12 avqust 2024 23:39
390

Fransanın maskası düşmüş sifəti: Qərəz, ikili standartlar və...

Qərb və onun tabeliyində olan strukturlar üçün qərəz, ikili standartlar prioritet siyasət kimi qalmaqdadır. Görünən odur ki, İkinci Qarabağ müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqları ermənipərəst Qərb dairələri heç cür həzm edə bilmirlər. Separatizmə, işğalçı ölkəyə dəstək verən bu qüvvələr anlamırlar ki, regionda sülhə əngəl törədirlər.

Qərb strukturları və təşkilatlarının Azərbaycana qərəzli münasibətinə və ikili standartlara əsaslanan mövqe tutduqlarına dair istənilən qədər fakt mövcuddur. Əvvəla, Azərbaycan vaxtilə dəfələrlə işğaldan azad olunan torpaqlarına UNESCO və digər BMT institutlarını dəvət etsə də heç biri gəlmək istəməyib. Onlar Ermənistanın 30 illik işğal dövründə torpaqlarımızda törətdikləri vandalizmi öz gözləri ilə görməkdən imtina ediblər. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarması barədə dörd qətnamə qəbul etsə də işğalçı ölkə 27 il həmin sənədlərin bir bəndini belə yerinə yetirməyib. Əksinə, rəsmi İrəvan işğal etdiyi Azərbaycan torpaqlarında talanlar, süni məskunlaşdırma, təbii sərvətlərin qarət olunması, mədəni, tarixi, dini abidələrin dağıdılması və başqa cinayətkar əməllər törədib.

Təəssüf ki, Ermənistan 30 illik işğal zamanı BMT-ni ölkə ərazisinə buraxmadığı halda, ona qarşı heç bir sanksiya və qətnamə qəbul edilməyib. Bu məsələlərdə də açıq diskriminasiya hökm sürür. Qərb dövlətləri və beynəlxalq institutlar hazırda Ermənistan ərazisi olan əzəli Azərbaycan torpaqlarında - Qərbi Azərbaycanda xalqımıza məxsus mədəni və tarixi irsin məhv edilməsinin qarşısının alınması, qalan irsin qoruması, qaçqınların geriyə dönüşü barədə Azərbaycanın təkliflərini də nəzərə almayıblar. Əvəzində isə xristian təəssübkeşliyindən çıxış edib, qərəzli və böhtan dolu dinləmə keçirməyə üstünlük veriblər.

Bu gün Avropanın insan hüquq və azadlığı prinsiplərinə barmaqarası yanaşması, haqq-ədalətin deyil, korporativ cılız maraqların köləsinə çevrilməsi, korrupsiya və rüşvət bataqlığında boğulması, hətta beynəlxalq təsisatlarının belə adının çirkli pulların yuyulmasında hallanması, silah və zoru danışıqlar və sülhdən daha önə daşımaq arzusu “qoca qitə”də ali dəyərlərin zərrə qədər də qiymətləndirilmədiyini göstərir.

Xüsusilə bu gün Fransa Azərbaycanla münasibətləri gərginləşdirən addımlar atmağa davam edir.  Bunun əsas səbəbi Fransa hakimiyyətinin Cənubi Qafqaz siyasətindəki yanaşmaları və xüsusilə Azərbaycanın regiondakı yeni reallıqlarına qarşı qəbul edilməz  mövqeyidir. Fransa regiondakı yeni vəziyyəti tanımaq və ona uyğunlaşmaq əvəzinə, Ermənistanı dəstəkləyən və Azərbaycanın haqlı maraqlarına qarşı duran bir siyasət yürüdür. Fransa bu ölkəyə öldürücü silahlar tədarük edir. Yenə də Fransanın vasitəçiliyi ilə Ermənistan Hindistandan silahlar alır. Afrikada və dünyanın başqa yerlərində müstəmləkəçilik siyasəti iflasa uğrayan Fransa hazırda Cənubi Qafqazı növbəti hədəf kimi görür. Parisin Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi Emmanuel Makron hakimiyyətinin bədxah niyyətini göstərir. Fransanın bu davranışları Cənubi Qafqazda yeni eskalasiya riskini artırmaqla yanaşı, beynəlxalq səviyyədə təhlükəsizliyə xələl gətirir. Özünü demokratik ölkə kimi qələmə verən Fransa üçün görünür nə regionun, nə də dünyanın təhlükəsizliyi heç bir əhəmiyyət kəsb etmir. Çünki Fransa işğalçı, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən bir dövlətə - Ermənistana hərbi, siyasi dəstək verir.

Fransa rəsmilərinin, o cümlədən bu ölkənin Ermənistandakı səfiri Olivye Dekotinin, Azərbaycanın maraqlarını nəzərə almayan açıqlamaları olan gərginliyin bir başqa göstəricisidir. Dekotin bu  yaxınlarda Qarabağdan köçmüş ermənilərinin öz evlərinə qayıtmaq hüququ haqqında danışıb. Səfirin sözlərinə görə, Qarabağdan köçmüş ermənilər geri qayıtmaq hüququ da daxil olmaqla, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən tanınan hüquqlara malikdirlər. Amma Fransız diplomat azərbaycanlıların öz tarixi torpaqlarına - Zəngəzura, İrəvana, Göyçəyə qayıtmaq hüququ barədə bir kəlmə də deməyib. Qərbi Azərbaycan, azərbaycanlıların tarixən  yaşadıqları ərazilərdir. Ermənilər isə Qarabağa sonradan köçürülüblər. Digər tərəfdən, öz yurdlarından zorla qovulan azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı da beynəlxalq hüquqla tənzimlənir. Rəsmi Paris isə bütün bunları görməzdən gəlməklə, Ermənistanı destruktiv mövqeyə təhrik etməkdən əl çəkmir. Qərbi Azərbaycan İcmasının (QAİ) avqustun 10-da yaydığı bəyanatda Fransadan irqi ayrı-seçkiliyə əsaslanan siyasətdən əl çəkmək, rasional davranış sərgiləmək və diplomatik normaların minimal tələblərinə əməl etmək tələb olunub.

Qeyd edilib ki, artıq bir neçə ildir Fransa Azərbaycana qarşı qeyri-dost yanaşmasını açıq şəkildə göstərir. Təəssüf ki, bu qeyri-rasional yanaşma Fransanın dövlət siyasətinə çevrilib. Bu mənada Fransa rəsmilərinin anti-Azərbaycan bəyanatları və addımları təəccüb doğurmur. Lakin Fransa rəsmilərinin içərisində bəziləri vardır ki, onların davranışları bütün əndazələri aşır. Onlardan biri bu ölkənin Ermənistandakı səfiridir. Bu şəxs informasiya məkanında tamamilə qeyri-adekvat davranır və diplomatiyanın prinsiplərinə, etiketə və ümumi əxlaq normalarına uyğun olmayan, uşaqcasına hərəkətləri ilə yeri gəldi-gəlmədi Azərbaycana replikalar atır. Bu şəxsin, ümumiyyətlə, hansı vəzifəni daşıdığını dərk etdiyi şübhə doğurur. Ciddi diplomatik ənənələrə malik böyük dövlət olduğunu iddia edən Fransanın səfiri titulunu daşıyan şəxs özünü marginal, uğursuz erməni radikal millətçisi kimi aparır.

Fransa səfirinin bu davranışı nəinki bu dövlətin keçmiş diplomatik ənənələrindən uzaqlaşdığını, eyni zamanda, bu ölkənin dövlət idarəetməsinin cılız, acınacaqlı duruma düşdüyünü göstərir.

Bu, Dekotinin  ilk belə açıqlaması deyil. Diplomat bundan əvvəl də dəfələrlə qeyri-adekvat mövqe ifadələri ilə əslində Fransanın Azərbaycanla bağlı qərəzli mövqeyini ifşa edib. Məsələn, səfir bundan əvvəl Ermənistanın Qazaxın dörd kəndini  Azərbaycana güzəştə getdiyini və indi də buna uyğun olaraq, rəsmi Bakıdan güzəşt gözlənildiyini demişdi.

Şübhəsiz bu cür davranışlar Fransa dövlətinin Cənubi Qafqazda qərəzli və qeyri-obyektiv bir mövqe tutduğunu göstərir. Nəticə olaraq, Fransa ilə Azərbaycan arasındakı münasibətlər Makron hakimiyyəti dövründə özünün ən aşağı səviyyəsinə enmişdir. Azərbaycanla Fransa arasında yaranmış bu gərginlik, yalnız iki ölkə arasındakı münasibətlərə deyil, həm də bölgədəki ümumi sülh prosesinə mənfi təsir göstərir.

Nigar Orucova, “İki sahil”