13 avqust 2024 16:30
565

Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təqdimatıdır

Azərbaycanın xarici siyasətində türk dünyasının birliyi prioritet məsələ kimi öndə dayanır. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz birlikdə güclüyük. Təhlillər əsasında bu fikir xüsusi qeyd edilir ki, tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə davamlı səfərlərinə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Hər bir sənəd münasibətlərin inkişafında  hüquqi bazadır. Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında bu məqam da xüsusi qeyd edilirdi ki, bir türkdilli dövlətin problemi digərinin problemi kimi qəbul olunmalı və birgə səylər göstərməlidirlər. Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlərin hər biri  Azərbaycanın keçmiş Qarabağ  münaqişəsi ilə bağlı haqlı mövqeyini hər zaman dəstəkləyib. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.

Bu mühüm reallığı da xüsusi qeyd etməliyik ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.

Dövlətimizin başçısı İlham Əliyev avqusun 9-da Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə  bu məqama xüsusi diqqət yönəltdi ki, qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri  nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Təsadüfi deyil ki, son 2-3 il ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Cənab İlham Əliyevin avqusun 8-də qazaxıstanlı həmkarının dəvəti ilə bu ölkəyə səfəri və  Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində  iştirakı  bunun bariz nümunəsidir.  Bu səfər cənab İlham Əliyevin son iki ildə Mərkəzi Asiya ölkələrinə 16-cı səfəridir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.

Dövlətimizin başçısı qeyd olunan görüşdə  onu da bildirdi ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirildi. Bütün bunlar  qardaşlıq dəstəyinin təqdimatıdır.

 Azərbaycan daim bu birliyin, həmrəyliyin möhkəmləndirilməsinə çalışır. İstər Türk Dövlətləri Təşkilatı daxilində, istərsə də ikitərəfli  əlaqələrdə bu birlik özünün aydın ifadəsini tapır. Türk dünyası böyük ailədir. Təşkilata üzv olan hər bir dövlət bu birliyin  möhkəmlənməsinə, təşkilatın beynəlxalq nüfuzunun artmasına öz töhfələrini verir. Azərbaycanın Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı baxışları aydındır. Qurumun gələcəyinə böyük inamla yanaşır. Cənab İlham Əliyev bu günlərdə 2-ci Şuşa Qlobal Media Forumundan bir daha  bu çağırışı etdi ki, bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır: “Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali - bütün bunları mən öz çıxışımda söylədim. Yəni, bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq.”

Abil Ağasəfov,
​YAP Qəbələ rayon təşkilatının sədri