13 avqust 2024 13:05
393

Azərbaycan Mərkəzi Asiya ölkələrilə münasibətlərini gücləndirir

Ortaq dil, din və tarixi əlaqələr münasibətlərin inkişaf etməsinə şərait yaradır. Avqustun 9-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Prezident İlham Əliyevin Qazaxıstana səfəri münasibətlərdə müşahidə olunan müsbət dinamikaya öz töhfəsini verməklə yanaşı, ölkəmizin dünyanın strateji əhəmiyyətli regionunda cərəyan edən proseslərdə mühüm rol oynayan vacib aktor olduğunu da təsdiqləyir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycan və Qazaxıstanı sıx müttəfiqlik əlaqələri ilə yanaşı, ortaq tarix, mədəniyyət və milli köklər bağlayır. Bu isə təbii olaraq qarşılıqlı əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb.

Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında çoxəsrlik əlaqələr ümumi mədəni irsin dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Müstəqillik əldə etdikdən sonra Mərkəzi Asiya ölkələri və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyərək həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə geniş əməkdaşlıq edirlər. Region ölkələri ilə Azərbaycan arasında tez-tez yüksək səviyyəli səfərlər gələcək əməkdaşlığın yeni istiqamətini nümayiş etdirir.

Hazırda Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyada yüksək liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı kimi qəbul olunur. Dövlətimiz Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq siyasət aparır, daim beynəlxalq həmrəyliyin güclənməsinə hesablanan təşəbbüslərlə çıxış edir. Dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına, “Avropa siyasi birliyi” Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir.   Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri Bakının diplomatik fəallığını nümayiş etdirməklə yanaşı, region ölkələri ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu da göstərir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana ümumilikdə 15 rəsmi səfəri region dövlətlərinin Bakının təşəbbüslərinə, iki mühüm bölgə arasında oynadığı strateji roluna verdikləri yüksək qiymətin nəticəsidir.

Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Bundan başqa, Azərbaycanla Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında investisiya layihələri fəal şəkildə həyata keçirilir, birgə investisiya fondları yaradılır. Bundan əlavə, Azərbaycan Qafqazın ən güclü iqtisadiyyatıdır, iqtisadi diversifikasiya siyasətini davam etdirir və buna görə də beynəlxalq arenada iştirakını genişləndirir. Mərkəzi Asiya regionu da bu siyasətin həyata keçirilməsində mühüm yer tutur.

Sammitdə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də “5+Azərbaycan” formatında regionda qarşılıqlı hərbi dəstək və əməkdaşlığın bütün aspektlərini əks etdirən yeni strateji sənədin - regional təhlükəsizlik və sabitliyin təmin edilməsi Konsepsiyası hazırlanmasını təklif etdi. Liderlərin çıxışları belə deməyə əsas verir ki, “5+Azərbaycan” formatı Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında təhlükəsizliyin artırılmasına verdiyi töhfəni gücləndirəcək. Mərkəzi Asiya dövlətləri də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. Bu il martın 12-də isə Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Açılış mərasimində Azərbaycan və Qazaxıstanın dövlət başçıları iştirak ediblər. 

Türkdilli dövlətlər arasında əlaqələrin inkişafında Azərbaycanın xüsusi rolu var. Dövlətimizin başçısı əlaqələrin inkişaf etdirilməsini prioritet hesab edir və iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də hər zaman bir-birini dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, TÜRKPA kimi təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq mövcuddur.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır.

Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının  sədri