13 avqust 2024 08:25
332

Mərkəzi Asiya ölkələri ilə strateji əməkdaşlığın yeni hədəfləri

Prezident İlham Əliyevin Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının görüşündə iştirakı Azərbaycanın SPECA ölkələri ilə əlaqələrinin yeni mərhələsidir

Prezident İlham Əliyevin nüfuzlu tədbirlərdə iştirakı Azərbaycan diplomatiyasına yazılan uğur səhifələridir. Əlverişli geosiyasi ərazidə yerləşən, bölgənin siyasi, iqtisadi hərbi qüdrəti ilə seçilən ölkəsi kimi tanınan Azərbaycan dünya birliyinin fəal üzvü olaraq beynəlxalq mövqeyini gücləndirir. Milli maraqlarımıza, dövlətçilik mənafeyinə uyğun təkmilləşən ölkəmizin daxili və xarici siyasətinin qlobal məkanda dəstəklənməsi, Azərbaycanın müəllifliyi ilə reallaşan enerji və nəqliyyat layihələrinə marağın artması, regionda sülhün və təhlükəsizliyin təminatı üçün göstərdiyi qətiyyət, irəli sürdüyü təşəbbüslərin hədəfə düzgün istiqamətləndirilməsi respublikamızın dünya siyasətinə artan təsir imkanlarının nəticəsidir.

«Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır» sözləri ilə Türk Dövlətləri Təşkilatının (TDT) daha da güclənməsi naminə qətiyyət göstərən Prezident İlham Əliyev qurumun beynəlxalq münasibətlər sistemində fəallığının artması üçün bütün imkanlardan səmərəli istifadə edir. Türkiyə ilə Azərbaycanın birliyi sayəsində əbədi sarsılmazlıq simvolu adın qazanan, keyfiyyətcə yeni mərhələ üzrə daha da güclənən, türk birliyinin təkcə müstəqil türk dövlətlərindən ibarət olmadığını, cografi sərhədlərinin genişləndiyini qətiyyətlə söyləyən Prezident İlham Əliyev türkçülük ideyasını əbədiyyət rəmzi kimi dəyərləndirir. Qardaş ölkədə, Türkiyədə baş verən, «əsrin fəlakəti» adlandırılan dəhşətli zəlzələdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü qardaşlıq, həmrəylik nümunəsi kimi tarixə yazıldı. Bütün dünya bir həqiqətə şahidlik etdi: «Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım»” mövzusuna həsr edilən, qardaş ölkə ilə birlik nümunəsi olan Zirvə görüşü TDT daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına yönələn həmrəylik platformasıdır.

Zirvə görüşündə Ankara Bəyannaməsinin, mülki müdafiə mexanizminin qurulmasına dair Protokolun imzalanması, «Türk Dünyasına Baxış: 2040»” sənədinə uyğun təşkilatın vəzifələrinin müəyyənləşdirilməsi ikitərəfli və çoxtərəfli əməkdaşlığın və koordinasiyanın zəruriliyini aktuallaşdırdı.Tarixi sənədlərdə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyinin ön planda göstərilməsi təsdiqlədi ki, qlobal dünyamızda artan risklərin qarşısı yalnız birlik və həmrəyliyin gücü ilə alına bilər. Türkiyəni, Azərbaycanı, Qazaxıstanı, qurumda məşvərətçi səslə təmsil olunan Özbəkistanı, Türkmənistanı, Qırğızıstanı, Macarıstanı vahid platformada birləşdirən TDT-yə Şimali Kipr Türk Cümhuriyyətinin də qoşulması təşkilatın mövqeyini gücləndirməklə coğrafiyasını da genişləndirir.

TDT-nin Şuşada keçirilən , türkçülük ideyasının birlik, həmrəylik, bərabərlik platforması adlandırılan qeyri-rəsmi Zirvə görüşü, qəbul edilən Qarabağ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının sülhə çağırış, konstruktiv dialoq tribunası olduğunu göstərdi. «Bizim coğrafiyamız Avropadan Şərqi Asiyaya qədər uzanan ərazini əhatə edir. Bizim istifadə edə biləcəyimiz müəyyən infrastruktur var və biz ondan istifadə edirik. Şərq-Qərb marşrutu boyu dostluq mühiti var, niyə səylərimizi səfərbər etməyək ki?» söyləyən Prezident İlham Əliyevin əlavə, məntiqli sözləri TDT-yə fərqli , qərəzli yanaşmalara tutarlı cavab oldu: «Hazırda biz NATO-ya bənzər təsisatın yaradılması haqqında danışmırıq. İlkin mərhələdə birgə təhlükəsizliyimizin hansı şəkildə təmin edilməsi ilə bağlı konsensus olmalıdır. Bunun üçün bütün ölkələrin razılığı olmalıdır. Mən, sadəcə, Azərbaycanın mövqeyini ifadə etdim. Sual versəniz ki, bununla bağlı hansı əlavə ideyalar var, deyə bilərəm, biz müdafiə və müdafiə sənayesi sahələrində daha sıx əməkdaşlıq etməliyik, birgə istehsal, birgə təlimlər keçirməliyik və sərhədlərimizin qorunması üçün birgə səylər göstərməliyik. Türk Dövlətləri Təşkilatı ölkələrinin milli təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi baxımından bunlara nail olmaq üçün yol xəritəsi hazırlanmalıdır. Zənnimcə, bu, praktiki baxımdan faydalı ola bilər və hər bir ölkə vahid amal naminə öz töhfəsini verə bilər. Əlbəttə, bu, hələ ki, ilkin mərhələdir. Mənim sonuncu Zirvə toplantısında dediklərim həmkarlarıma mesaj idi. Məsləhətləşmələr prosesində bəlli olacaq ki, biz bu işdə haraya qədər gedə bilərik. Mən haraya qədər gedə biləcəyimizlə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Hesab edirəm, bu mövqe təkcə son illər bizim əldə etdiyimiz təcrübə deyil, həm də regionda və dünyada proqnozlaşdırıla bilinməyən vəziyyətdən irəli gəlir.»

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyevin dövlət başçıları ilə keçirdiyi görüşlərdə Azərbaycanın multilateralizmə verdiyi dəstək, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi yüksək dəyərləndirildi. Respublikamızın COP29- a sədrliyinin də Azərbaycanın uğuru ilə başa çatacağına əminlik ifadə edildi. Azərbaycanla Çinin qlobal nəqliyyat dəhlizinin önəmli hissəsi olduqları bildirildi. Prezident İlham Əliyev ölkəmizin ŞƏT ilə əməkdaşlığından məmnunluğunu çatdırmaqla BRICS-lə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) əlaqələrin inkişafına yaxından dəstək verdiyinə görə Çinə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Sammiti 2026-cı ildə Azərbaycanda keçiriləcək. Bununla bağlı Azərbaycan ilə Çin arasında əməkdaşlıq məsələləri daha da genişləndiriləcək. Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında» Birgə Bəyannamə”nin qəbulu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Sammitinə hazırlıq mərhələsi kimi dəyərləndirildi.

Bu günlərdə dövlət başçımızın Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya VƏ Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirakı Azərbaycanın Mərkəzi Asiya ölkələri (SPECA) ilə əlaqələrinin yeni mərhələsi kimi dəyərləndirilir. Son illərdə ölkəmizlə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişlənməsi, dostluq və qardaşlıq münasibətlərinin inkişafı diplomatiyamızın şaxələnən və dəstəklənən uğurlarının nəticəsidir.

Dövlət başçımız İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə etdiyi 16 rəsmi səfərin hər biri qarşılıqlı münasibətlərin inkişafının göstəricisidir. Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün tarixi, strateji əhəmiyyətə malik, vahid tarixi-mədəni, coğrafi region olduğu bir daha təsdiqlənir. Ötən ay Qazaxıstanda Azərbaycanın da iştirak etdiyi «Birləşdik-2024»” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi bu birliyin genişlənən əhatəsinin ifadəsidir. Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları hərbi əməkdaşlıq sahəsində münasibətlərin inkişafının vacib göstəricisidir. Bundan əlavə, Azərbaycan bərpaolunan enerji, nəqliyyat-tranzit sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır.

Astana görüşü əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına növbəti təkandır. Görüşdə qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə dəstək olan məntiqli çıxışı ilə diqqəti cəlb edən Prezident İlham Əliyev Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ildə Mərkəzi Asiya ölkələrinin xalqımıza qardaşlıq dəstəyini yüksək dəyərləndirdi. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində dost ölkələrin iştirakını həmrəylik rəmzi adlandırdı: «Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm.»

Dünyada artan təhdid və çağırışlar, enerjiyə artan tələbat ölkələr arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Gərgin məqamlarda dövlətlərarası birliyin hazırda daha vacib, aktual olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.

«Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır» sözləri ilə ölkələrarası investiya mübadiləsinin əhəmiyyətini «Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən «Rəqəmsal İpək Yolu»” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir» sözləri ilə ifadə edən, qarşıdakı illərdə daha mühüm layihələrin icrasına nail olunacağını inamla bildirən dövlət başçımızın çağırışları Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionu arasında əməkdaşlıq xəritəsi idi.

Xatırladaq ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Azərbaycan SPECA-ya 2002-ci ildə qoşulub və fəal üzvlərdəndir. Belə ki, SPECA İdarəetmə Şurasının və İqtisadi Forumunun 1-ci iclası Bakıda keçirilib və 2016-cı ildə Azərbaycan quruma sədrlik edib.

Ötən ilin noyabrında SPECA-nın 25-ci ildönümü münasibətilə Azərbaycanda keçirilən Zirvə görüşündə çıxış edən, sabitlik olmadan iqtisadi inkişafın mümkün olmadığını diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur: «Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.»

SPECA həftəsi ərzində Bakıda keçirilən iqtisadi forum biznes əlaqələrinin inkişafına töhfə verdiyi kimi, təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir. Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Başqa sözlə, Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Dövlət başçımızın Qazaxıstan səfəri bir daha göstərdi ki, Azərbaycan iqtisadi inkişafının davamlılığında , dayanıqlı olmasında, 80 milyondan çox əhaliyə və 3 milyon 882 min kvadratkilometr əraziyə malik Mərkəzi Asiya respublikaları ilə əməkdaşlıqda maraqlıdır. Bunu əsaslandıran başlıca amil bu regionun qlobal siyasətdə nüfuzunun artması və böyük iqtisadi potensialın olmasıdır. Region dövlətləri olan Çin və digər Cənub-Şərqi Asiya ölkələri ilə Qafqazın lider ölkəsi, tranzit yollara və beynəlxalq marşrutlara nəzarət etmək imkanına malik Azərbaycanla Türkiyə Avropa arasında körpü rolunu oynayır. Mərkəzi Asiya respublikaları Azərbaycan vasitəsilə yalnız Çinlə Avropa arasında tranzit rolunu oynamır, eyni zamanda, özlərinin ixrac potensialını da reallaşdırmaq imkanındadır. Bu cür əlaqələr rəsmi Bakı ilə əməkdaşlıqla bağlıdır.

Mərkəzi Asiya ilə Azərbaycan arasındakı əməkdaşlıq yalnız tranzit daşımalarla yekunlaşmır. Artıq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) fəaliyyət göstərir və yüklər Azərbaycan vasitəsilə Avropaya çatdırılır. Növbəti mərhələ isə Mərkəzi Asiya respublikalarında istehsal olunan alternativ enerjinin Azərbaycan ərazisindən Avropaya ixracını təmin etməkdən ibarətdir. Qara dənizin dibi ilə Şərqi Avropaya elektrik enerjisinin ixracını həyata keçirməklə Azərbaycan yenə də mühüm tranzit ölkə olacaq.

Beləliklə, Azərbaycan Mərkəzi Asiyadan yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmasında iştirak etməklə yanaşı, həm də bu regionda istehsal olunan alternativ enerjinin Avropaya nəqlində əhəmiyyətli tranzit ölkə kimi çıxış edəcək. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində yürütdüyü siyasət ölkəmizin milli maraqlarına cavab verməklə, milli iqtisadiyyatın daha da inkişafına və posneft dövrünə hazırlığın əsasıdır.

«Bu gün nəqliyyat, energetika, ticarət, mədəniyyət sahələrində və digər sahələrdə çox geniş əlaqələr var. Bu gün təhlükəsizliklə, hərbi, hərbi-texniki sahə və təhlükəsizliklə bağlı olan digər sahələr də mütləq diqqət mərkəzində olmalıdır» söyləyən Prezident İlham Əliyev öz haqqını ədalət, güc yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll edən Azərbaycanın təcrübəsini beynəlxalq səviyyədə ən mükəmməl seçim adlandırır. Dünya siyasətinin masasındakı əsl həqiqət dövlət başçımızın «Sənin gücün olmalıdır ki, öz haqqını müdafiə edə biləsən» sözlərində əks olunur. Böyük nüfuz qazanan Azərbaycanın bu qüdrətə malik olması təkzibolunmaz reallıqdır.

Xuraman İsmayılqızı, «İki sahil»