın BMT-nin 4 mühüm qətnaməsini özü təkbaşına icra etməklə Qarabağı işğalçılardan azad etməsini rəsmi Paris alqışlamaq əvəzinə beynəlxalq hüquqa qarşı kampaniya aparır.

Şəmsiyyə Əliqızı, “İki sahil”