13 avqust 2024 16:50
396

Xarici siyasətimizin prioriteti - Türk dünyasının birliyi

Türk dünyasının birliyi dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısı İlham Əliyev  yeni dövrün hədəflərini açıqlayarkən bu mühüm çağırışı xüsusi qeyd etdi ki,  bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və  siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir: «Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.»

Azərbaycan hər zaman bu birliyin, həmrəyliyin möhkəmləndirilməsinə töhfələr verir. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Qazaxıstan Prezidentinin dəvəti ilə bu ölkədə səfərdə oldu, Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etdi.  Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri  yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Təsadüfi deyil ki, son 2-3 il ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Cənab İlham Əliyev tədbirdəki çıxışında bu məqama diqqət yönəldərək bildirdi ki, bu səfər  son iki ildə  Mərkəzi Asiya ölkələrinə 16-cı səfəridir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Prezdientlərinin  Azərbaycana ümumilikdə 15 dəfə səfəri olub.  Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Cənab İlham Əliyev, həmçinin  Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirakına görə  Qazaxıstan Prezidentinə təşəkkür etdi, diqqəti ötən il Tacikistan Prezidenti Emoməli  Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirakına yönəltdi. Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, onun müxtəlif regionlar arasında rolu bundan sonra da davam edəcək. Dövlət başçısı İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.

Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri  nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Tədbir bu sahədə də mövcud imkanlarımıza işıq saldı. Bildirildi ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.

Mərkəzi Asiya dövlətləri  yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər.  Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Cənab İlham Əliyev bu reallığı bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirildi. 

Göründüyü kimi, tərəflər əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışırlar. Onu da qeyd edək ki,  Astanada keçirilən tədbirdə diqqət yenə də ölkəmizin ev sahibliyi edəcəyi mötəbər tədbirə-COP29-a yönəldildi. Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olan bu tədbir yeni əməkdaşlıq  formatlarının yaradılmasına stimul olacaq. Cənab İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Ölkəmiz COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirir.

Gülər Kərimova,
​​YAP Şabran rayon təşkilatının məsləhətçisi